21 iyul 2023 23:28
598

İranın bitib-tükənməyən Hayastan sevgisi

İranla Ermənistan arasında əlaqələr gündən-günə genişlənir. Artıq bu bir həqiqətdir ki, hazırda Ermənistan Qafqazda İran üçün mühüm ölkə hesab olunur. Şübhəsiz, bu əməkdaşlığın mərkəzində  hər şeydən əvvəl onların  ölkəmizə qarşı birgə fəaliyyəti dayanır. Təcavüzkar ölkəni dəstəkləməkdə davam edən İran Zəngəzur dəhlizinin açılmasına da maneələr törətmək üçün dəridən-qabıqdan çıxır. Elə bu günlərdə İranın sabiq xarici işlər naziri, hazırda bu ölkənin dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin “Tasnim” agentliyi üçün yazdığı məqaləsindəki açıqlamaları da bunu bir daha sübut edir.

Sabiq baş diplomat bildirib ki, hazırda Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizi məsələsi aktiv şəkildə gündəmə oturub. O, həmçinin vurğulayıb ki, İran dəhlizin açılmasına qarşıdır. Hətta bu məsələdə Rusiyanı da “diqqətli” olmağa çağırıb. Üstəlik, xəbərdarlıq edib ki, Qafqazda hər hansı kiçik səhlənkarlıq Rusiya və İranın maraqlarına zərbə vuracaq. Müxtəlif ölkələr və pis niyyətli tərəflər arasında işğal və rəqabət məkanına çevirəcək. Amma əslində o bu kimi açıqlamalarla, “məsləhətlərlə”, təcavüzkarı dəstəkləməklə Cənubu Qafqazda sülhün bərqərar olmasına, həmçının yaranmış problemlərin iki ölkə arasında, yəni, Azərbaycanla Ermənistan arasında həll edilməsinə imkan vermir.

Amma bu bir reallıqdır ki, İran istənilən qədər Ermənistana yardım etsə də, məlum Bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizi açılacaq. Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında bunu dəfələrlə vurğulayıb: “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir”. 

Artıq dünyanın mötəbər qurumları, həmçinin aparıcı ölkələr də dövlət başçımızı dəstəkləməkdədirlər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında  bu məqama toxunması dediklərimizin sübutudur. Şübhəsiz, həmin kommunikasiya xəttinin reallaşması ideyasının Avropa İttifaqının dəstəkləməsi, başqa sözlə desək, bu məsələdə rəsmi Bakı ilə ortaq maraqlara sahib olması kimi qiymətləndirmək olar. Bütün bunlar o deməkdir ki, Müzəffər Ali Baş Komandan kimi Qarabağ münaqişəsini həm hərbi, həm də diplomatik bacarığı ilə həll edən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını da reallığa çevirməkdədir. Digər tərəfdən, bu qurum yaxşı başa düşür ki, rəsmi Bakının regionda yeni nəqliyyat və enerji layihələri reallaşdırmaqda,  eyni zamanda etibarlı tərəfdaşlıqda misli-bərabəri yoxdur.

Qeyd edək ki, İranla Azərbaycan arasında münasibət­lər bu ilin yanvarında Azərbaycanın İran­dakı səfirliyinə silahlı basqından sonra  gərginlə­şib. Hadisədən sonra səfirliyimiz fəaliyyətini dayandırıb. Bundan başqa, martın sonunda Milli Məclisin deputatı Fazil Mustafanın həyatına sui-qəsd cəhdində İranın əli olduğunu məlum olub. Son aylar hüquq-mühafizə orqanları ölkədə İranın xeyrinə casusluq və təxribat fəaliyyətində ittiham olunan şəxslərin saxlanılması istiqamətində bir sıra əməliyyatlar həyata keçirib. Yeri gəlmişkən qeyd edək ki, rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi tə­limləri haqlı olaraq qeyri-dost addım kimi qiymətləndirib. Bu yaxınlarda isə İranın hərbi təyyarəsi Araz çayı yaxınlığında, iki ölkənin dövlət sər­hədinin  üstü ilə uçuş həyata keçirib.

Qvami Məhəbbətoğlu, “İki sahil”