Qarabağdakı ermənilərdən hansısa maraqlar üçün istifadə cəhdləri iflasa uğrayacaq
Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə iyulun 15-də Belçikanın paytaxtı Brüsseldə baş tutan sayca altıncı görüşünü iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılmış mühüm addım kimi dəyərləndirmək olar. Ş.Mişelin görüşün nəticələri ilə bağlı mətbuata açıqlamasından göründüyü kimi, danışıqlar nəticəsində tərəflərin bir sıra prinsipial məsələlərdə yaxınlaşmasına nail olunub, Ermənistanın 29,8 min kv.km, Azərbaycanın isə 86,6 min kv.km olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığı bir daha qəti şəkildə təsdiqlənib. Məlumdur ki, Azərbaycanın Ermənistana qarşı hər hansı torpaq iddiası yoxdur, olmayıb da. Ermənistanın baş nazirinin ərazi bütövlüyümüzü anklavlar da daxil olmaqla tam şəkildə tanıdığını təsdiqləməsi isə Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Qarabağ məsələsinin sona çatdığını, bu reallığın həm düşmən ölkə rəhbərliyi, həm də beynəlxalq aktorlar tərəfindən qəbul edildiyini göstərir. Beləliklə, indi hər kəs onu da qəbul etməlidir ki, Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin gələcək talelərinin müəyyən edilməsi, onların hüquqlarının və təhlükəsizliklərinin təmini Azərbaycanın daxili işidir. Bizim daxili işlərimizə isə heç kimin qarışmaq ixtiyarı yoxdur.

Brüssel görüşü ilə eyni vaxtda Qarabağdakı separatçı rejimin Xankəndidə mitinqlərə başlaması iki faktorla əlaqəli ola bilər. Əvvəla, Ermənistanın siyasi hakimiyyətinin dəstəyindən məhrum olan qondarma qurumun “rəhbərliyi” qaçılmaz sonun yaxınlaşdığını hiss etdiyi üçün ictimai məsuliyyətdən yayınmağa, bu məsuliyyəti başqalarının, daha çox Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin üzərinə atmağa çalışır. Səslənən şüarlar, ermənilərin sülhməramlıların qərargahına yürüş etmələri və qərargahın qarşısında çadırlar qurmaları da bu ehtimalı gücləndirir. Çünki qondarma “prezident” Araik Arutyunyan yaxşı bilir ki, indiki halda rus sülhməramlılarının, onların komandanı, general-polkovnik Aleksandr Lentsovun proseslərə, həmçinin Azərbaycanın Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə müdaxilə etmək imkanları yoxdur. Bu, açıq-aşkar Azərbaycanın daxili işlərinə qarışmaq olar ki, Azərbaycan hakimiyyəti buna heç bir halda yol verməz. Belə vəziyyətdə yaranmış gərginliyin günahkarı kimi rusları hədəf göstərmək daha asandır, nəinki narazı kütlə qarşısına cavabdeh kimi çıxmaq.
Ağdam-Xankəndi marşrutunu qəbul etməsələr, geriyə bircə yol qalır – Xankəndi-Laçın-Ermənistan...
Bəllidir ki, Qarabağda yaşayan ermənilər separatçıların təzyiqlərindən, onların günahları ucbatından rastlaşdıqları problemlərdən beziblər. Elə Xankəndidə keçirilən aksiyadan yayılan kadrlardan da görünür ki, bəzi hallarda erməni sakinlər çıxış edənlərin sözlərini kəsib onlara danışmağa imkan vermir, onlara yüksək səslə etirazlarını bildirirlər.
Mitinqlərin keçirilməsində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını, münasibətlərin normallaşmasını, o cümlədən Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını istəməyən xarici qüvvələrin də əli ola bilər. Bu ehtimalı gücləndirən əsas amil Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurulmazdan əvvəl Xankəndiyə başqa dövlətlərin maraqlarını təmin etmək məqsədilə xüsusi “kadrların” “ezam edilməsi” ilə bağlı faktlardır.
Rusiyalı cinayətkar, milyarder Ruben Vardanyanın Qarabağa gəlişi, qısa müddətdə qondarma “hakimiyyətdə” yüksək posta yiyələnməsi, yalnız Azərbaycanın qəti tələbindən sonra “dövlət naziri” vəzifəsindən kənarlaşdırılması da belə faktlardan biridir. Ola bilər ki, separatçı rejimin ləğv edilməsinin qaçılmaz olduğunu, hətta onun və quldur dəstəsinin qanunlarımız qarşısında cavab verəcəyi (ən yaxşı halda Azərbaycan rəhbərliyi hümanizm nümayiş etdirərək haqlarında amnistiya tətbiq edilməsi məsələsinə baxa bilər. Bu fikir ABŞ Dövlət Departamenti tərəfindən alqışlanıb) ehtimalının yaxınlaşdığını hiss edən Arutyunyan “topu başqalarına ötürmək” təklifi ilə razılaşmalı olub. Ancaq kimlərinsə torpaqlarımızda yeni oyun qurmaq cəhdləri həmişə olduğu kimi iflasa məhkumdur.
Azərbaycan Qarabağdakı ermənilərin reinteqrasiyası, onların sosial və digər problemlərinin həlli istiqamətində artıq bir neçə dəfə müvafiq addımlar atıb, təmasların davam etdirilməsi üçün erməni icmasının nümayəndələri görüş üçün Bakıya dəvət edilib. Ancaq separatçıların təzyiqləri və mane olmaları səbəbindən görüş baş tutmadı. Azərbaycan öz humanist mövqeyini yenə də göstərməkdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinə Qarabağdakı ermənilərə humanitar yüklər çatdırmaq üçün Ağdam-Xankəndi marşrutu təklif edilib. Əgər ermənilər bu imkandan da yararlanmaq istəməsələr, geriyə bircə yol qalacaq – Xankəndi-Laçın-Ermənistan...
Mahir Rəsuloğlu, “İki sahil”
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə