14 iyul 2023 22:51
629

Məramı sülh olmayanların…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın haqlı olaraq Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması haqqında fikir səsləndirməsi beynəlxalq miqyasda ictimai rəyin formalaşmasında ilkin addım kimi qiymətləndirilir

Xəbər verildiyi kimi, bir neçə gün öncə NATO-nun Vilnüs sammiti başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya önəmli mesaj ünvanladı. Qardaş ölkə lideri Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Qarabağı tərk edəcəyini bildirdi. “Razılıq bu formadadır və Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edirəm. Hörmətli qardaşım İlham Əliyev də məsələni yaxından izləyir” ,– deyə Ərdoğan bildirdi.

Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın sammit zamanı dedikləri İrəvanda qızğın müzakirələrə və ciddi təşvişə səbəb olub. Necə deyərlər, ermənilərin canına vəlvələ salıb. “Türkiyə Prezidenti Ərdoğan, əslində, Türkiyə-Azərbaycan tərəfinin Qarabağda Rusiyadan nə gözlədiyini açıq mətnlə söylədi”. Bunu türkoloq, tarix elmləri namizədi Varujan Gegamyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazır. V.Gegamyan Türkiyə Prezidentinin açıqlamalarından möhkəm narahatlıq keçirdiyini gizlətməyib: "Təxmin etdiyiniz kimi, Türkiyə və Azərbaycan 2025-ci ildə Rusiyanı bu və ya digər şəkildə Artsaxdan (Qarabağdan-red.) qovmağı bacararsa, bununla da Artsax və Artsax ermənilərinin tarixinin son səhifəsi bağlanacaq. Bundan sonra Türkiyə-Azərbaycan qüvvələri bütün resurslarını Sünik və Vayotsz Dzorun fəthi istiqamətində cəmləşdirəcək və bunun bir hissəsi olaraq 2,5 ildir ki, bu sahələrdə strateji əhəmiyyətə malik ərazi genişlənmələrindən tutmuş strateji əhəmiyyətli ərazilərə qədər hər şey daxildir.”

Məlumdur ki, Üçtərəfli Bəyanatla sülhməramlı kontingentə konkret missiya həvalə olunub. Ancaq üç ilə yaxın bir müddətdə, proseslərin gedişindən görünür ki, sülhməramlılar öz missiyalarını lazımi səviyyədə yerinə yetirmirlər və yaxud bunu etmək istəmirlər. İlk növbədə diqqəti çəkən mühüm məqamlardan biri odur ki, sülhməramlılar öz məsuliyyətlərini unudaraq bilavasitə ermənilərə havadarlıq edirlər və onların qeyri-qanuni hərəkətlərinə göz yumurlar. Üçtərəfli razılaşmaya əsasən, artıq iki ildən çoxdur Azərbaycan ərazisində yerləşdirilmiş kontingentin “çətiri” altında olan erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyiblər. Bu azmış kimi, erməni silahlıları sülhməramlıların “çiyni üzərindən” Azərbaycana qarşı yeni təxribatlar həyata keçirir. Ötən dövr ərzində artıq bir neçə dəfə bu kimi genişmiqyaslı təxribatın qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınıb. Ermənilər bu təxribatlarının cavabını layiqli şəkildə alıblar. Bu isə onu göstərir ki, sülhməramlı kontingent heç də atəşkəsin pozulmamasına nəzarət etmir, əksinə, erməni silahlılarına yeni təxribatlar üçün zəmin formalaşdırır.

Rusiya sülhməramlılarının məramsız fəaliyyətlərinin tərkib hissəsi kimi bir faktı xatırlayaq. Bir neçə ay öncə İctimai Televiziyanın lentə aldığı videodakı süjetdə müxbirin suallarını sülhməramlı kontingentin üzvü cavablandırır. Ancaq sualları rus dilində cavablandıran bu “sülhməramlının” diksiyası, manevrləri onun erməni olduğunu təsdiqləyir. Növbəti belə fakt Şuşa-Laçın yolunda keçirilən aksiya zamanı aşkarlanmışdı. Belə ki, aksiya iştirakçıları əsgərlərdən biri ilə erməni dilində danışmışdı. Həmin hərbi qulluqçu onlara ermənicə cavab vermişdi. Hadisə yerində olan jurnalistlər bildirmişdilər ki, sülhməramlıların nümayəndələrinin arasında 3 erməni var idi.

May ayında Qarabağ iqtisadi rayonunda erməni quldur dəstələrinin növbəti qanunsuz əməllərinin üstü açıldı. Caliber.Az –ın bununla bağlı yaydığı kadrlarda Xocalı rayonundakı poliqonda, Rusiya sülhməramlı kontingentinin gözü qarşısında qanunsuz erməni silahlı dəstələrinin üzvləri tərəfindən hərbi hazırlıq və digər döyüş təlimlərini həyata keçirdikləri əks olunub. Xüsusilə qeyd edək ki, təlimə cəlb edilən qanunsuz silahlı dəstənin üzvləri poliqona bütün beynəlxalq konvensiyalara zidd olaraq məktəbli avtobusunda (School bus) gətiriliblər.

Bu gün də Rusiya sülhməramlıları onlara müvəqqəti olaraq həvalə edilən missiyaya zidd olaraq növbəti dəfə qanunsuz erməni silahlı birləşmələrinin hərbi yüklər daşımasına şərait yaradırlar. Yayılan görüntülərdən də açıq-aşkar görünür ki, sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Xəlfəli-Qaybalı yolu vasitəsilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələri döyüş mövqelərinə hərbi daşımaları həyata keçirirlər.

Göründüyü kimi, sülhməramlıların fəaliyyəti onların statusu ilə üst-üstə düşmür. Rusiya sülhməramlılarının 2025-ci ildən sonra Qarabağda qalmasının heç bir perspektivi yoxdur. Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni vətəndaşlarına sülhlə bağlı təkliflər irəli sürüb. Yaxın vaxtlarda həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan münasibətlərində müsbət dəyişikliklər olacağına ümidlər böyükdür. R.T.Ərdoğanın haqlı olaraq sülhməramlıların Qarabağdan çıxarılması haqqında fikir səsləndirməsi beynəlxalq miqyasda ictimai rəyin formalaşmasında ilkin addım kimi qiymətləndirilir.

Xatırladaq ki, Rusiya sülhməramlılarının mandatının uzadılmayacağı və onların 2 ildən sonra Azərbaycan ərazilərini tərk etməli olacaqlarını Prezident İlham Əliyev də əminliklə bildirib. Ölkə başçısı 8 Noyabr - Zəfər günü münasibətilə Şuşada hərbçilər qarşısında çıxışı zamanı bu məsələyə aydınlıq gətirib: “Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər. 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir”, - deyə Ali Baş Komandan sülhməramlı məsələsinə nöqtə qoyub.

Sevinc Azadi, “İki sahil”