15 iyul 2023 01:43
556

Sülh naminə Brüssel...

Azərbaycan danışıqların növbəti raundunda da diktə edən tərəfdir

Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək. İki ölkə arasında münasibətlərin normallaşmasına və sülh müqaviləsinin mətninin razılaşdırılmasına dair məsələlərin müzakirə olunacağı görüş dünyada və regionda cərəyan edən son hadisələr fonunda xüsusi əhəmiyyət daşıyır. Bəs danışıqların Belçikanın paytaxtında baş tutacaq növbəti raundundan hansısa konkret nəticələr gözləmək mümkündürmü? Görüş sülh müqaviləsinin imzalanması prosesini nə dərəcədə yaxınlaşdıra bilər?

Əvvəlcə onu qeyd edək ki, bu formatda sonuncu görüş bu il mayın 13-də Brüsseldə baş tutub. İyunun 1-də Moldovanın paytaxtı Kişineuda aparılan danışıqların formatı isə daha geniş idi. Beştərəfli görüşə Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts da qatılmışdı. Ancaq gözlənildiyi kimi, O.Şoltsun prosesdə ilk dəfə iştirakı, ermənipərəst mövqeyini əvvəllər də dəfələrlə nümayiş etdirmiş Fransa liderinin masaya oturması konkret nəticələrin əldə olunmasına hansısa töhfə vermədi. Əksinə, Makronun görüşdən dərhal sonra Fransadakı erməni lobbisinin liderlərinə hesabat verməsi ilə bağlı xəbərlərdən sonra danışıqların yeni beştərəfli formatda davam etməyəcəyi dəqiqləşdi. Makronun son davranışları Fransanın Cənubi Qafqazdakı proseslərə neytral vasitəçi kimi deyil, maraqlı tərəf kimi qatıldığını növbəti dəfə göstərdi. Azərbaycanın dövlət maraqlarına, suverenliyinə zidd siyasi kurs Fransanı sülh danışıqlarından tamamilə təcrid etmiş oldu. Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilən görüşləri isə nəticə etibarilə daha səmərəli hesab etmək olar. Sülh müqaviləsinin mətninin müzakirələri və hətta bir sıra bəndlərin razılaşdırılması, tərəflərin prinsipial məsələlərdəki mövqelərində müəyyən yaxınlaşmalara nail olunması, məhz Ai-Azərbaycan-Ermənistan formatında aparılan danışıqlarda konkret nəticələrə ümid yaradır.

Brüssel görüşlərinin bugünkü raunduna gəlincə, Azərbaycan lideri Belçika paytaxtına birmənalı olaraq qalib və diktə edən tərəf kimi yollanıb. Elə sülh müqaviləsinin masadakı mətni də Azərbaycanın təqdim etdiyi 5 prinsip əsasında hazırlanıb və həm beynəlxalq qanunlara, həm də ölkəmizin maraqlarına uyğundur. Daha bir vacib məqam isə Azərbaycanın sülh gündəminə sadiqliyidir ki, bu reallıq beynəlxalq aktorlar tərəfindən də müsbət qiymətləndirilir. Bu gün Aİ başda olmaqla ABŞ və Rusiya kimi vasitəçilər Azərbaycanın ədalətli mövqeyini qəbul etməklə yanaşı, onun sülh müqaviləsinin imzalanmasına konstruktiv yanaşmasının da şahididirlər.

Azərbaycan Prezidenti İlham Əliyev bugünkü Brüssel görüşündən bir neçə gün əvvəl, iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında sülh danışıqlarına toxunaraq bildirib ki, bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər: “Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.”

Ancaq Azərbaycandan fərqli olaraq Ermənistan bütün mümkün variantlarla yekun nəticənin əldə edilməsinə süni maneələr yaradaraq danışıqların uzanmasına səbəb olur. Rəsmi İrəvandan səslənən bir-birini təkzib edən bəyanatlar, iki ölkə arasındakı şərti sərhəddə ermənilər tərəfindən atəşkəsin mütəmadi pozulması və digər təxribat cəhdləri başda baş nazir Nikol Paşinyan olmaqla düşmən ölkənin siyasi rəhbərliyinin əslində sülh gündəminə səmimi yanaşmadığını sübut edir. Beynəlxalq vasitəçilər də Ermənistanın bu qeyri-konstruktiv mövqeyini görürlər və bu siyasətə son qoyulması üçün təzyiqləri artırmalıdırlar. Ermənistan nəhayət anlamalıdır ki, əvvəla, Azərbaycanın səbri hüdudsuz deyil. İkincisi, böyük dövlətlər və Aİ kimi nüfuzlu beynəlxalq təşkilat Ermənistanın bu qədər qeyri-ciddi davranışlarını uzun müddət sakit qarşılamayacaq, sözdə deyil, əməldə də nəticə tələb edəcək.

Bu gün Belçika paytaxtında sülh müqaviləsi imzalana bilərmi? Azərbaycanın dövlət başçısı sözügedən müşavirədəki çıxışında Ermənistan tərəfin mövqeyində müsbətə doğru hərəkətin olduğunu bildirib və bunu müsbət hal kimi dəyərləndirib: “Ermənistan əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik.”

Görüşöncəsi Ermənistanın baş naziri də Belçikada keçiriləcək sülh müqaviləsi danışıqlarında irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib, ancaq sənədin imzalanmaq üçün hələ hazır olmadığına eyham vurub. Mövqelərdəki müəyyən yaxınlaşmaları, eyni zamanda, Aİ-nin və ABŞ-ın keçirilən görüşlərin tezliklə məntiqi nəticə ilə yekunlaşması istiqamətindəki cəhdlərini də nəzərə alsaq yekun sənədin imzalanması ehtimalı da yox deyil. Hər şey Nikol Paşinyanın mövqeyindən asılı olacaq. Bəs Ermənistanın baş naziri bu dəfə necə, kapitulyasiya aktı yerinə sülh müqaviləsi imzalamağa özündə güc tapa biləcəkmi?

Mahir Rəsuloğlu, “İki sahil”