Dövlət başçısı İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirdiyi hər bir fikir gələcəyə çağırışdır
“Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən söylədiyi bu fikirlərdən 3 ilə yaxın vaxt keçir. Ötən bu dövr işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Azərbaycanın döyünən ürəyi Şuşanın da həyatında genişmiqyaslı bərpa-quruculuq işləri ilə xarakterizə edilir. Cənab İlham Əliyev hələ 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində bu fikri xüsusi qeyd edirdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Bu çağırış həmin dövrdə hədəfin nədən ibarət olduğunu açıqladı.
Tarixi Zəfərimizdən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, hər zaman 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarından, 44 gündə 30 ilin işğalına son qoyulmasından böyük qürurla bəhs edirik. Azərbaycanın vətənpərvər, torpağını, Vətənini canından artıq sevən gəncləri torpaqlarımızı mənfur düşməndən təmizlədi, tarixi ədaləti bərpa etdi. Dastana çevrilən Şuşa əməliyyatı bu gün də dünyanın hərbi ekspertləri tərəfindən təhlil edilir, öyrənilir. Azərbaycan hərb tarixində də ilkə imza atdı. Müasir texnologiyaları özündə əks etdirən müharibə taktikası, son iki ildən artıq dövrdə təkmil dirçəliş modeli bir daha imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın türk dünyasının mədəniyyət paytaxtı Şuşaya səfərlərinin say tərkibi genişdir. Cənab İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə xalqa müraciətini də məhz Şuşadan etdi. “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam” söyləyən dövlət başçısı bildirdi ki, Şuşa Zəfərimizin rəmzi, tacıdır. Şuşa işğaldan azad olunanda bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır: “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı.”
Həmin ərəfədə mayın 2-dən 10-dək Qarabağ və Şərqi Zəngəzurda olan dövlət başçısı İlham Əliyev 10 kəndin təməlinin qoyulmasında iştirak etdi. Bir sıra sosial obyektlərin açılış mərasimi oldu. Prezident İlham Əliyev, eyni zamanda, bəzi sosial obyektlərdə görülən işlərlə tanış oldu. Cənab İlham Əliyev bildirdi ki,Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır.
Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Şuşa iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Azərbaycan mütəmadi olaraq bu və ya digər sahələrdə mövcud çağırışları müzakirə etmək üçün tərəfdaşlarını, dostlarını Şuşada bir araya gətirir. Şuşadan dünyaya ünvanlanan hər mesaj ölkəmizin postmünaqişə dövrünün reallıqları fonunda beynəlxalq nüfuzunun artmasını nümayiş etdirir. Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır.
Ölkə Prezidenti İlham Əliyev iyulun 21-də Şuşaya növbəti səfəri çərçivəsində rayonun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış oldu, Daşaltı kəndində özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoydu. 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında və Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış oldu. Görülən işlər təbii ki, qeyd olunanlarla məhdudlaşmır.
Əgər cənab İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra 16 noyabr 2020-ci ildə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri Füzuli-Şuşa yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməlinin qoyulması ilə yadda qalmışdısa, artıq bu gün onların istifadəyə verilməsi ilə yanaşı, digər tarixi məqamların da yaşandığını böyük qürur hissi ilə qeyd edirik. Qısa müddətdə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarını dünyaya açmaq Azərbaycan dövlətinin qətiyyətinin, iqtisadi imkanlarının təqdimatı oldu. Prezident İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduğumuz kimi, tarixi dədə-baba torpağımız olan Qarabağı, Şərqi Zəngəzuru da qısa müddətdə bərpa edəcəyik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən dövr ərzində də işğaldan azad edilmiş ərazilərimizə, o cümlədən Şuşaya davamlı səfərləri Böyük Qayıdış proqramının uğurlu icrasını təmin edir və artıq bu gün Zəngilanın Ağalı kəndinin ardınca Tərtərin Talış kəndinin və Laçın şəhərinin sakinlərini qarşılamasından bəhs edirik. Hər bir səfər mədəniyyət paytaxtımızın simasının sürətlə dəyişməsini, əvvəlki şan-şöhrətinin özünə qayıtmasını, ənənələrin bərpasını şərtləndirdi.
Cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə elə bir səfəri, eyni zamanda, elə bir müsahibəsi yoxdur ki, mədəniyyət paytaxtımızdan söz açmasın, onun dirçəldilməsinin vacibliyini bəyan etməsin. Bu, Şuşanın Azərbaycan xalqının, ölkə Prezidentinin ürəyində hansı uca zirvədə dayandığını nümayiş etdirir. Diqqət yetirsək görərik ki, hər bir bayram, tarixi günlərdə Şuşaya səfərlər edilir və buradan dünyaya, işğalçı dövlətə postmünaqişə dövrünün reallıqları ilə bağlı çağırışlar olunur. Dövlət başçısının çıxışlarında bu fakt da diqqətə çatdırılır ki, əslində, Şuşanın mədəni dirçəlişinin təməli hələ illər öncə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Onun 1982-ci ildə Şuşaya 2 dəfə səfər edərək Vaqifin məqbərəsinin, Poeziya Evinin açılışında və orada keçirilən Vaqif Poeziya Günlərində iştirak etməsi xalqımızın, şuşalıların yaddaşına ən xoş xatirələr kimi həkk olunub. Cənab İlham Əliyev 2021-ci ilin yanvarında ilk dəfə Şuşaya səfər edəndə həmin məqamları, həmçinin 39 il öncə Şuşaya səfərini xatırlamışdır. “Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü Ulu Öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı.”
Qeyd etdiyimiz kimi, torpaqlarımız öz tarixi sahiblərinə qayıtdı. Bundan sonra əsas məqsəd bu əraziləri yenidən bərpa etmək və qurmaqdır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu ərazilərdə təkmil, müasir idarəçilik sistemi yaradılır. O da məlumdur ki, cənab İlham Əliyevin Sərəncamı əsasında Prezidentin şəxsi nümayəndəliyi ilk olaraq Şuşada yaradılıb. Bərpa işlərinə yol-nəqliyyat infrastrukturunun yenilənməsindən başlanılması da təsadüfi deyil. Belə ki, hər bir bölgənin inkişafı öncə infrastruktur layihələrinin uğurlu icrasından başlanır. Prezident İlham Əliyev 2021-ci ilin 14 yanvarında Şuşaya Zəfər yolu ilə səfər edərək, bu tarixi missiyanın uğurlu təməlini qoydu. Həmin səfər zamanı dövlət başçısı illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhlarını şad etdi. Dahi şəxsiyyətlərimizin büstlərinin Şuşaya, öz əzəli torpaqlarına qaytarılması Qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi.
Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin «Şuşa İli» elan edilməsi Qarabağın tacının daha da dirçəlməsinə, bərpa və quruculuq işlərinin sürətinə, miqyasına təsirsiz olmadı. Bütün işğaldan azad edilmiş ərazilərimiz müasir dövrün tələbləri əsasında yenidən qurulur, dünya Azərbaycanın təqdim etdiyi yeniliklər sırasında “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin şahidinə çevrilir.
Bu gün mədəniyyət paytaxtımız Şuşa daha bir möhtəşəm tədbirə ev sahibliyi edir. Belə ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumu keçirilir. Tədbirə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.
Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Bugünədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhərinin müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya gətirməsi olduqca önəmli hadisədir. Hər bir ölkənin tərəqqisində, həqiqətlərinin təbliğində medianın rolunu nəzərə alsaq, postmünaqişə dövrünün reallıqlarını yaşadığımız hazırkı dövrdə belə bir mühüm tədbirin Şuşada keçirilməsi həm reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir, həm də dünyaya bir mesajdır. Dövlət başçısı İlham Əliyevin Qlobal Media Forumundakı çıxışı və bu beynəlxalq tədbirin iştirakçıları ilə görüşdə xarici media nümayəndələrini maraqlandıran suallara cavablarının hər biri gələcəkdə Azərbaycan reallıqlarının təbliğində və öyrənilməsində zəngin mənbə olacaq.
Qlobal Media Forumundakı çıxışında “Şuşa şəhəri bizim cəsarətimizin rəmzidir” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, Şuşada artıq bir neçə beynəlxalq tədbir, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri keçirildi. İşğal dövründə məqsədli şəkildə dağıdılmasına baxmayaraq, bu şəhər öz kimliyini qoruya bilib. Cənab İlham Əliyev Şuşa Qlobal Media Forumunun ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbir olduğunu bildirdi: “Şuşa rəsmi olaraq Azərbaycanın Mədəniyyət Paytaxtıdır və bizim qələbəmizin rəmzidir. Şuşa, eyni zamanda, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı.”
Bu gün də həqiqətlərimizin təbliği istiqamətində səylərimizi daha da artırmalıyıq. Azərbaycanın tarixi Zəfərini həzm etməyən dairələr ölkəmizə qarşı əsassız təbliğat aparır, həqiqətləri inkar etməyə çalışırlar. Bu əsassız təbliğatı faktlarla cavablandırmalıyıq. Təbii ki, bu işdə mətbuatın üzərinə böyük məsuliyyət düşür.
Dövlət başçısı İlham Əliyev Şuşa Qlobal Media Forumundakı çıxışında bu məqamı da xüsusi qeyd etdi ki, torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük: “Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir.”
Postmünaqişə dövrünün reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayan Şuşa Qlobal Media Forumunda dövlət başçısı İlham Əliyevin çıxışında səsləndirdiyi hər bir fikir bir mesaj, çağırışdır. Bu çağırışların yüksək səviyyədə cavablandırılması üçün birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirməliyik. Qarabağ, Şərqi Zəngəzur dirçəlir. İşğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri hər birimizdə böyük xoşbəxtlik hissi yaradır. Cənab İlham Əliyev sistemli şəkildə həyata keçiriləcək qayıdış prosesindən geniş bəhs edərək bu reallığı xüsusi qeyd etdi ki, bizim peşəkar kadrlarımız, eyni zamanda, təcrübəmiz var.
Yeganə Əliyeva, “İki sahil”
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə