Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, düşünülmüş və uğurlu siyasətin nəticəsində Qafqazda və Mərkəzi Asiyada uzunmüddətli tərəqqiyə və sabitliyə mühüm töhfələr verən respublikamızda son illər nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün böyük layihələr həyata keçirilib. Yeni avtomobil yolları çəkilib və ya yenidən qurulub. Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir.
Həmçinin Bakının Ələt qəsəbəsində Xəzər dənizinin ən böyük və müasir beynəlxalq liman kompleksi inşa edilib. Belə ki, Azərbaycan artıq Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırır. Buna səbəb isə son dövrlər yüklərin həcminin sürətlə artmasıdır.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib.
Zəngəzur dəhlizi böyük tranzit imkanlarına malik, Şərqlə Qərbi birləşdirəcək strateji körpüdür. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri, bütün türk dünyası üçün mühüm rol oynayacaq. Yalnız Cənubi Qafqaz deyil, bütün region üçün strateji əhəmiyyətə malik olan bu dəhliz böyük bir iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.
Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsində iştirak etməklə, daha doğrusu, birləşdirici funksiyasını yerinə yetirməklə Şərqlə Qərbi birləşdirən körpü rolunda çıxış edir. Bu mənada ekspertlərin də dedikləri kimi, dünyanın iqtisadi nəhənglərindən olan Çinin Orta Asiya ölkələri vasitəsilə Azərbaycan üzərindən Avropaya yük daşıması ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Dünyada baş verən geosiyasi proseslər də Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini artırıb. Bu, özünü ölkə üzərindən daşınan yüklərin həcmində də göstərib.
Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısı bildirib ki, bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti, əlbəttə ki, ölkəmiz üçün əlavə imkanlar yaradır: “Bildiyiniz kimi, biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu demək olar ki, əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik. Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir. Eyni zamanda, bu sahə bizim üçün prioritet sahələrdən biridir. Mən bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, bizim istəyimiz təkcə böyük yükləri aşıran tranzit ölkə olmaq deyil. Bizim istəyimiz odur ki, bu nəqliyyat marşrutları üzərində istehsal sahələri yaradılsın, biznes imkanları yaradılsın, sərmayə qoyulsun. Biz öz işlərimizi bu istiqamətdə aparmalıyıq, o cümlədən qonşu ölkələrlə təmaslar əsnasında”.
Bütün bunların fonunda əminliklə demək olar ki, nəzərdə tutulan layihələrin uğurla reallaşacağı təqdirdə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu dövlətimizin başçısının dediyi kimi, Orta Dəhlizin- Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bir hissəsi olacaq. Regionda və Qərbi Xəzər bölgəsində həyata keçirilən bütün bu layihələr sinxronlaşdırılmalıdır. Zəngəzur dəhlizi, həmçinin Aşqabad müqaviləsi ölkələrinin Avropaya reinteqrasiyası üçün geniş perspektivlər açır. Yeri gəlmişkən, Aşqabad müqaviləsi Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafı və digər nəqliyyat dəhlizləri ilə birgə fəaliyyətin təmin edilməsi məqsədilə imzalanıb. Bu ölkələrin ərazisindən həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bazarlarına çatdırılması Qarabağ regionunun və Naxçıvanın iqtisadi potensialının artırılmasında xüsusi rol oynaya bilər.
Zahid Rza, “İki sahil”
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə