Azərbaycanda ötən illəq ərzində qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son 8 ildə ölkədə qeyri-neft sektorunda artım 2.2 dəfədən çox olub. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Keçid dövrünü yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bu tendensiyanın göstəricilərindən biri kimi, son 8 ildə ölkədə 1 milyondan yuxarı iş yeri yaradılıb və bunun böyük hissəsi məhz qeyri-neft sektorunda baş verib.
Azərbaycanın dünya iqtisadiyyatlarının rəqabətlik reytinqində öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmasına imkan vermişdir. 2012–2013–cü illər üçün dünya iqtisadiyyatlarının rəqabətlik reytinqində respublikamız dünyanın 50 ən rəqabətli iqtisadiyyatları qrupuna daxil olmuş və 144 ölkə arasında 46–cı olmuş və 2011–ci illə müqayisədə öz mövqeyini 9 pillə yaxşılaşdırmışdır. Makroiqtisadi sabitlik göstəricisinə görə Azərbaycan 18–ci yerdə olmaqla ilk iyirmilikdə qərarlaşmışdır. 2011–ci illə müqayisədə ən böyük artım (19 pillə) “Əmtəə bazarının səmərəliliyi” göstəricisi üzrə əldə edilmişdir.Azərbaycan “İnnovasiya potensialı” göstəricisi üzrə 14 pillə, “Texnoloji səviyyə” göstəricisi üzrə 13 pillə, institutların keyfiyyəti göstəricisi üzrə isə 5 pillə irəliləmişdir. Rəqabətlilik indeksinə görə Azərbaycan artıq 4 ildir ki, MDB məkanında liderdir.
Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, qeyri–neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdən ibarətdir.“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ixrac yönümlü iqtisadi model əsas götürülmüşdür və nəzərdə tutulr ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri–neft ixracının artımına səbəb olacaqdır. Qeyri–neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaqdır. Təkcə 2012-ci ildə ölkədə 60-dan çox sənaye müəssisəsi istifadəyə verilib. Gələcəkdə sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcək. Həmçinin, Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində ardıcıl işlər aparılır. Bundan başqa, Mingəçevirin sənaye potensialı və investisiya qoyuluşu imkanları araşdırılır. Qeyd edək ki, qeyri-neft məhsullarının ixracı isə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 13,5 faiz artıb. İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlığı, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir.
Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir. Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün ölkə prezidentinin sərəncamları və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib. Bu xərcləmələr çox keçmədən öz bəhrəsini verməyə başlayıb və iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olub.
Beləliklə, Azərbaycan özünün zəngin neft-qaz ehtiyatlarından uzunmüddətli və davamlı iqtisadi inkişafa nail olmaq üçün uğurla faydalanmaqdadır. “Qara qızıl”ın qeyri-neft sektorunun inkişafı üçün aparıcı qüvvə olan insan kapitalına çevrilməsi, neft-qaz gəlirlərindən istifadə etməklə gələcəkdə bu gəlirlərdən asılı olmayan güclü, rəqabətədavamlı iqtisadiyyat qurulması strategiyası öz nəticələrini verməkdədir.
Türkan Ağaverdiyeva,
YAP Xətai rayon təşkilatının fəalı
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə