“Bu gün Fransanın milli bayramı-Bastiliyanın alınması günüdür. Tofiq Yaqublu bəylə birlikdə bu münasibətlə Fransa səfirliyinin düzənlədiyi tədbirə gedib Fransa polisinin Söyüdlüdə, pardon, Parisdə törətdiyi zorakılığa görə etirazımızı bildirdik. Fransanın ağbirçək analarının gözünə bibər qazı sıxan Paris jandarmeriyasının əməkdaşlarına ar olsun”.
Bu fikirlər ölkəmizin siyasi palitrasındakı partiyaları budaq-budaq gəzən, nəhayət, radikal müxalifətin lokomotivlərindən olan, vaxtilə xarici anti-Azərbaycan dairələrin sifarişi ilə yaradılan “Milli Şura”nın Koordinasiya Mərkəzində lövbər salan, pozucu, inkarçı dəstənin Ledi Qaqası kimi ad qazanan Gültəkin Hacıbəyliyə məxsusdur. Yanlış oxumadınız. Məhz Ledi Qaqası kimi. Çünki Gültəkin Hacıbəyli də L.Qaqa kimi “imicində” yenidən ixtiraları və əyləncə sənayesində çoxyönlü olması ilə tanınır. Yuxarıdakı fikirləri ilə G.Hacıbəyli yenə də, necə deyərlər, siyasət sənayesində əylənmək istəyib. Siyasəti yüngül əyləncə kimi dərk edən xanım “siyasətçi” özü də bilərəkdən və ya bilməyərəkdən bu dəfə “əqidədaşı”, “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu ilə əylənmək fikrinə düşüb.
İndi isə gələk T.Yaqubluya. Radikal müxalifətin ön sıralarında dayanan bu şəxsin adı gələndə dərhal hər kəsin yadına xəyanətkarlıq və satqınlıq düşür. Belə ki, bir neçə il bundan əvvəl Müsavat Partiyasının qurultayında qurumun başqanlığını ələ keçirə bilməyən T.Yaqublu, necə deyərlər, siyasi libasını dəyişərək birdən-birə “Milli Şura”çı oldu. Daha doğrusu, Ə.Kərimlinin əsas dayaq nöqtələrindən olan bu qurumun rəhbərliyinə gətirildi. AXCP sədrinin tapşırıq və tövsiyələrinə sözcüz əməl edən Tofiq Yaqublu tezliklə Əli Kərimlinin sağ əlinə çevrildi. Halbuki həmin bu T.Yaqublu bir vaxtlar, yəni ötən əsrin 90-cı illərində sabiq prezident Əbülfəz Elçibəyə qarşı impiçment məsələsindən danışarkən konkret olaraq bu işlərdə AXC-Müsavat hakimiyyətində ən yüksək vəzifələrdən birini tutan Əli Kərimlini ittiham edirdi.
Hələ bunlar harasıdır? Hər addımda ikiüzlülüyü, riyakarlığı və mənəviyyatsızlığı ilə özünü ifşa edən Tofiq Yaqublunun bu gün xarici ölkələrin Azərbaycandakı səfirliklərində birgə süləndiyi Gültəkin Hacıbəylinin, eləcə də sağ əli olduğu Əli Kərimlinin haqqında ittihamları əks etdirən səs yazısının yayılmasını hamımız yaxşı xatırlayırıq. Həmin səs yazısında bildirilirdi ki, 90-cı illərdə Ə.Kərimli Ə.Elçibəyin hakimiyyətinin devrilməsinin qərarını özü hazırlayıb. T.Yaqublunun G.Hacıbəyli haqqında dediklərini isə nəinki yazmağı, hətta xatırlamağı və xatırlatmağı belə özümüzə rəva görmürük.
Bütün bunlar bir yana. Ən əsası odur ki, cəmiyyətimiz qırx dörd günlük Vətən müharibəsi zamanı T.Yaqublunun antimilli, ermənipərəst mövqeyinin bir daha şahidi oldu. İctimaiyyətimiz 2021-ci il iyunun 15-də Qarabağın tacı olan Şuşada imzalanan, Azərbaycanın və Türkiyənin düşmənlərinə ciddi mesaj olan, iki qardaş ölkə arasında bütün sahələrdə inteqrasiyanın əsl nümunəsi sayılan, həmçinin region üçün yeni tarixi gerçəkliklər doğuran Şuşa Bəyannaməsi haqqında T.Yaqublu kimi antimilli ünsürün dediklərini də unutmayıb. Yaxşı yadımızdadır ki, bu xəyanətkar həyasızcasına ermənipərəst dairələrin dili ilə Şuşa Bəyannaməsini söz şöləni adlandırırdı.
Əxlaqi-mənəvi və psixoloji sarsıntılar içində çabalayan T.Yaqublu kimi antimilli ünsürlərdən bundan artıq nəsə gözləmək olmaz. Siyasi əxlaqsızlıq, mənəvi eybəcərlik rəmzi olan T.Yaqublunun bu gün sosial şəbəkələrdə, xarici kəşfiyyat orqanlarının maliyyələşdirdiyi internet TV-lərdə qrant aldığı xarici dairələrin sifarişi ilə anti-Azərbaycan təbliğatı aparması, eləcə də “əqidədaşı” G.Hacıbəyli ilə Fransa səfirliyinin qapısında da yallanması xəyanətkarlığın pik nöqtəsidir.
Təbii ki, təpədən-dırnağa qədər bataqlığa batmış “Milli Şura”nın dolanbaclarında veyillənən, cəmiyyətdə riyakarlığı, satqınlığı ilə tanınan, qrant dəllalı T.Yaqublu kimi marginalların demokratiya pərdəsi altında manipulyativ əməllərini, antimilli fəaliyyətini ictimaiyyətimiz ikrahla qarşılayır və birmənalı olaraq rədd edir.
Zahid Rza, “İki sahil”
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə