22 iyul 2023 00:02
641

Azərbaycan mediasının inkişafında yeni mərhələ

Ölkəmizdə söz və mətbuat azadlığının həqiqi mənada təmin olunması heç şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoymuşdur. Müstəqil dövlətin ali rəhbəri kimi Heydər Əliyev Azərbaycanda medianın yeni tarixi rolunu və vəzifələrini müəyyənləşdirərək, onun inkişaf meyillərini dövlət himayəsi ilə əhatə etmişdir. Ümummilli Liderin söz və mətbuat azadlığının təmin olunması istiqamətində atdığı ən mühüm və tarixi addım senzuranın ləğv edilməsi ilə bağlıdır. Müstəqil media orqanlarının təsis edilməsinə törədilən əngəllərin aradan qaldırılması bu sahədə dirçəlişə səbəb oldu. Nəticədə Azərbaycanda söz və mətbuat azadlığı hər gün sürətlə inkişaf etməkdədir. Müharibə şəraitində olan ölkədə söz və ifadə azadlığının təmin olunması və daha da inkişaf etdirilməsi məhz həmin ideyalar zəminində yaradılmışdı. Sözgedən ideyalar əsasında dövlətin informasiya azadlığı və informasiya təhlükəsizliyi siyasətinin əsas vəzifələri, istiqamətləri, prioritetləri və resursları müəyyən edildi, nəzəri və praktiki əsasları yaradıldı. Azərbaycan hakimiyyəti bu istiqamətdə bir çox beynəlxalq təşkilatlarla və inkişaf etmiş demokratik ölkələrlə əməkdaşlıq edərək respublikada azad informasiya mühiti formalaşdırdı, ölkənin informasiya təhlükəsizliyinin təminatı mexanizmlərini bərqərar etdi.

Bu gün dünyada informasiya təhlükəsizliyinin təmin edilməsi, milli informasiyanın istehsalı, söz və ifadə azadlığının təmin olunması mühüm əhəmiyyət kəsb edən məsələlərdən hesab olunur. Bu baxımdan Azərbaycan mətbuatı informasiya mədəniyyətinin formalaşması, informasiya istehsalı və yayılması, eləcə də ümumi tərəqqinin təmin edilməsi işində  önəmli rol oynayır. Məhz bu səbədən medianın inkişafı, bu sahədə islahatların aparılması mütəmadi xarakter daşıyır. Sirr deyil ki, Azərbaycan mediası dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Buna baxmayaraq ümumi dövlət təhlükəsizliyinin önəmli tərkib hissəsi kimi cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində  islahatlar labüddür. Elə yeni qəbul edilən "Media haqqında" Qanun da bu amala xidmət edir. Təsadüdi deyil ki, mütəxəssislər "Media haqqında" Qanunun qəbulunu Azərbaycan mediasında yeni mərhələ kimi dəyərləndirirlər. Çünki sözügedən qanunda əksini tapmış müddəalar medianın inkişafı üçün yeni imkan və perspektivlər vəd edir.

Həmçinin Azərbaycan insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və  sazişlərə qoşulub. Ölkəmizdə kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti medianın müstəqil qurulması, azad  fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Məhz bunun nəticəsidir ki, hazırda ölkəmizdə yüzlərlə qəzet və jurnal, onlarla radio və televiziya  şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə  duran siyasi və ictimai təşkilatlara məxsusdur.

Fikir, söz və məlumat azadlığının, mətbuatın inkişafına dövlətin bilavasitə qayğısı və dəstəyi bu gün də davam etdirilir. Cəmiyyət bunu mətbuata göstərilən dövlət qayğısının ən müxtəlif təzahürlərində biri hesab edir.  Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarında jurnalist əməyini yüksək qiymətləndirdiyini bildirib. Təqdirəlayiq haldır ki, fikir, söz və məlumat azadlığının, ölkədə mətbuatın üstün səviyyəsi, bu sahəyə göstərilən diqqət və qayğı, şəxsən ölkə Prezidentinin mətbuata həssas münasibəti xarici mətbuatın da diqqətindən yayınmır. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti İlham Əliyev deyib: "Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır".

Artıq qətiyyətlə demək olar ki, Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.

Nigar Orucova “İki sahil”