20 iyul 2023 02:50
965

Naxçıvanın həyatında yeni enerji əsri başlayır

Qarabağ və Şərqi Zəngəzurla yanaşı, muxtar respublikanın da "yaşıl enerji zonası" elan edilməsi Prezident İlham Əliyevin mütərəqqi inkişaf strategiyasının təzahürüdür

Uzun illər Azərbaycanla enerji sahə­sində əməkdaşlıq edən bir sıra xarici ölkələrin qabaqcıl şirkətləri alternativ və bərpa olunan enerji resurslarımıza da böyük maraq göstərirlər. Bu da Azərbay­canda əlverişli investisiya mü­hitinin mövcudluğu və ölkəmizdə hökm sürən siyasi sabitliyin nəticəsidir. Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası­nın bərpa olunan enerji potensialı da xarici şirkətlərin diqqətini getdikcə daha çox cəlb etməyə başlayıb. Çünki əlverişli coğrafi mövqedə yerləşən Naxçıvanın münasib iqlim şəraiti burada bərpa olunan enerji istehsalı üçün yaxşı imkanlar yaradır. Bu da muxtar respublikanın region üçün strateji əhəmiyyətini getdikcə artırır. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da “yaşıl enerji zonası” elan edib.

Artıq muxtar respublikanın həyatında yeni dövr–energetika əsri başlayıb. Son hesablamalara görə, Naxçıvanın, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpa olunan enerji mənbələri üzrə ümumi texniki potensialı 15 qiqavat təşkil edir. Son zamanlar ölkəmizin işğaldan azad olunmuş ərazilərində 53,6 meqavat gücündə 11 kiçik su elektrik stansiyası istismara verilib. Hazırda isə 70,5 meqavat gücündə 7 belə stansiyanın inşası davam etdirilir. Bundan əlavə, il ərzində ümumi gücü 76,8 meqavat olan 9 stansiyanın da tikintisinə başlanılacaq.

Azərbaycanın energetika naziri Pər­viz Şahbazovun dediyinə görə, əlverişli günəş radiasiyasına malik Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi üçün xüsusi inkişaf konsepsiyası hazırlanıb. Bu konsepsiyaya əsasən, muxtar respub­likada külək və günəş enerjisi üzrə 1500 meqavatlıq istehsal güclərinin xarici in­vestisiya hesabına yaradılması və onun ən azı 1000 meqavatının Türkiyə və Av­ropa istiqamətində ixracı nəzərdə tutulur. Hazırda özəl investisiyaların alternativ və bərpa olunan enerji mənbələrinin yaradıl­masına cəlb edilməsi istiqamətində işlər aparılır. Artıq “Total Energies” və “Nobel Energy Management” şirkətləri ilə ümumi gücü 900 meqavat olan günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalanıb. Həmin güclərin 650 meqavatının məhz Naxçıvanda yaradılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, yaxın illərdə Naxçıvanın “yaşıl enerji” şəbəkəsi xeyli genişləndiriləcək. Həmçinin Naxçıvan "yaşıl enerji"nin istehsal və istehlakı ilə bərabər, ixracının da mənbəyinə çevriləcək.

“Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə “yaşıl enerji”ni ixrac edəcəyik”.

Bu fikri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə söyləyib. Ölkə başçısının sözlərinə görə, bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı qəbul olunan Dövlət Proqramı tam icra ediləcək: “Bu, Naxçıvanın uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək proqramdır və əminəm ki, tam icra ediləcək. Çünki bu proqram bizim öz resurslarımıza əsaslanıbdır. O cümlədən mən nə üçün bunu indi dilə gətirirəm, orada Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur - ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də “yaşıl enerji”ni ixrac edəcəyik”.

Qeyd edək ki, Naxçıvanın energetikasında mövcud təbii potensialdan lazımınca istifadə son bir neçə ildə bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalına imkanlar açıb, qısa müddətdə bu sahədə mühüm nəticələr əldə olunub. Son illər yeni su və günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verib. Belə ki, ümumi qoyuluş gücü 241,8 MVt olan iki istilik elektrik stansiyası və beş su elektrik stansiyası, üç günəş elektrik stansiyası, bir külək-günəş hibrid elektrik stansiyası, bir külək elektrik stansiyası vardır. Bu stansiyalardan on biri müstəqillik illərində tikilib istismara verilmişdir. 2006-cı ildə 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, həmin ildə Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə Su Elektrik Stansiyası, 2010-cu ildə Gilançay üzərində 20 meqavat gücündə "Biləv" Su Elektrik Stansiyası, 2014-cü ildə isə Şərur rayonu ərazisində 20,5 meqavat gücündə "Arpaçay-1" və 1,4 meqavat gücündə "Arpaçay-2" Su Elektrik stansiyaları istismara verilib.

Coğrafi mövqe və iqlim şəraiti muxtar respublikada ekoloji cəhətdən təmiz, tükənməyən alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. 2015-ci ilin dekabr ayında Babək rayonunun Xal-Xal kəndi yaxınlığında 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir. 2017-ci ilin sentyabr ayında stansiyanın gücü 2 meqavat artırılaraq 22 meqavata çatdırılmışdır. 2019-cu ilin fevral ayının 22-də Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə Kəngərli Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, 2020-ci ilin iyul ayının 8-də stansiyanın gücü daha 3 meqavat artırılaraq 5 meqavata çatdırılmışdır. 2021-ci ilin may ayının 26-da istifadəyə verilən Şərur rayonunun Zeyvə kəndində 5 meqavat gücündə Şərur Günəş Elektrik Stansiyasının 2022-ci ilin may ayında gücü 3 meqavat artırılaraq 8 meqavata çatdırılmışdır. 2021-ci ilin iyun ayının 18-də isə Culfa rayonunun Gülüstan kəndində 1,1 meqavat gücündə Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası, 2022-ci ilin oktyabr ayının 31-də Culfa şəhəri yaxınlığında 0,3 meqavat gücündə Culfa Külək Elektrik Stansiyası istifadəyə verilmişdir. Şərur rayonunun Zeyvə kəndində Şərur Günəş Elektrik Stansiyasının layihə gücünün daha 3 meqavat artırılması işləri aparılır.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirən və onu enerji mərkəzinə çevirən yeni bir inkişaf mərhələsi başlanır. Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanın "yaşıl enerji zonası" elan edilməsi də dövlət başçısının mütərəqqi inkişaf siyasətinin təzahürüdür.

Sevinc Azadi, “İki sahil”