17 iyul 2023 14:31
498

Müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilib

Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd etdiyi kimi, ilin ilk altı ayı səmərəli keçib. Ölkəmiz özünün müəyyənləşmiş iqtisadi inkişaf tempinə uyğun olaraq bu altı ay ərzində uğura imza atıb. Qeyri-neft sektoru, qeyri-neft sənayesində mühüm artım qeydə alınıb. Bununla yanaşı ölkəmizin sabit maliyyə durumu qarşıya qoyulan hədəflərin təminatına imkan verib. Məhz bunun nəticəsidir ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra iqtisadi, sosial sahədə də öz inkişaf tendensiyasını qoruyub saxlamış, onu daha da gücləndirmişdir. Bu il Azərbaycan dövlət büdcəsi öz tarixinin rekord səviyyəsinə yüksəlib.

Uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir. Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox məbləğə qalxıb. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək. Qloballaşan dünyada ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək. Dövlətimizin başçısı qeyd etmişdir ki, Cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi ki bu sahədə nəzərdə tutulan işlər yerinə yetirilmişdir. Cənab Prezidentin çıxışında bu aspektlər geniş təhlil edilərək əsas prioritetlər üzrə fəaliyyətin istiqamətləri diqqətə çatdırılmışdır. Qeyd edildiyi kimi, makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib.

Dövlətimizin başçısının müşavirədə toxunduğu digər bir məsələ Gədəbəy rayonunun Söyüdlü kəndində ekoloji vəziyyət və ətraf mühitə vurulmuş ziyan, bunun fonunda yaranmış gərginliklə bağlı olub. Ölkə başçısı baş vermiş hadisənin mahiyyətini və səbəblərini açıqlayıb. Hansısa bir xarici investorun ölkəmizin təbiətini zəhərləməsinin yolverilməz hal olduğu deyilib. Vətəndaş maraqlarının üstün olması qeyd olunub. Örüş və otlaq sahələrinin zəbt edilməsinin, heç kəsdən icazə almadan ikinci tullantı gölünün yaradılmasının qəbuledilməz olduğu vurğulanıb. Prezident həmçinin asayiş keşikçilərinə qarşı edilən qeyri-qanuni hərəkətlərin yolverilməz olduğunu bildirib. Ölkə başçısı qəti olaraq dövlət qurumları qarşısında konkret tapşırıq və vəzifələr qoyub, bu hadisələrin obyektiv araşdırılması ilə bağlı göstəriş verib. Prezidentin vermiş olduğu bu qiymətlə Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiq edib. Bu əslində ölkədə hər bir vətəndaşa sosial durumu ilə yanaşı onun sağlam, ekoloji mühitdə yaşamasına verilən yüksək qiymət hesab edilir. Azərbaycan vətəndaşı bir daha əmin oldu ki, dövlət hər zaman onu düşünür və onun yanındadır.  Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləridir. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edir. İqtisadi layihələrin miqyası bütün ölkəni əhatə edir. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir. Möhkəm təməl üzərində qurulan yaşayışı təmin etməklə bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdıra və onu davamlı artıra bilərik. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl tərəfdaşlığının inkişafı vacibdir. Dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilməli, bu sahədə şəffaflıq səviyyəsi artırılmalıdır. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır.

Ayaz Cəbrayılov,
YAP Kürdəmir rayon təşkilatının sədri