Qondarma rejimin qondarma “prezidenti” Araik Arutyunyandan soruşublar ki, başladığı bu etiraz aksiyası ilə nəyə nail olmaq istəyir? O da separatçılara daha başqa yolun qalmadığını bildirməklə yanaşı, bacardığı qədər hər kəsə məktublar yazmaqda davam etdiyini söyləyib: “Cavab yoxdur, vəziyyət ağırdır. Ona görə də diqqəti bu yolla cəlb etmək qərarına gəldim”. Quldurbaşının sözlərindən belə anlaşılır ki, etiraz aksiyaları sadəcə, beynəlxalq ictimaiyyətin diqqətini çəkmək, bütün “dostları” aktiv və təcili hərəkətə keçməyə sövq etmək üçün əlavə vasitədir. Yeri gəlmişkən qeyd edək ki, “partiya sədri” kimi təqdim olunan Davit Qalstyan bildirib ki, seçilmiş mübarizə forması mənasız və əhəmiyyətsizdir: “Bu, sadəcə, imitasiyadır, amma real mübarizə deyil”. Xatırladaq ki, iyulun 14-də separatçı-revanşist hayların Xankəndidəki "Dirçəliş" meydanında başlanan etiraz aksiyası baş separatçı Araik Arutyunyanın təşəbbüsü ilə iyulun 19-dan çadırlarda oturaq aksiya ilə əvəzlənib.
Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin verdiyi məlumata görə, vəziyyət normal məcraya qayıtmasa, guya Araik “daha sərt addımlara” əl atacaq. Baş separatçıdan “sərt tədbirlər” dedikdə nəyi nəzərdə tutduğunu soruşublar. Lakin Arutyunyan təfərrüatları, yəni hansı avantüraya əl atacağını açıqlamayıb, sadəcə, başqa hərəkətlər planlaşdırdığını qeyd edib. Üstəlik, ərz edib ki, guya istənilən qərar “xalqla” birgə veriləcək. Xankəndidəki qondarma “parlamentin” qondarma “xarici əlaqələr komitəsinin sədri” Vahram Balayan isə bu istiqamətdə proseslər getdiyini gizlətməyib: “Bəzi proseslər gözə dəyməyə bilər, bəzi şeyləri gözləmək məcburiyyətindəyik”. Bununla da o, separatçıların yeni təxribatlara əl atacaqlarını istisna etməyib.
Amma görünən budur ki, Qarabağdakı separatçıların bir qismi sözün həqiqi mənasında, “mülki ermənilərdən” istifadə etməklə Azərbaycan tərəfinin Xankəndiyə humanitar yüklərin daşınması üçün təklif etdiyi, Qərb ölkələrinin də dəstəklədiyi Ağdam-Xankəndi yolunda da aksiya keçirirlər. Onlar yola beton piltələr düzərək barrikada qurublar və bildiriblər ki, humanitar yüklərin bu yoldan keçməsinə imkan verməyəcəklər. Həmin barrikadaların arxasında bir sıra sirli məqamların olması ehtimalı şübhəsizdir.
Bu anlaşılır ki, Araikin açıqlamaq istəmədiyi planların reallaşmasına erməni əsilli Rusiya vətəndaşı, Qarabağdakı separatçı dəstənin sabiq “dövlət naziri”, Kremlin uğursuz emissarı statusunu qazanan Ruben Vardanyan rəhbərlik edir. Şübhəsiz, bütün bunlarda Rusiya ilə yanaşı, “Qarabağ Azərbaycanın ərazisidir”, - deyən Ermənistanın baş naziri Nikol Paşinyanın, həmçinin onun digər havadarlarının əli vardır. Bu isə o deməkdir ki, Paşinyan hələ də kağız üzərində imzalamadığı bu sözləri sadəcə, özünü beynəlxalq aləmdə sülh tərəfdarı kimi göstərmək naminə deyib. Şübhəsiz, belə bir hiyləgər “taktika” onun erməni xislətindən irəli gəlir.
Göründüyü kimi, artıq separatçıların limiti tükənmək üzrədir. Digər tərəfdən, separatçıların Azərbaycanla qarşı-qarşıya dayanmaq gücü yoxdur. Üstəlik, onların iftiralarla dolu məktublarına cavab belə verilmir. Çünki dünya artıq kimin kim olduğunun fərqindədir. Separatçılar arasında mövcud durumla bağlı fikir ayrılığı da yaranıb. Hətta qondarma rejimin qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Babayan ərzaq təminatını Azərbaycanın həyata keçirməsinə etiraz etməyib. Qarabağ ermənilərinin əksəriyyəti də Azərbaycana reinteqrasiya arzusundadır. Bütün bunlar isə gözlənilən idi. Bu mənada artıq Araik oyundan kənar vəziyyətə düşüb desək, yanılmarıq. Olmaya çıxılmaz vəziyyətdə qalan baş separatçı bunu qanmır? Qanır, amma özünü qanmaz yerinə qoyub.
Bu məqamda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olarkən söylədiyi bu sözləri xatırlatmaq istərdik: “Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik”.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə