20 iyul 2023 00:28
548

Nəzərdə tutulan  planlar daha sürətlə icra edilir

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə səsləndirdiyi hər bir çağırış reallıqda öz əksini tapır

Hazırkı dövrün əsas çağırışlarından biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Dövlət başçısı İlham Əliyev bu günlərdə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə tarixi Zəfərimizdən ötən qısa zamanda görülən işlərə diqqəti yönəldərək onların fonunda qarşıda dayanan vəzifələri açıqladı. “Hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir” söyləyən Prezident İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər  artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kənddə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur: “Əlbəttə ki, biz, bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq. Deyə bilərəm ki, mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik. Hökumət üzvləri və digər rəsmi şəxslər müntəzəm olaraq azad edilmiş bölgələrə ezam olunurlar. Biz hər şeyi planlı şəkildə edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik.”

Dövlət başçısı İlham Əliyev hələ xeyli əvvəl 2021-ci ilin yanvarında 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda  müşavirədə  bildirmişdi ki, planlarımız böyükdür. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki,  sözümüzlə əməlimiz arasında  heç bir fərq yoxdur: «Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin… Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.»

Artıq o vaxtdan iki ildən artıq zaman keçir. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 16 noyabr 2020-ci ildə işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri hazırkı genişmiqyaslı bərpa-quruculuq işlərinin əsası oldu. Prezident İlham Əliyevin  Sərəncamı ilə  təsdiqlənən Milli Prioritetlərdə də bu hədəf xüsusi yer alır ki, Qarabağ bölgəsi “yaşıl enerji” zonası kimi dünya üçün bir nümunə olacaq. Bu torpaqlarda ən müasir standartlara cavab verən enerji sistemi yaradılacaq. Cənab İlham Əliyevin çıxışlarında bu mühüm məqam xüsusi qeyd olunur ki, hazırkı dövrün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə də zəngin potensiala malikdir. Son zamanlar imzalanan sənədlərə diqqət yetirsək görərik ki, Azərbaycanın bərpa olunan enerji sahəsində malik olduğu potensial xüsusi qeyd edilir, enerji sahəsində əməkdaşlıqda yeni səhifənin açıldığı bildirilir.

Azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin tapşırığı ilə  yol infrastrukturunun bərpası prioritet məsələ kimi öndədir. Dövlətimizin başçısının bu ərazilərə  səfərlərinə diqqət yetirdikdə  yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. Avtomobil yolu, dəmir yolu və hava limanının tikintisi prioritetdir.  Beynəlxalq əhəmiyyət kəsb edən iki aeroport- Füzuli və Zəngilan hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu 2025-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.  Hədəflərə vaxtında və yüksək səviyyədə nail olmaq üçün bütün qüvvə və bacarıqlar səfərbər edilir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd olunduğu kimi,  necə ki, dəmir yumruq nümayiş etdirib torpaqlarımızı işğaldan azad etdik, eyni zamanda, bu birlik, həmrəylik əsasında bərpa və quruculuq işlərini uğurla başa çatdıracaq, soydaşlarımızın Böyük Qayıdışı həyata keçiriləcək.

Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş şəhərlərimiz, kəndlərimiz “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında yenidən qurulur. İyulun 19-da ilk “ağıllı kənd” kimi tanınan Zəngilanın Ağalı kəndinin sakinlərini qarşılamasının bir ili tamam oldu. Tarixi Zəfərimizdən il yarım sonra bərpa olunaraq yeni həyata başlayan Ağalı kəndinin timsalında bərpa-quruculuq işlərinin aydın təsəvvürü yarandı. Bütün işlərin müasir dövrün tələbləri səviyyəsində qurulması Azərbaycanın yeniliklərə nə qədər maraq göstərdiyini, eyni zamanda, hələ işğal dövründə torpaqlarımızın azad edilməsi ilə yanaşı, onların bərpasına hazırlığın görüldüyünün təsdiqidir. İlk “ağıllı kənd” olan Ağalı kəndi yeniliklərin təqdimatı oldu.  Kənddə dövlət xidmətlərinə əlçatanlığı təmin etmək və insanların rifahının yaxşılaşdırılması məqsədilə “ASAN Xidmət”, “DOST”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar İnkişaf Mərkəzinin xidmətləri, həmçinin məktəb, bağça, tibb məntəqəsi, ictimai iaşə obyektləri və s. mövcuddur.

Bu günə kimi Zəngilan rayonunun Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb. Hazırda kənd ərazisində tikilmiş evlərin təmir işləri davam edir və təmir işləri başa çatdıqdan sonra ailələrin növbəti köçü həyata keçiriləcək. İşğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, Böyük Qayıdış proqramının uğurla reallaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin əyani göstəricisidir.

Dövlət başçısı İlham Əliyev cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr edilən müşavirədə onu da qeyd etdi ki, artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin edilib. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak edib. Baş planlar hazırlanıb təsdiqlənib.  Ağalı kəndinin ardınca  cəmi səkkiz ay ərzində  böyük hissəsi tamamilə bərpa edilib  yeddi yüzdən çox ailə üçün  həm fərdi, həm çoxmənzilli evlərin tikildiyi  Laçın şəhəri sakinlərini qarşıladı. Qarşıya qoyulan hədəflərə vaxtından əvvəl nail olunması diqqətdən kənarda qalmır.

Onu da qeyd edək ki, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»ə uyğun olaraq növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair  beş hədəf reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;  işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla  iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək.  Qeyd edilən Milli Prioritetlər Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini həyata keçirməklə yanaşı, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanması istiqamətində səylərini daha da artırır, üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirir.   İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən  sayca altıncı görüş ölkəmizin növbəti diplomatik uğuru oldu. Ermənistanın baş naziri həmin görüşdə Azərbaycanın 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını bir daha qəti şəkildə təsdiqlədi.

Bir-birinin ardınca şahid olduğumuz diplomatik uğurlar Azərbaycanın beynəlxalq aləmdəki reytinqinin getdikcə yüksəlməsindən xəbər verir. Ermənistan rəhbərliyi Azərbaycanın qalib ölkə olaraq  irəli sürdüyü bütün təkliflərlə razılaşmaq məcburiyyətindədir. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın sülh təklifində beynəlxalq hüququn 5 əsas prinsipi öz əksini tapıb.  Tarixi Qələbədən sonra Ermənistan və Azərbaycan liderləri, baş nazirlərin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada, həmçinin sərhəddə intensiv keçirilən görüşlərdə ölkəmizin diplomatik uğurlarının davamlılığının şahidi olur və bundan böyük qürur hissi keçiririk. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  mətbuata açıqlamasında da bu fikirlər öz əksini tapıb.  Üçtərəfli görüşdə sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi” əsas kimi qəbul edilib. Hər iki ölkənin lideri bu sənədə sadiqliklərini bir daha təsdiq ediblər.

Azərbaycan artıq Cənubi Qafqazda sülhün və sabitliyin təminatçısı kimi qəbul edilir. Ölkəmiz Ermənistandan da üzərinə düşən öhdəlikləri yerinə yetirməyi tələb edir. Sülh müqaviləsinin imzalanması kommunikasiyaların açılmasına geniş imkanlar yaradacaq ki, bu da öz növbəsində bölgənin iqtisadi inkişafında öz sözünü deyəcək.

Artıq göründüyü kimi, Azərbaycan hər iki məsələdə qalib tərəf kimi söz sahibliyini nümayiş etdirir. Torpaqlarımız 30 il işğal altında qalsa da, ermənilər havadarlarına arxalanaraq bu ərazilərin onlarda qalacağını düşünsə də, haqqın, ədalətin sonda qalib gəldiyi inkaredilməzdir. Bu gün Azərbaycan tarixi torpaqlarında apardığı bərpa-quruculuq işləri ilə, həmçinin bu ərazilərdə keçirilən beynəlxalq səviyyəli tədbirlərlə dünyaya mühüm mesajlarını çatdırır. 30 il  işğalçıya dəstək olmaqla ədalətin, beynəlxalq hüququn mövcudluğunu arxa plana keçirən dünya bununla etimad mühitini sıfra yaxınlaşdırdı. Məhz buna görə hazırda əksər dünya gücləri, beynəlxalq qurumlar sülh müqaviləsinin imzalanmasına dəstək göstərməyə hazır olduqlarını bildirəndə çoxsaylı sualların yaranmasına rəvac verirlər. Görəsən, bu dairələr 30 illik işğal dövründə niyə susur, niyə gözləmə mövqeyində dayanırdılar?  Bu gün eyni mənzərəni sülh müqaviləsinin imzalanması prosesində müşahidə edirik. Bəzi dünya gücləri ikili standartlara əsaslanan siyasətə söykənərək  hər vəchlə sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışırlar. Amma unudurlar ki, qalib ölkə olaraq diktə, ədalətə və beynəlxalq hüquqa çağırışlar edən Azərbaycandır. Keçirilən hər bir görüş ölkəmizin artan nüfuzunu təsdiqləyir.   

Dövlət başçısı İlham Əliyevin cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında hər bir çağırış Azərbaycanın qarşıdakı dövrdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.  “Mənim uzun illər dediyim sözlər bu gün əyani şəkildə özünü büruzə verir” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz: “Biz həmişə hüququn tərəfdarı idik, o cümlədən beynəlxalq hüququn. Biz həmişə ədalətin tərəfdarı idik. Bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik. Həm bir ölkə kimi, həm də 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının sədri kimi və nazirlər səviyyəsində son toplantı bir daha onu göstərdi.”

Arxada qalan hər gün Böyük Qayıdışı tam şəkildə  yaxınlaşdırır. Bütün bölgələrimizin malik olduqları potensialdan səmərəli istifadə etməklə  Azərbaycanın növbəti mərhələdə  dayanıqlı inkişafı tam təmin ediləcək, bu ərazilərimiz xarici turistlərin diqqətini çəkəcək,  investisiyaların artırılması üçün gözəl imkanlar yaranacaq. Atılan hər bir addım bir məqsədə xidmət edir: Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilməklə  qarşıya çıxan hər bir çətinlik anındaca  aradan qaldırılsın. Bərpa-quruculuq işləri ilə paralel olaraq sülh müqaviləsinin imzalanması istiqamətində ölkəmizin göstərdiyi səylər ümumilikdə bölgənin gələcək inkişafına stimul olacaq.

Yeganə Əliyeva, “İki sahil”