15 iyul 2023 00:29
543

İlin sonuna qədər Zabux və Sus kəndlərinə keçmiş məcburi köçkünlər qayıdacaqlar

Dövlətimiz işğaldan azad olunan bütün ərazilərdə bərpa-quruculuq işləri həyata keçirir. Müharibənin başa çatdığı 2 ildən çox müddət ərzində  Azərbaycan ermənilərin 30 ildə minaladıqları əraziləri minalardan təmizləyir və 10 min kv km ərazidə geniş yenidənqurma və bərpa işləri aparılır. Həyata keçirilən bütün layihələr Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulduğu kimi yüksək səviyyədə icra edilib. Azərbaycan dövlətinin müəyyənləşdirdiyi bərpa və quruculuq missiyasının uğurla yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər olunub. Belə ki, ötən müddətdə işğaldan azad olunmuş ərazilərimizdə insanların rahat və firavan yaşayışının təməlinin qoyulması üçün mühüm infrastruktur layihələri icra olunub. Sevindirici haldır ki, Azərbaycan bütün bu işləri təkbaşına, heç bir ölkədən və beynəlxalq maliyyə qurumundan yardım istəmədən, öz gücü ilə həyata keçirir. Yeri gəlmişkən, Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün dövlət büdcəsindən 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. Bu ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz çox, yəni 3 milyard manat nəzərdə tutulub. Artıq həmin vəsaitin 60 faizi istifadə olunub. Bu da Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması ilə bağlı işlərin sürətlə həyata keçirilməsinə dəlalət edir.

Bununla belə, Azərbaycanın maliyyə imkanlarının artması ilə əlaqədar olaraq dövlət büdcəsinə yenidən baxılaraq onun xərclər hissəsi 3 milyard manat artırılıb. Həmin vəsaitin 1,8 milyard manatı isə Qarabağın və Şərqi Zəngəzurun bərpasına ayrılıb. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımızın rahat yaşaması, işlə təmin olunması, onların təhlükəsizliyi üçün hər cür şərait yaradılır. Erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir.

İyulun 11-də  Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında deyib: “Əlbəttə ki, biz bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq. Deyə bilərəm ki, mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik. Hökumət üzvləri və digər rəsmi şəxslər müntəzəm olaraq azad edilmiş bölgələrə ezam olunurlar. Biz hər şeyi planlı şəkildə edirik, orada ən yüksək standartlar tətbiq edilir və edilməlidir. Bütövlükdə, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. Onu da bildirməliyəm ki, görülən bütün işlər Azərbaycan hesabına həyata keçirilir”.

Xatırladaq ki,  Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasının birinci mərhələsində işğaldan azad olunmuş ərazilərdə 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanın təmin olunmasını xüsusi nəzarətdə saxlayan Prezident İlham Əliyev ötən müddətdə 8 şəhər, 22 qəsəbə və kəndin təməlini qoyub. Məlum müşavirədəki çıxışında bu məqama xüsusi toxunan dövlət başçısının qeyd etdiyi kimi, artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin olunub. İlin sonuna qədər isə Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramının ardıcıllıqla icra olunduğunu vurğulayan ölkə rəhbəri ilin sonuna qədər bir şəhər və dörd kənddə vətəndaşların öz dədə-baba torpaqlarında məskunlaşacaqlarını bildirib. Ölkə Prezidenti Laçın şəhərinin timsalında görülən işləri, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsinin tamamilə bərpa olunduğunu təqdirəlayiq hal adlandırıb. Artıq Laçında 700-dən çox ailə üçün həm fərdi, həm çoxmənzilli evlər inşa olunduğunu bildirən dövlət başçısı şəhərin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar atılacağını diqqətə çatdırıb.

Onu da qeyd edək ki,  işğalçıdan təmizlənən torpaqların dirçəlməsi, bu ərazilərə yeni nəfəs verilməsi strategiyasında sənayeləşmə siyasəti xüsusi yer tutur. Başqa sözlə, Qarabağ və Şərqi Zəngəzurda sənaye parklarının qurulması və bu müəssisələrə investisiya cəlb olunması bölgənin resurslarından, həmçinin iqtisadi imkanlarından yararlanmaqla adları çəkilən iqtisadi rayonların ölkə iqtisadiyyatına səmərəli reinteqrasiyasına əlavə stimul yaradır.

Yeri gəlmişkən, bu ərazilərdə sənayeləşmə prosesinin mərhələli şəkildə aparılacağı planlaşdırılıb. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün ilkin mərhələdə tikinti şirkətləri prosesə qoşulub. Əhalinin tezliklə işğaldan azad edilən yaşayış sahələrinə qayıdacağı nəzərə alınaraq, bu ərazilərdə məskunlaşan keçmiş məcburi köçkünlərin məşğulluğu, onların ərzağa olan tələbatının ödənilməsi xüsusi diqqətdə saxlanılıb. Bu baxımdan, növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül və qida sənayesinin formalaşdırılması prosesinin həyata keçiriləcəyi diqqətdə saxlanılıb.

Laçın Aqro və Sənaye Parkının yaradılması da əsasən bu məqsədə xidmət edir. Parkda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərəcəyi, onların da 80 faizinin bu il yayın sonunadək işə başlayacağı nəzərdə tutulur. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan zavod, balıq təsərrüfatı, yeyinti və yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, eyni zamanda, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzinin yaradılması planlaşdırılır. Bu ayın sonunadək artıq keramik məhsullar fabrikinin də işə düşəcəyi  gözlənilir. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili nəzərdə tutulur.

Göründüyü kimi, 44 günlük Vətən müharibəsi bitən gündən işğaldan azad edilən ərazilərimizin yenidən qurulması həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir. Bu çərçivədə icra olunan layihələr isə həmin yerlərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini və iqtisadi inkişafını hədəfə alıb.

Nigar Orucova, “İki sahil”