16 iyul 2023 12:05
499

Paşinyanın "poçtalyonluq missiyası"

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı qondarma rejimin qondarma "prezidenti" Araik Arutyunyanın məktubunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişele çatdırıb. Bununla da poçtalyonluq missiyasını “uğurla” yerinə yetirib. Həmin məktubda nələrin yazıldığı müəmmalı olsa da təxmin etmək olar ki, Araik yenə öz erməni xislətinə uyğun, yəni yalandan “acından ölürük”, “bizə qarşı etnik təmizləmə həyata keçirilir” kimi fikirlərdən  istifadə edib. Bir sözlə, məktub böhtanlardan ibarətdir.  

Yeri gəlmişkən qeyd edək ki, bu baş separatçı bir neçə gün bundan əvvəl Rusiya Prezidenti Vladimi Putinə də məktub göndərmişdi. Özü də həmin məktubda Laçın yolundakı nəzarət-buraxılış məntəqəsini ləğv edilməsini, "humanitar problemləri" yoluna qoymağı tələb etmişdi. Amma həmin məktuba indiyədək cavab verilməyib və verilməyəcək də… Çünki rəsmi Moskva  yaxşı dərk edir ki, Rusiya sülhməramlılarının Laçın nəzarət-keçid məntəqəsinə müdaxilə cəhdi Azərbaycan və Rusiya arasında hərbi qarşıdurma təhlükəsi yarada bilər. Əslində, separatçı-terrorçu dəstənin əsas hədəfi məhz bundan ibarətdir. Şübhəsiz, haylar bu kimi addımlarla  guya Rusiya sülhməramlılarının onlara yardımçı olmadıqlarını, Azərbaycanın tərəfini saxladıqlarını dünyaya bəyan etmək istəyirlər. 

Görünür, Şarl Mişel də Paşinyanın ona təqdim etdiyi məktuba etinasız yanaşacaq və onu bir kənara tullayacaq. Bununla da artıq rəhbəlik etdiyi qurumun erməni lobbisinin girovuna çevrilməsindən, həmçinin onların əlində alətə çevrildiyindən bezdiyini nümayiş etdirəcək.

O ki qaldı Şarl Mişelin məktubu qəbul etməyinə. Şübhəsiz, Mişel etika naminə bu addımı atıb. Yəni bu və ya digər beynəlxalq tədbirdə öz hərəkətləri ilə gülüc vəziyyətlərə düşən Nikol Paşinyan kimi “nüfuzlu” poçtalyonu pərt etmək istəməyib. Bunu Şarl Mişelin istehzalı baxışlarından da hiss etmək mümkündür. Qeyd edək ki, son günlər Sarl Mişel həqiqətən də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində kifayət qədər cəhdlər göstərir. Elə bu səbəblərdən iyulun 14-də Prezident İlham Əliyev Belçika Krallığına işgüzar səfər çərçivəsində Şarl Mişellə görüşərkən  Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində göstərdiyi səylərə görə ona təşəkkürünü də ifadə edib.
Nikol Paşinyanın poçtalyonluğuna gəldikdə isə… Görünən odur ki, Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Paşinyan separatçıllıq meyillərini bir kənara qoymaq, Azərbaycana qarşı ərazi iddiası məsələsindən əl çəkmək niyyətində deyil. Bu dəfə sadəcə o, fikirlərini Araikin məktubu ilə gündəmə gətirib. Başqa sözlə desək, o, bu dəfə, əgər belə demək mümkünsə,  ilanı başqasının, daha dəqiq desək, baş separatçı Araikin əli ilə tutmağa çalışıb. Yəni məsələ mənlik deyil. Amma görünən odur ki, Paşinyanın poçtalyonluğu, Araikin məktubu heç nəyi dəyişməyəcək. 

Qvami Məhəbbətoğlu, “İki sahil”