Ermənistan hakimiyyətinin sülhdən uzaq mahiyyətini doğuran amillərdən biri də erməni kilsəsidir. Azərbaycan və Ermənistan lidelərinin Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşündən əvvəl Eçmiədzin kilsəsinin ali ruhani şurası deyilən, din pərdəsi altında gizlənən ekstremist yığını bəyanat yayıb.
“Biz Ermənistan hakimiyyətini güzəştli mövqelərindən əl çəkməyə, qətiyyət nümayiş etdirməyə və Artsax xalqının öz doğma torpaqlarında müstəqil, təhlükəsiz və ləyaqətli həyatın təminatına çevriləcək vəziyyətin həllini əsaslı şəkildə təmin etməyə çağırırıq”.
Bu azğın fikirlər Eçmiədzin kilsəsinin bəyanatının ana xəttini təşkil edir. Sənəddə, həmçinin Qarabağda humanitar vəziyyətin, guya, ağırlaşdığı, Azərbaycanın davamlı antierməni fəaliyyət həyata keçirdiyi və bölgənin tam blokadası nəticəsində yerli əhalinin vəziyyətinin çətinləşdiyi vurğulanır. Rusiya sülhməramlı qüvvələrinin səylərinin nəticəsizliyi, Bakının təcavüzünün yeni miqyaslar aldığı diqqətə çatdırılır. Beynəlxalq ictimaiyyətə aciz yalvarışların əksini tapdığı bəyanatda, eyni zamanda, Avropa İttifaqına üzv dövlətlərə də müraciət ünvanlanır və “Laçın dəhlizi”nin qısa müddətdə açılması üçün kömək istənilir. Sənədin ən absurd məqamı isə orada “ATƏT-in Minsk qrupunun” adının çəkilməsidir. Baş erməni kilsəsinin yalvarışında artıq canını tapşırmış ölü qrupda təmsil olunan ölkələrə də üz tutulur. Göründüyü kimi, belə mühüm proseslərin yaşandığı bir dövrdə erməni kilsəsinin verdiyi bəyanat erməni cəmiyyətini sülhə hazırlamaq istəyinə uyğun gəlmir. Eçmiədzin kilsəsinin bu mövqeyi nifrət hissini artırmaqla milli ədavəti qızışdırmağa və başlanmış kövrək sülh prosesini pozmağa hesablanıb.
Kilsənin bu yaramaz əməlləri ölkəmizdə dəfələrlə tənqid hədəfi olub. Sonuncu dəfə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 2022-ci ilin oktyabrın 20-də Şuşada keçirilən III görüşündə çıxışı zamanı deyib ki, erməni apostol kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır.
Təəssüf ki, bu kampaniyalar yeni deyil. Belə ki, tarix boyu erməni kilsəsi erməni avantürizminin ideoloji ruporu rolunda, ilhamvericisi qismində çıxış edib. Yaxın keçmişin hadisələrini izləsək görərik ki, erməni kilsəsi Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ savaşı zamanı da təxribatçı mövqe tutdu. Dini idarənin dərin əsaslı çağırışının sülhə söykənməli olduğu halda, Eçmiədzin qisas və işğal toxumları səpdi. 44 günlük müharibə dövründə sosial şəbəkələrin erməni seqmentini əlində avtomat tutmuş erməni din xadimlərinin, keşişlərin şəkilləri bəzədi.
Bu da təsadüfi deyil, məsələ ondadır ki, Ermənistanla Azərbaycan, arasında yaşanan bütün münaqişələrin başında və sonrakı inkişafının mərkəzində hər zaman erməni kilsəsi dayanıb. Tarixə nəzər salsaq, Azərbaycana qarşı düşmənçiliyin, Qarabağda həyata keçirilən qırğınların, 1905-1907 və 1918-ci ilin martında soydaşlarımıza qarşı həyata keçirilən vəhşiliklərin başındabu kilsənin dayandığını sübut edən kifayət qədər faktların mövcud olduğunu görərik. Məlumdur ki, müxtəlif dövrlərdə erməni kilsələrinin əksəriyyətinin, xüsusilə də erməni qriqorian kilsəsinin təşkilatçılığı ilə terror planları hazırlanmış və həyata keçirilmiş, nəticədə minlərlə günahsız insan qətlə yetirilmişdir. Təbii ki, bu işdə əsas mərkəz rolunu “erməni kilsələrinin anası” hesab olunan Eçmiədzin - Üçkilsə oynayıb. Daha əvvəl Divin, Ani, Rumkale və Sis regionlarında fəaliyyət göstərən Eçmiədzin sonradan hazırkı yerinə, yəni İrəvan yaxınlığındakı eyniadlı yerə köçüb. Erməni mifinə görə, bu yeri Həzrət İsa (ə) təyin edib. Erməni kilsəsi Roma kilsəsinin hakimiyyətini və Xalkedon məclisinin qərarlarını qəbul etmir. Monofizit, yəni Həzrət İsanı (ə) ilahiləşdirirlər. Erməni kilsəsi uzun bir dövr ərzində ermənilərin yeganə dini və siyasi təşkilatı olub. Erməni dövləti ideyası da kilsədən gəlir. Baxmayaraq ki, dövlət olmadığı dövrdə hakimiyyəti məhz kilsə həyata keçirib. Bir çox tarixçilərə görə erməni millətini də yaradan kilsə olub. Yəni, ermənilik etnik amildən daha çox dini məna daşıyır və kilsə ilə sinxrondur. Erməni tarixçisi H.Pastırmacıyan bunu belə ifadə edir: “Erməni kilsəsi erməni millətinin kilsə tərəfindən verilən ruhunun yenidən dünyaya gəlmək üçün yaşadığı vücuddur”.
Aydındır ki, kilsə dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında fəal rol oynayan qurumdur. Erməni diasporu kilsənin qəbul etdiyi qərarları hər zaman böyük həvəslə icra edib və etməkdədir. Onların Azərbaycanın və azərbaycanlıların ünvanına səsləndirdikləri şər-böhtanların, uydurmaların hamısı erməni kilsəsinin vermiş olduğu qərarlara bağlıdır. Belə bir tendensiyaya digər səmavi dinlərin heç birində rast gəlinmir. Erməni din xadimləri isə xalqımıza qarşı düşmənçilik siyasətinin başında dayanırlar.
Nigar Orucova, “İki sahil”
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə