1990-cı il iyulun 22-də doğma ocağı Naxçıvana qayıdan Ulu Öndər Heydər Əliyev müəllifi olduğu Azərbaycanı bütün dünyada tanıtdı
Ulu Öndər Heydər Əliyevin dünyada tanınan siyasətçilərlə, dövlət xadimləri ilə müqayisə olunmayacaq qədər zəngin, daim öyrənilməyə ehtiyac duyulan həyatı, siyasi fəaliyyəti maraqlı, nümunə göstəriləcək qədər zəngindir. Təsadüfi deyil ki, bu dahinin tarixi şəxsiyyət olduğunu müasirləri kimi özündən sonrakı nəsillər də etiraf edirlər. Ağlı, zəkası, təcrübəsi ilə müasirlərindən fərqlənən Ulu Öndərin həyatında iz qoyan mühüm hadisələr çox olsa da, Ümummilli Liderin siyasi fəaliyyətinin dönüş nöqtələri olan bəzi məqamları xatırlatmaq yerinə düşər. İnsanlara inamı siyasi fəaliyyətinin əsas amili kimi daim diqqətdə saxlayan müdrik şəxsiyyət Heydər Əliyevi düşündürən «nə etməli» və «nədən başlamalı» suallarının əbədi cavabı, məntiqi nəticəsi «uğur» olmuşdur. Türk birliyinin, dünya azərbaycanlılarının əvəzolunmaz lideri Heydər Əliyevin şəxsində qələbə formulu özünün ən yüksək ifadəsini tapmışdır. Uinston Çörçilin bu sözləri sanki Ulu Öndərin həyat formulunda əbədiləşib: « Və bax, budur dərs: heç vaxt təslim olma… Heç vaxt, heç vaxt, heç vaxt… Heç nədə, kiçik və ya böyük, əhəmiyyətli və ya əhəmiyyətsiz- heç vaxt təslim olmayın, vicdanın hökmündən və yaxşı zövqdən başqa.»
Azərbaycana rəhbərliyinin sovetlər və müstəqillik dövründə respublikanı demokratiya, iqtisadi, siyasi islahatlar yolu ilə zirvələrə qaldıran Ulu Öndəri hər kəsdən fərqləndirən üçtünlüklər rəqibləri tərəfindən ona qarşı qısqanclıqla yanaşması, qarşısında əngəllər yaradıb. Ancaq bu dahinin zirvəsinə çatmaq istəyənlər heç vaxt niyyətlərinə çata bilməmişlər. Müdrik şəxsiyyət başqalarının gördüklərini hiss etsə də, müşahidələrini açıqlamağa qorxanlardan fərqli cəsarətə malik idi. Onun siyasi uzaqgörənliyindən qaynaqlanan düşüncələrində məzmunun inandırıcılığı ilə formanın publisistliyi vəhdət təşkil edirdi. Bu keyfiyyəti ilə seçilən , hadisələri dərin təhlil etmək təfəkkürünə malik Ulu Öndər sağlam cəmiyyətin inkişafına necə nail olmaq yollarını əvvəlcədən müəyyən edən dahi idi. Onun siyasi iradəsi, qabiliyyəti ilə müqayisədə özünün cılızlığını, savadsızlığını hər zaman hiss edən Sov. İKP. MK-nın baş katibi Mixail Qorbaçovun ölkəyə rəhbərlik etdiyi dövrdə « bizim ölkədə kommunizm eksperimenti, sosializm yolu özünü doğrultmadı, zorakılıqla yaranan və saxlanılan respublikaların ittifaqı süquta uğramaqdadır» sözlərini yalnız zəkası, dövlətçilik təcrübəsi ilə həmkarlarına nümunə olan fenomen Heydər Əliyev söyləyə bilərdi. Əqidəsini çəkinmədən əməli işində də doğruldan Ulu Öndər daim özünün açdığı cığırla irəliləməyə üstünlük vermişdir. Onunla eyni zamanda Kremldə çalışan, Ulu Öndərin taleyini yaşayan E.A. Şevardnadzedən, A.N. Yakovlevdən fərqli olaraq Ulu Öndər Sov. İKP sıralarından çıxmaq barədə müraciətini Mərkəzi Nəzarət Komissiyasına deyil, ilk təşkilata ünvanlamışdır.
Azərbaycana qarşı siyasi təcavüz olan 20 Yanvar hadisələrini antihumanist, konstitusiyaya və hüquqazidd hərəkət kimi ittiham edən Ulu Öndər bu cəsarətli ittihamından sonra Qorbaçovun tapşırığı əsasında ələbaxan «partiya publisistlərinin müəllifliyi» ilə müxtəlif KİV-lərdə başlanan çirkin, ideoloji təxribatları da təbii qəbul etdi. Özünə və yaxınlarına qarşı həcv dolu cızma-qaraların müəlliflərini Kremlin fitnə-fəsad mətbəxinin aciz və itaətkar qara fəhlələri adlandırdı. Onları «qaynar qazanları qarışdıran ağ papaqlı aşpazlar deyil», yuxarılarda tərtib edilən «siyasi menyular»ın korrektorları hesab edirdi. Nikolay Zenkoviçin « Heydər Əliyev:Tale yolları» kitabında vaxtıilə Mərkəzi Nəzarət Komitəsi sədrinin keçmiş müavini Mixail İvanoviç Kodinin açıqlamasından bir epizoda diqqət yetirək: «Deyilənə görə, ləkələyici materiallradan ibarət olan hansısa qovluq varmış. Yuxarılarda işə salıblarmış…Bircə bunu deyə bilərəm ki, yoxlama zamanı heç nə təsdiq edilməyib. Əliyevi sadəcə nüfuzdan salmaq istəyirdilər. Qorbaçovun ondan xoşu gəlmirdi. Siyasi Büronun digər üzvləri də baş katibə baxıb Əliyevə münasibətlərini dəyişirdilər.»
Ulu Öndəri millətçilikdə günahlandırmaq istəyənlərin ittihamları da özünü doğrultmadı. Hamı bilirdi ki, arzu olunmayan rəhbər işçiləri əvvəlcədən təşkil olunmuş məktublara istinad etməklə aradan götürmək Qorbaçovun iyrənc iş metodu idi. Baş katibi tanıyanların çoxunun söylədiklərinə görə Mixail Sergeyeviç intriqanın mahir ustası, əsl qrosmeysteri idi. Yuxarıda adı çəkilən kitabdakı bir epizod Qorbaçov üsul-idarəsinin məkrli mənzərəsini əks etdirir: « Qorbaçov aşkarlığı illərində acı bir zarafat dillərdə gəzirdi. Sual: milçəklə nazir arasında ümumi cəhət nədir» Cavab: «Hər ikisini qəzetlə vurub əzmək olar.» Yəni arzuedilməz xadimlərə qarşı kampaniyalar elə mətbuatdan başlanır. Ulu Öndərə qarşı aparılan kampaniyalar kimi.
Təbii ki, belə ədalətsizliyə tab gətirmək çətin idi. Ulu Öndərin fitnə-fəsad yuvası Kremldəki fəaliyyətinin xronikası belə idi: 1987-ci ilin oktyabrın 21-də Sov. İKP. MK-nın plenumunda Heydər Əliyev « sağlamlıq vəziyyətinə görə pensiyaya çıxması ilə əlaqədar olaraq» Siyasi Bürodan çıxarıldı. 1989-cu ilin aprelində MK-dan kənarlaşdırıldı. Yaşadığı çətin günlərin ağırlığına tab gətirməyən, dəfələrlə xəstələnən, Azərbaycanda yaşayan qardaşları belə gözümçıxdıya salınan artıq İttifaq əhəmiyyətli pensiyaçı Heydər Əliyev şərəfli və təmiz adı uğrunda mübarizəyə başladı.
Ulu Öndər 20 Yanvar qırğınından bir gün əvvəl- yanvarın 19-da, Kremlin «baş kommunisti» ermənipərəst Mixail Qorbaçovla gözlənilməz danışığını « 1987-ci ildən sonra ilk dəfə olaraq Qorbaçov mənə zəng etdi. Bizim çox kəskin danışığımız oldu… Qorbaçov dedi ki, Azərbaycanda vəziyyət qarışıqdır və bu qarışıqlıqda sən günahkarsan. Orada sovet hakimiyyətinin yıxılmasında guya mən günahkaram, buna görə də bu hərəkatın qarşısının alınması üçün məhz mən təcili tədbir görməliyəm. O, məni hədələdi ki, əgər mən bunu etməsəm, onlar bilirlər mənimlə nə edəcəklər, onlar onsuz da Azərbaycanda qayda-qanun yaradacaqlar, lakin günahkar mən olacağam. Mən ona çox kəskin cavablar verdim və bildirdim ki, bunlar hamısı iftiradır» bu sözləri ilə sonradan xatırladan müdrik siyasətçi Heydər Əliyevin «istefasından» sonra baş verənlər də təsdiqləyir ki, «Qarabağ məsələsi»nin başlanması üçün ermənilərin ən çox ehtiyat etdikləri qətiyyətli siyasətçi Heydər Əliyev Kremldən uzaqlaşdırılmalı idi.
Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən azad edilməsi barədəki qərarı özünə qarşı ədalətsizlik hesab edən Ulu Öndər «Vaşinqton post» qəzetinin Moskva müxbiri Devid Remnikin sualına belə cavab verib : « Əsl səbəb təkcə səhhətimlə bağlı deyildir. Hərçənd əlbəttə, mən həqiqətən xəstələnmişdim. Səbəblər odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən özümə qarşı qeyri-səmimi münasibət hiss edirdim. Bu, çox şeydə özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, işimdə heç bir qüsur görmürdüm. Qorbaçov isə subyektiv hisslərinin əsiri oldu, vəssəlam.» Ulu Öndər Siyasi Bürodan uzaqlaşdırıldıqdan 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadiyyat üzrə müşaviri, milliyyətcə erməni olan akademik Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında «Dağlıq Qarabağ Ermənistana verilməlidir» deməsi ilə erməni daşnakları illərdən bəri hazırladıqları planlarının icrasına başladılar.»
Rəqiblərindən fərqli olaraq müasirlərinin Ulu Öndər haqqında söylədikləri xoş sözlər yoldaşlarının öz aralarında «Mişa» adlandırdıqları Qorbaçovu daha da hiddətləndirirdi. Ulu Öndərin liderlik formulunun dünyada özünü doğrultduğunu təsdiqləyən amil isə tanınmış ictimai-siyasi xadimlərin Heydər Əliyev haqqında söylədikləri sözlər, siyasətinə verdikləri dəyərdir. «Mən görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirəcək və əbədi edəcəkdir. Heydər Əliyevin uzaqgörən siyasəti xalqı və ölkəni firavanlığa, sürətli inkişafa gətirib çıxaracaqdır» söyləyən tanınmış amerikalı siyasətçi Henri Kissincerin sözləri qorbaçovları məyus edirdi. «Kremldə sui-qəsdlər. Andropovdan Qorbaçova qədər» kitabının müəllifləri V. Solovyov və Y. Klepikova İttifaq miqyasında yüksək vəzifə tutan, fenomen biliyə malik Heydər Əliyevi belə xarakterizə etmişdilər: « Əliyev həqiqətən də Siyasi Bürodakı yoldaşlarının yeknəsəq çevrəsindən kəskin surətdə seçilirdi- özü də təkcə milliyyətinə görə yox.» Tanınmış telejurnalist Andrey Karaulov 1995-ci ildə yazırdı : « Əliyevin çox güclü, fantastik yaddaşı var. Bunu tam ciddi deyirəm: o öz yetmişillik həyatının hər bir gününü ən xırda detallarına qədər xatırlayır, hər şey onun yadındadır.»
Bu misalları səbəbsiz xatırlatmadım. Necə deyərlər, görünən dağın zirvəsinə çatmaq deyil, yaxınlaşmaq üçün heç olmasa bu yolun yarısına qədərki məsafədə görünənləri düzgün qiymətləndirmək həqiqətin etirafıdır.
14 iyul 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanı beynəlxalq aləmin subyekti kimi tanıtmağı qarşısına məqsəd qoyan və sözünün sahibi olan Ulu Öndərin Vətəninə dönməkdən başqa çarəsi yox idi. Amma Qorbaçovun tapşırığına əsasən ona Moskvanı tərk etməmək qadağası çatdırılmışdı. Özü haqqında söylənilən « Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir, Siyasi xadimlərin heç də hamısında –nə qədər çox istedadlı olsalar da ,- bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara- yeni dövlətlərin baniləri olacaq insanlara, dünyanı dəyişən iqtisadi və fəlsəfi təlimlərin yaradıcılarına, zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Heydər Əliyev , şübhəsiz bu böyük insanların sırasına daxildir» sözləri bütün çətinlikləri aşmaq qabilliyinə malik olması ilə bildirən Ulu Öndərin doğma yurduna, elinə- obasına bağlılığının qarşısını heç bir təhdid ala bilməzdi. Moskvanı tərk etməklə bu sahədə də Kremldəki rəqiblərinin bacarıqsızlıqlarını təsdiqləyən Ulu Öndər 1990-cı ilin 20 iyulunda min bir zəhmətlə qurub-yaratdığı Bakıya qayıtdı. Fərdi təqaüdçü Heydər Əliyevin Moskvanı tərk etməməsi üçün güclü nəzarətin, təzyiqlərin olmasına baxmayaraq, Ulu Öndərin doğma Vətəninə məhəbbət duyğuları bütün qadağalara qalib gəldi. Xatırladaq ki, təkcə Kreml deyil, Azərbaycanın o dövrdəki rəhbərliyi də bu qüdrətli şəxsiyyətin Bakıya dönüşünə qarşı idi.
1990- cı ilin 20 iyulunda doğma Vətənində «istənilməyən şəxs» kimi qarşılanan fərdi pensiyaçı Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının partiya strukturlarından Azərbaycan Kommunist Partiyasının XXXII qurultayına nümayəndə seçilməsi ilə yaranan toxunulmazlıqdan istifadə edərək ata-baba yurduna üz tuturdu.
1990-cı il iyul ayının 22-də Naxçıvana gələn Ulu Öndəri 100 mindən artıq həmyerlisi xilaskar kimi qarşıladı. Görüşdə həmyerlilərinə müraciət edən Ulu Öndərin nitqi tarixi dönüşün zəfər çağırışı idi: « Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm» söyləyən, Vətənini canından artıq sevən Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasına xalqının xeyir-duası ilə başladı. O missiya ki, yalnız muxtar respublikanın deyil, bütünlükdə Azərbaycanın müstəqilliyinin əbədiliyini şərtləndirdi.
Doğma yurdunda el ağsaqqalı, sonra deputat, nəhayət, Naxçıvan MR Ali Məclisinin Sədri kimi xalqın taleyüklü problemlərinin əsl mahiyyətini müdrikcəsinə dərk edib, çıxış yollarını müəyyənləşdirib, alternativ yollar axtaran Ulu Öndərin həyata keçirdiyi islahatların hər biri özlüyündə Azərbaycanın gələcək inkişafı üçün təməl idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990- cı ildə keçirilən sessiyasına deputat kimi sədrlik edən Heydər Əliyev bir müddət sonra söylədiyi «Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» sözlərinin real həyatda həlli üçün yaranan imkanlardan zəkasının qüdrəti ilə istifadə edərək düşüncələrini gerçəkləşdirdi. Həmin sessiyada «Naxçıvan MSSR»nin adından «sovet, sosialist»» sözlərinin çıxarılması, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının, himn və gerbinin bərpası barədə qərarın qəbulu o dövr üçün müdriklik, cəsarət tələb edirdi.
O illərdə görülən işləri inkişafımızın təməli adlandıran Prezident İlham Əliyevin bu sözləri daha xarakterikdir: « Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır.» Ulu Öndərin fəaliyyətinin Naxçıvan dövrünü əhatə edən illərdə ən böyük xidmətlərindən biri, diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərarın qəbulu idi. SSRİ-nin cənub sərhədlərini qoruyan sovet ordusunun hərbi arsenalı, silah-sursatı muxtar respublikada qalmaqla bütün ordu hissələrinin Naxçıvandan çıxarılmasına nail oldu. İlk Sərhəd Dəstəsi yaradıldı. O dövrdə Ulu Öndərin Azərbaycana böyük xidmətlərindən biri də respublikanın sərhədlərinin , Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi, İran və Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi oldu. Hər iki qonşu dövlətdən Naxçıvana ərzaq , sənaye malları, ən başlıcası isə enerji verildi. «Ümid körpüsü» inşa edildi. Naxçıvan hava limanı, Bakıda isə muxtar respublikanın nümayəndəliyi açıldı. Bazar iqtisadiyyatının başlıca tələblərindən olan özəlləşdirmə siyasəti o illərdə Ulu Öndərin imzaladığı «Naxçıvanda zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması», «Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi» haqqında qərarların qəbulu ilə başladı.
Naxçıvanda olarkən Ali Məclisin Sədri kimi 1992-ci ildə antimilli qüvvələrin təhdidlərinə xalqla birliyi sayəsində qalib gələn Ulu Öndər Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını 1993-cü ildə yerinə yetirdi. Həmin il, iyunun 9-da parçalanmaqda olan ölkəni daxili qarşıdurma və xarici dövlətlərin məkrli müdaxilələrindən qorumaq üçün xalqın təkidli tələbi Bakıya qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyi naminə daha mühüm xidmətlər göstərdi. Bu gün Azərbaycanın dünyada qüdrətli dövlət kimi tanınması Ulu Öndərin ideyalarının reallaşması deməkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya -böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasının başlanğıcı oldu.
Qəlbi hər zaman Vətən, Azərbaycan naminə döyünən Ulu Öndər torpaqlarımızın Ermənistanın işğalından azad olunmasını özünün xalqı qarşısında müqəddəs borcu hesab edirdi. "...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir" sözləri ilə ifadə etdiyi istəyini Ali Baş Komandan kimi yerinə yetirən Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə ilə Ulu Öndərin, həm də xalqımızın inamını doğrultdu. Prezident İlham Əliyevin Cərəncamı ilə 2023-cü ilin «Heydər Əliyev İli» elan olunması Ulu Öndərin yubileyinin Azərbaycanda , ölkəmizdən kənarlarda böyük təntənə ilə qeyd olunması xalqımızın Ümummilli Liderinə əbədi inam və sədaqətinin ifadəsidir.
Xuraman İsmayılqızı, "İki sahil"
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə