“Müstəqil Azərbaycanın neft strategiyasını ardıcıl həyata keçirərək biz böyük uğurlara nail olmuşuq. Gələcəkdə isə bu uğurlar daha da artacaqdır…Təbii ki, neft özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir. Tam qətiyyətlə demək olar ki, bu vasitədən səmərəli və məqsədyönlü istifadə etməklə, bu mənbədən lazımınca bəhrələnməklə biz yaxın gələcəkdə Azərbaycanı ən yüksək həyat səviyyəli ölkələrdən birinə çevirə biləcəyik”. Bu sözləri ümummilli liderimiz H. Əliyev 2000-ci il 29 dekabrda “Yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət”ində qeyd edirdi.
Bu sözlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün artıq reallığa çevrilmişdir. Azərbaycan uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün özünün zəngin neft–qaz ehtiyatlarından istifadə edərək “qara qızıl”ın qeyri–neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, gələcəkdə neft–qaz gəlirlərindən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyasını uğurla həyata keçirir.
Prezident İlham Əliyev hələ bir neçə il əvvəl qeyd edirdi: “Azərbaycanda iqtisadi inkişafın istiqamətləri çoxşaxəlidir və biz bu gün qeyri–neft sektorunun inkişafına üstünlük veririk. Bu bizim prioritet məsələmizdir”.
2013–cü ildə Bakıda keçirilən Dünya İqtisadi Forumunun açılışında ölkə Prezidenti qeyd edirdi ki: “Son 10 il ərzində əsas məqsədimiz iqtisadiyyatın şaxələndirilməsi olmuşdur. Əgər Azərbaycanın iqtisadi inkişafına nəzər yetirsəniz, görərsiniz ki, iqtisadiyyatımız son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşdur”.
2012–ci ildə ölkənin qeyri–neft sektorunda 28474.9 milyon manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 56,5 faizdən çoxu sosial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür. Ölkə iqtisadiyyatının qeyri–neft sektorunda yaradılan əlavə dəyəri 2011–ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çox olmuşdur. Qeyri–neft sənayesində 6510.4 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ölkə üzrə bütün sənaye məhsullarının 19,2 faizini təşkil etməklə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə onun payı 2,5 faiz artıqdır.
Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, qeyri–neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdən ibarətdir. Qeyri–neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaq.
Qeyri–neft sənayesinin inkişaf etdirilməsi məqsədilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi genişləndiriləcək və onlardan istifadənin səmərəliliyi yüksəldiləcək.
2023-cü il iyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə”də Azərbaycanın tarixi Zəfərindən sonra bütün sahələrin daha da yeniləşərək, təkmilləşərək davamlı uğurlara imza atdığı əsaslı şəkildə diqqətə çatdırıldı.
Prezident İlham Əliyev qeyd edib ki, ilin əvvəlində verdiyim tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atılmışdır. İlin altı ayı arxada qalır. Müəyyən dərəcədə yekunlar haqqında danışmaq olar. Halbuki əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir. Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil. Ancaq qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz artıbdır və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.

Çiçək Əliyeva,
Bakı şəhəri, Xətai rayonu 263 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat
müəllimi,
YAP Xətai rayon təşkilatının "Mehmandarov 78" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə