Yaxud separatçılar niyə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli suçlayırlar?
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirmişdir ki, Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını, delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini bir daha təsdiq ediblər. Təcrübəli siyasətçi Şarl Mişel, həmçinin qeyd etmişdir ki, tərəflər daha bir mühüm məsələdə, o cümlədən Zəngəzur dəhlizi, humanitar yüklərin Ağdam üzərindən daşınmasında da siyasi iradə ortaya qoyublar. Bütün bunlar belə deməyə əsas verir ki, son günlər Sarl Mişel həqiqətən də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində inamlı addımlar atır. Elə bu səbəblərdən Prezident İlham Əliyev Belçika Krallığına işgüzar səfər çərçivəsində Şarl Mişellə görüşərkən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində göstərdiyi səylərə görə ona təşəkkürünü də ifadə etmişdir.
Amma Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə atdığı addımlar əksər hayların, o cümlədən onların “liderlərinin” ürəyincə deyil. Belə ki, Şarl Mişel bu dəfə Qarabağdakı qondarma rejimin sabiq “xarici işlər naziri”, hazırda isə qondarma prezidentin “xüsusi tapşırıqlar üzrə nümayəndəsi” kimi təqdim olunan David Babayanın tənqidlərinə məruz qalıb. O bildirib ki, guya Avropa Şurası rəhbərinin bəyanatında beynəlxalq hüququ pozan və ümumilikdə mənəviyyata zidd olan bir sıra çox təhlükəli və pis fikirlər yer alıb. Guya Avropanın, daha doğrusu, Şarl Mişelin məqsədi demokratiya adı altında Qarabağı məhv etməkdir. Şarl Mişelin Azərbaycanın Ağdam istiqamətindən Qarabağ ermənilərinə humanitar yardım göstərməyə hazır olduğu ilə bağlı səsləndirdiyi fikrə toxunan Babayan qeyd edib ki, guya Mişel Azərbaycanın dedikləri, daha doğrusu, Prezident İlham Əliyevin tezisləri ilə danışır. O, bu xəstə düşüncələrindən sonra utanmadan belə bir “ultimatum” da verir: "Mişel, öz işinlə məşğul ol, bu, bizim üçün qəbuledilməzdir. Avropa bir daha göstərdi ki, demokratiya və insan haqları onun üçün uydurmadır”. Xam xəyallarla yaşayan Babayan utanıb-qızarmadan əlavə edib ki, Qarabağ Azərbaycanın bir hissəsi olmayacaq.
Bəli, bu bir həqiqətdir ki, Şarl Mişel Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, o cümlədən sərhədlərin delimitasiyasını və demarkasiyasını, iki ölkə arasında sülh müqaviləsinin hazırlanmasını, nəqliyyat-kommunikasiya xətlərinin açılmasını dəstəkləyir. Özü də beynəlxalq hüquq çərçivəsində. Əslində demokratiyanı çoxdan ayaqlar altına atan babayanları yandıran, kül edən başqa məsələdir. Onun “fikirlərindən” belə qənaətə gəlmək olar ki, sən demə, dünya ictimaiyyəti, o cümlədən liderlər araiklərin, vardanyanların dedikləri ilə oturub-durmalı, onların düşündükləri formada düşünməli imişlər. Yəni, Qarabağ məsələsinə onların rakursundan münasibət bildirməlidirlər. Şübhəsiz, hayların belə düşünmələri səbəbsiz deyil. Axı, separatçılar 30 il çaldıqları havalarla bu və ya digər beynəlxalq qurumları, eləcə də onların rəhbərlərini əgər belə demək mümkünsə, öz istəklərinə uyğun şəkildə oynada biliblər. Son illər Azərbaycanın əsl həqiqətləri daha qəti şəkildə ortaya qoyması nəticəsində artıq onların yalan bazarları bağlanıb. Ona görə haylar indi onların nazı ilə oturub durmayanları hədəfə almaqla, şantaj etməklə məşğuldurlar. Yuxarıda qeyd etdik ki, müsahibələrinin birində Azərbaycan və Türkiyəni ən dürüst düşmənlər kimi xarakterizə edən David Babayan qondarma rejimin qondarma prezidentinin “xüsusi tapşırıqlar üzrə nümayəndəsi”dir. Görünür, bu dəfə ona verilən xüsusi tapşırıq Şarl Mişellə bağlı olubmuş. Odur ki, bu separatcı onu əgər belə demək mümkünsə, qaralamağa çalışıb.
O ki qaldı Babayanın Qarabağla bağlı son fikrinə. David “bilməsə” də artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycandır! Buna artıq nida işarəsi də qoyulub. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan da bunu dilə gətirib. Belə bir reallıqda Şarl Mişeli hədəfə alan təkcə David Babayan deyil. Qondarma rejimin 10-dan çox “ictimai təşkilatı” da bununla bağlı bəyanatla çıxış edib. Avropanın vətəndaş cəmiyyətlərinə ünvanlanan həmin bəyanatda deyilir: “Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə keçirilən sonuncu görüşün yekunlarına dair bəyanatını qətiyyətlə pisləyirik və qəbuledilməz hesab edirik”. Şübhəsiz, separatçı Babayanın çərənləməsi, eləcə də Xankəndidəki qondarma “ictimai təşkilat”ların iftiraları ağılsız köpəklərin ulduza hürməsindən başqa bir şey deyil.
Qvami Məhəbbətoğlu, “İki sahil”
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə