18 iyul 2023 22:31
622

Separatçı tör-töküntülərin göstərdiyi məzhəkə

Əgər hər hansı terror aktına əl atacaqlarsa, bununla sadəcə ölümlərini tezləşdirəcəklər

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel sayca 6-cı üçtərəfli Brüssel görüşü keçirdilər. Bu danışıqlardan, onların pozitiv nəticələrindən iki tərəfdən (Rusiya və Qarabağın erməni separatçıları) başqa hamı razı qaldı. Ən əsası da görüşdən dərhal sonra liderlərin çəkdirdiyi və ictimaiyyətə ötürülən fotolarında cənab Prezidentimizin təbəssümündən xalqımıza ötürülən mesaj ondan ibarət idi ki, narahat olmayın, ali məqsədimizə addım-addım çatmaqdayıq. Xalqımız da danışığı qədər duruşu və baxışından xüsusi zövq aldığı liderinin hər sözünə hədsiz inandığı üçün bu həssas mövzuda daxildə və xaricdə kimlərinsə dedi-qodularını daha diqqətə almır. Zatən Şarl Mişel də görüşdən sonra mətbuata açıqlamasında Azərbaycanı qane edən tezisləri diqqətə çatdırdı. Yəni, bir daha demək istədi ki, Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr (Qarabağ da daxil  olmaqla) ərazi bütövlüyü və suverenliyini bir daha qəti şəkildə təsdiqlədikləri üçün Avropa ailəsi bu qərarı ancaq alqışlayır, deməli, kimsə özündən yeni nəsə icad etmək istəyirsə, boş həvəsə düşməsin.

Avropa liderinin açıqlamasında diqqəti cəlb edən ikinci mühüm məqam Azərbaycanın Ağdam-Xankəndi yolu ilə humanitar yardımları təmin etmək istək və təklifinə önəm verməsi idi. Avropa İttifaqı Şurasının rəhbəri yaxşı anlayır ki,  Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan ermənilərə alternativ yollarla əhalinin ehtiyaclarının təmin olunmasına yönələn humanitar yardımların çatdırılması təklifi Azərbaycan xalqının nə qədər böyük ürək sahibi olduqlarına, başlarına ermənilər tərəfindən gətirilən soyqırımı aktlarına, vəhşi cinayətlərə baxmayaraq, yenə böyüklük nümayiş etdirərək, onların başsız başçıları tərəfindən yaradılan ağır sosial-iqtisadi durumu yaxşılaşdırmaq istəyinə xidmət edir. Bu səmimiyyəti görüb dəyərləndirməyən bir ovuc toplum gec-tez məhv olmağa məhkumdur. Bu təklif həm də “Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan tərəfindən süni blokadaya salınması” uydurmalarını alt-üst etməklə, Avropanın daha bu nağıllara inanmayacağına ciddi əsas verdi.

Cənab Şarl Mişel Avropa İttifaqının Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqu dəstəklədiyini bir daha ifadə etdi. Bu açıqlama elə cənab İlham Əliyevin “Qarabağ artıq Azərbaycanın daxili işidir, hər bir məsələni özümüz müzakirə edib həll etməliyik, başqalarının buna qarışmağa ixtiyarı yoxdur!” fikirlərinə beynəlxalq səviyyədə, hamının başa düşəcəyi dildə, açıq tezislə dəstəyin ifadəsi idi.

Belə olan halda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin görüşdən sonra tez-tələsik verdiyi bəyanatda yer alan təxribatçı fikirlər şimal qonşumuzun birmənalı olaraq Azərbaycan-Ermənistan münaqişəsinin həllində maraqlı olmadığını, dünya durduqca Qarabağ münaqişəsinin davam etməsini və bundan istifadə edərək bölgədə öz mövcudluğunu qoruyub saxlamaq istəyini həyasızcasına göstərmiş oldu.

Elə bu mövqedən (əslində mövqesizlikdən) həvəslənən Qarabağın separatçı erməni tör-töküntüləri növbəti məzhəkəni oynamağa başladılar: əvvəlcə Xankəndidə barmaqla sayıla bilən və öz ağıllarında olan sakinlərinin iştirakı ilə guya aksiya keçirdilər və orada bəyan etdilər ki, Qərbin Qarabağla bağlı təklif etdiyi "sülh variantı”na etiraz edir, Rusiyanın cidd-cəhdlə irəli sürdüyü variantın (Qarabağ məsələsi həll olunmamış qalsın və status məsələsinə qayıdılsın) qəbul olunmasını istəyirik. Öz aləmlərində beynəlxalq aləmə bir həftə vaxt verirlər ki, əgər Azərbaycanın Laçın nəzarət-keçid məntəqəsi ləğv olunmasa başqa vasitələrə əl atacaqlar.

Atalarımızın gözəl deyimi var: “Od, düşdüyü yeri yandırar”. Özünüzü minbir rəzilliklə inandırdığınız yalanlara beynəlxalq aləmi də inandıracağınıza boş yerə ümid edirsiniz. Qavramağa çətinlik çəkdiyimiz bir şey var: yəni, bu qədər avam xalq olasan ki, gücün haqq-ədalət təcəssümü olduğu qarışıq bir dönəmdə bütün maneələrə baxmayaraq, regionun yeganə güc, dünyanın da diqqət mərkəzinə çevrilən 44 günlük müharibədə böyük Zəfərlə “Böyük Ermənistan” xülyalarını, müstəqillik, nə bilim muxtariyyət “status”larını birdəfəlik gorbagor edən Ali Baş Komandanın bir işarəsi ilə “dəmir yumruq” olan xalqımız və qəhrəman ordumuzun Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın dağlıq hissəsindən imtina edəcəyini yenidən təsəvvür edəsən. Bunu ancaq yuxunuzda görərsiniz.

Bakını və beynəlxalq birliyi hədələyən Araik indi də çadırda oturaq aksiyaya başladıqlarını deyir. Erməni mediasının yaydığı məlumata görə, 2020-ci ilin 44 günlük savaşı ərəfəsində olduğu kimi, Araik yenə də müraciətində Azərbaycanı, həm də beynəlxalq qurumları hədələyib.  Separatçı-terrorçu bildirib ki, bir həftə ərzində beynəlxalq müdaxilə olmasa, “artsax” xalqının rəyi nəzərə alınmasa, daha sərt tədbirlərə əl atacaqlar.

Əlbəttə, onların bacardığı sərt tədbir ancaq və ancaq təxribat, hər hansı bir terror aktı ola bilər, o da öz yetim-yesirinə qarşı. Xankəndinin Azərbaycan müzəffər ordusu tərəfindən üzük qaşı kimi əhatəyə alındığını, orada hər bir hərəkətin 24 saat izləndiyini nəzərə alsaq, bu terrorçu xislətin nümayəndələrinin ancaq xunta rejiminin əsirinə çevrildiyi erməni vətəndaşlarına təxribat törədəcəyi və onun da günahını məlum “Sumqayıt hadisələri” kimi üzərimizə atmağa cəhd edəcəklərini təxmin edə bilərik. Amma bu da mümkün deyil. Çünki Şuşadan ora 4-5 km məsafəmiz var. Necə ki, bir gecə təcili tibbi yardım maşınlarımız erməni vətəndaşlarımızın harayına çatdı, bu dəfə də xüsusi təyinatlı dəstələrimizə, komando birliklərimizə kiçik həmlə kifayət edəcək ki, Xankəndidə zühur etsinlər və ictimai asayişi kobudcasına pozan aksiyanın təşkilatçılarını, separatçı quldurbaşlarını qandallayıb Şuşaya, oradan da Bakıdakı həbsxanalara gətirsinlər.

Ən son məlumatlarda quldurbaşı Araikin Xankəndinin "dirçəliş" meydanında  oturaq aksiya elan etdiyi bildirilir. Onun hətta Xankəndinin mərkəzi meydanında qurulmuş çadırdakı görüntüləri də yayılıb.

Ay sən öləsən, elə zənn edirsən ki, göstərdiyin qısametrajlı şouya  o dəqiqə inandıq. Guya heç kim bilmir ki, sənin bir saat ac nədir, susuz qalmağa nə səbrin var, nə də dözümün. Yoxsa donuz kimi bu köklükdə ola bilərdinmi? Hamı bilir ki, 5 dəqiqəlik görüntünü videolentə alıb sosial şəbəkələrdə paylaşdıqdan sonra yenə yeyib-içməyinlə, eyş-işrətinlə məşğul olacaqsan. Arvad-uşağını, qız-gəlinini bəs niyə İrəvana göndərmisən? Unutma, əgər hər hansı terror aktına əl atarsansa, bununla sadəcə ölümünü tezləşdirəcəksən. Vətən müharibəsində it kimi gəbərməkdən son anda qurtula bildin, amma bu dəfə heç kim səni və sənin kimi tör-töküntüləri Azərbaycanın qəhrəman əsgərinin pəncəsindən qurtara bilməyəcək. Əsl aclıq aksiyasını o vaxta saxla!!!

Əfsun Sucayev,
YAP İdarə Heyətinin üzvü,
elmlər doktoru