Ermənistanda beynəlxalq normativlərin kobud şəkildə pozulması ilə həyata keçirilən dağ-mədən sənayesinin fəaliyyəti təkcə Azərbaycanın və digər qonşu ölkələrin deyil, ümumilikdə Yer kürəsinin ekosisteminə mənfi təsir göstərir
“Dənizdən-dənizə böyük Ermənistan” xülyasına qapılaraq XIX-XX əsrlərdə xalqımıza qarşı etnik təmizləmə, soyqırımı siyasəti yürüdən erməni millətçiləri əzəli torpaqlarımızda yaradılmış Hayastanda azərbaycanlılara məxsus tarixi və mədəni irs nümunələrini, o cümlədən məscidləri, qəbiristanlıqları kütləvi şəkildə dağıdıb, yer adlarını dəyişdiriblər. Ancaq erməni vəhşiliyi təkcə mədəni irsimizə, dini abidələrimizə qarşı törədilməyib. Həm Ermənistanın, həm də 30 ilə yaxın işğal dövründə Qarabağ və Şərqi Zəngəzurun təbiəti, flora və faunası, ekoloji sistemi də bu barbar yanaşmanın qurbanına çevrilib.
Onillərdir dünyanın gözü qarşısında törətdiyi müharibə və insanlıq, həmçinin ekoloji cinayətlərinə görə layiqli cəzasını almayan Ermənistan bu gün də öz əməllərini davam etdirməkdədir. Düşmən ölkədə beynəlxalq normativlərin və qanunların kobud şəkildə pozulması ilə həyata keçirilən dağ-mədən sənayesinin fəaliyyəti təkcə Azərbaycan və digər qonşu ölkələrin deyil, ümumilikdə Yer kürəsinin ekosisteminə mənfi təsir göstərir. Bu təsirin yarada biləcəyi ekoloji fəlakətlərin qarşısının alınması üçün dünya ictimaiyyətinin təcili münasibət bildirməsinə, bütün beynəlxalq təşkilatların təxirəsalınmaz tədbirlər görməsinə ehtiyac var.
Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan problemlərlə bağlı beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına (BMT) ünvanladıqları müraciət ciddi əhəmiyyət daşıyır. Müraciətdə bildirilir ki, Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib. Dağ-mədən sənayesində qeyri-şəffaf və hesabatlılığı olmayan istismar fəaliyyətinin geniş təsir dairəsində davamlı inkişaf üçün yaranmış təhlükə insanlara və ətraf mühitə zərər verir. Sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Bu ekoloji təsir insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, hava və su strukturlarına təsir göstərir.
Ermənistanın dağ-mədən sənayesinin yaratdığı problemlərdən ən çox əziyyət çəkən isə Azərbaycandır. Belə ki, sənaye müəssisələrinin zəhərli kimyəvi tullantılarının Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün onun suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükədir. İçməli su təchizatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün də risklər yaradır ki, bu da sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər.
Ermənistan Avropa İttifaqından (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üzrə “EU4Environment” proqramı çərçivəsində qrantlar alsa da, bu maliyyə vəsaitindən təyinatı üzrə deyil, əksinə regionda təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnən fəaliyyətlərin icrası üçün istifadə edilir. Təəssüf doğuran haldır ki, Aİ-nin aidiyyəti qurumları ayırdıqları qrantların “yaşıl sənaye” üçün xərclənməməsinin hesabını Ermənistandan sormur, bunun üçün monitorinqlərin keçirilməsini təşkil etmir.
Dağ-mədən sənayesində beynəlxalq standartların tətbiq edilməməsi və bunun nəticəsində regional ekosistemin deqradasiyaya uğraması Ermənistanın BMT-nin bir sıra konvensiyalarını da kobud şəkildə pozması deməkdir. Belə ki, düşmən ölkənin bu davranışı BMT-nin “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının, “Su və sağlamlıq haqqında” protokolunun, o cümlədən “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair” Konvensiyanın, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının (Espo Konvensiyasının) tələbləri ilə ziddiyyət təşkil edir.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq ictimaiyyətə və BMT-yə ünvanladıqları müraciətə Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan problemləri özündə əks etdirən konkret faktlar əlavə edilib. Həmin faktlar aidiyyəti beynəlxalq qurumlar tərəfindən diqqətə alınmalı və törətməkdə davam etdiyi ekoloji terror fəaliyyətinə görə Ermənistanın əməllərinə hüquqi qiymət verilməlidir. Əks halda, təkcə Azərbaycanın və digər qonşu ölkələrin deyil, ümumilikdə Yer kürəsinin ekosistemi zərər görəcək.
Mahir Rəsuloğlu, “İki sahil”
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə