20 iyul 2023 01:31
641

Silahla "qorunan" insan hüquqları

Fransanın bu siyasəti Ermənistana da tövsiyə edilir

Qərbi Azərbaycan İcmasının qəbul etdiyi bəyanatda qeyd olunduğu kimi, ölkələrində baş verən  iyrənclikləri  görməyən Fransa Senatının sədri Jerar Larşenin Fransa hökumətini Ermənistana əlavə silahlar verməyə çağırmaşı insanlıqdan, bəşəri duyğulardan kənar hərəkət, terrora, separatizmə dəstəkdir

Ermənistanın əsas havadarı Fransada  son aylarda baş verən hadisələr,  polis tərəfindən güllələnən gəncin ölümündən sonra   Parisdə və digər şəhərlərdə keçirilən etiraz aksiyaları da göstərdi ki,  Emmanuel Makronun rəhbərlik etdiyi bu ölkədə demokratiya, insan hüquqlarının qorunması haqqında danışmağa belə dəyməz.  Əlcəzair, Ruanda kimi  digər Afrika ölkələrini illərdən bəri müstəmləkə altında saxlayan, kütləvi qırğınlar, soyqırımlar törədən, nüvə silahlarının sınaqlarını keçirməklə  insan tələfatına səbəb olan Fransanın ölkədəki etnik azlıqlara qarşı ögey münasibəti Korsika hadisələri zamanı bəlli oldu.  İnsanlara öz dillərində rəsmi  danışmaq qadağası tətbiq olunan, pensiya islahatlarına qarşı etirazların səngimədiyi  Fransada   «sarı jiletlilər»ə qarşı  polis zorakılıqlarından, mitinqləri dağıtmaq üçün  gözyaşardıcı qazlardan istifadə olunmuş, kütləvi həbslər həyata keçirilmişdir. Fransanın müstəmləkə altında saxladığı ölkələrdə  yerli əhaliyə qarşı göstərilən vəhşiliyi təsdiq edən faktlar dəhşət doğurur. İslamofobiyanın çiçəkləndiyi bu ölkədə   dini ayrı-seçkiliyin qurbanları olan müsəlmanlara edilən təzyiqlər,  tətbiq olunan məhdudiyyətlər bu gün də davam etdirilir.      

Artıq  tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin başlandığı gündən özü kimi insan qanına susayan daşnaklara yardım göstərən Fransa  Senatının aşağı və yuxarı palatalarında ölkəmizə qarşı əsassız bəyanatlar qəbul olunmuşdur.    İkinci Qarabağ müharibəsindən sonra   Azərbaycana qarşı həyata keçirilən  təxribatlar  bu ölkənin demokratiyasının qaranlıq məqamlarını göstərir. Ümumiyyətlə Fransada  getdikcə artan neokolonializm meyilləri  Prezident Emmanuel Makronun insan amilinə  qeyri-səmimi münasibətinin təzahürüdür.

Cənubi Qafqaz bölgəsində sabitliyin bərpası üçün başlıca amil olan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına bütün vasitələrlə mane olan  Makronun erməni sevgisinin əsasında da  insanlara qarşı  vəhşilik,   separatizmə,  terrora, dini radikalizmə  dəstək amilləri dayanır.   Afrika ölkələrinin təbii sərvətlərini istismar edən Fransa kimi  Ermənistan da   30 ildən artıq işğal altında saxladığı Azərbaycanın 20 faiz ərazisində  ekologiyaya, fauna  və florasına ciddi ziyan vurmuş,  çayları, su mənbələrini zərərli tullantılarla zəhərləmişdir. Əqidəsini  dəyişməyən, Azərbaycana qarşı fobiyasını davam etdirən Fransa hələ də gizli yollarla, müxtəlif vasitələrlə Ermənistanı silahlandırır, işğalçını yeni müharibəyə təhrik edir.

Bu günlərdə  Fransa Senatının sədri Jerar Larşenin Fransa hökumətini Ermənistana əlavə silahlar verməyə çağırması haqlı olaraq Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Bu çağırışı qətiyyətlə pisləyən Qərbi Azərbaycan İcması etirazını   qəbul etdiyi bəyanatla bildirib: «Ermənistanın beynəlxalq hüququn pozulması üzrə bədnam tarixçəsini nəzərə alsaq, belə bir addımın olduqca zərərli olacağı şübhə doğurmur. Biz hesab edirik ki, Ermənistanın kütləvi silahlanma proqramına əlavə dəstəyin göstərilməsi yalnız gərginliyi artıracaq və regionda sülh və sabitlik perspektivlərinə mane olacaq» sözlərinin yer aldığı bəyanatda  hərbi xunta rejimi ilə idarə olunan Fransa kimi Ermənistanın da   azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, etnik təmizləmə siyasəti,  hərbi cinayətlər insanlıq əleyhinə  vəhşilik, vandallıq adlandırılır.

Qərbi Azərbaycanda  yaşayan  və bu torpaqlarının əzəli  sahibi olan soydaşlarımızı doğma   yurdlarından vəhşicəsinə çıxaran daşnakların  törətdikləri  cinayətlər heç yerdə görünməyən   qəddarlıq kimi tarixə yazılıb. Azərbaycan torpaqlarının 20 faizini 30 il işğal altında saxlayan Ermənistanın dağıtdığı şəhərləri, kəndləri,  müxtəlif millətlərə məxsus  dini ocaqları ürək ağrısı ilə seyr edən xarici qonaqlar gördükləri mənzərələrdən   dəhşətə gəlirlər. Əksəriyyəti mülki şəxslər olmaqla 20 mindən çox azərbaycanlı Ermənistan ordusu tərəfindən öldürülüb. 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Erməni vəhşiliyi  Vətən müharibəsindən sonra da davam edir.  Ermənistan Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən öz qoşunlarının qalan hissəsini çıxarmaqdan imtina edərək beynəlxalq normalara məhəl qoymur.  Rəsmi İrəvan, həmçinin sərhəd bölgəsində səkkiz  kəndin  işğalını davam etdirərək, Azərbaycanın ərazi bütövlüyünü pozur və sülh prosesinə ciddi xələl gətirir.

«Onu da vurğulamalıyıq ki, Fransanın mövcud müqavilələr əsasında Ermənistana verməkdə olduğu silahlar artıq regionda sabitliyə mənfi təsir edib və sülh prosesini çətinləşdirib. Ermənistana əlavə silahlar vermək Fransa tərəfindən son dərəcə məsuliyyətsiz olardı və ata-baba torpaqlarımıza qayıtmaq hüququmuzu həyata keçirməkdə İcmamızın üzləşdiyi çətinliyi artırardı. Daha militarist Ermənistan evlərimizə təhlükəsiz və ləyaqətlə qayıtmaq kimi insan hüquqlarımıza hörmət etməyə daha az istəkli olardı» sözlərinin  yazıldığı bəyanatda   Fransa hökuməti mövcud hərbi-texniki müqavilələr üçün vermiş olduğu ixrac lisenziyalarını dərhal ləğv etməyə, Ermənistana əlavə silah ixracatına icazə verməkdən çəkinməyə çağırılır.

Qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanın  Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməməsi  qəbulolunmazdır.  Fransada son aylarda baş verən hadisələri narahatlıqla izləyən beynəlxalq ictimaiyyət  kimi Qərbi Azərbaycan İcması da  özünü Avropanın mədəniyyət mərkəzi hesab edən bu ölkəni üzərinə düşən beynəlxalq məsuliyyətə əməl etməyə çağırır.

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun  «Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli»” mövzusunda nazirlərin görüşündə neokolonializmin mənfur ideyalarını  hələ də davam etdirən  Fransanın  müstəmləkəçilik siyasətini, Qəmər adalarının Mayot adası üzərində suverenliyini, həmçinin Yeni Kaledoniya xalqına, o cümlədən  digər  icmaların  hüquqlarına qarşı təsirləri insan hüquqlarının pozulması  kimi xarakterizə edən Prezident İlham Əliyev  fransız polisləri tərəfindən qətlə yetirilən əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərinin müharibə qənimətləri kimi Parisin muzeyində  saxlanılmasını utancverici və iyrənc hərəkət adlandırdı.  Qeyd olundu ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır.

 «Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və «Orientalizm»” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır» söyləyən Prezident İlham Əliyev    Qoşulmama Hərəkatının sədri kimi bildirdi ki,  Fransa öz  keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə təsisata  üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir: «Bir neçə gün əvvəl Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq.»
 Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsini, rəsmi  Parisin Korsika dilinə qadağa tətbiqi kimi  halları  etnik azlıqlara qarşı  riyakarlıq və ikili standartlar adlandıran Prezident İlham Əliyev  Fransa hakimiyyətini başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmağa çağırmışdır.

 Ölkələrində baş verən  iyrənclikləri  görməyən Fransa Senatının sədri Jerar Larşenin Fransa hökumətini Ermənistana əlavə silahlar verməyə çağırması insanlıqdan, bəşəri duyğulardan kənar hərəkət, terrora, separatizmə dəstəkdir.

 Xuraman İsmayılqızı, «İki sahil»