14 iyul 2023 11:28
419

Həyata keçirilən davamlı islahatlar ölkəmizin iqtisadi qüdrətini artırıb

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir. Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb.

Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb. Ötən dövrdə neft gəlirləri hesabına ölkənin maliyyə imkanlarının genişlənməsi fonunda aktiv şəkildə əsas kapitala kifayət qədər irihəcmli investisiyalar yönəldilib. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, sənayeləşmədə, qeyri-neft sektorunun inkişafı üzrə görülən işlərdə, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səslənən rəqəmlər də təsdiqləyir. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi, ölkəmizdə yenə də dayanıqlı inkişaf təmin edilib, qeyri-neft sektoru böyüyüb, Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa-quruculuq işləri geniş vüsət alıb, iqtisadi və sosial sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilib və uğurlar da ortadadır.

Bu gün qlobal məkanda yaranan çağırışlara uyğun yeni iqtisadi inkişaf hədəflərinin müəyyənləşdirilməsi dünya ölkələri üçün son dərəcə aktual məsələyə çevrilib. Bununla belə,  yeni iqtisadi şəraitdə də ölkəmiz inkişafa istiqamətlənib. Bu baxımdan Azərbaycanda Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən milli iqtisadiyyatımızın ayrı-ayrı sahələri üzrə aparılan islahatlar böyük aktuallıq daşıyır.

Azərbaycanda qeyri-neft sektorunun inkişafının daim diqqət mərkəzində saxlanılması və bu sahədə nəzərəçarpacaq uğurların qazanılması indiki qlobal çətinliklər şəraitində ölkənin inkişafa istiqamətlənməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Azərbaycanda qeyri-neft sənayesinin potensialının gücləndirilməsinə, innovasiyatutumlu istehsalatların yaradılmasına, regional sənaye quruculuğuna böyük önəm verilir. Qeyri-neft sənayesi 6,5 faiz artıb və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artmışdır.

Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi büdcəyə əlavələr edilməsinə şərait yaratmış, investisiya layihələrinin icrası üçün münbit şərait yaranmışdır. Ölkə büdcəsinin 36 milyard manatdan artıq müəyyən edilməsi buna inamla yanaşmağa imkan verir.

Cənab Prezidentin qeyd etdiyi kimi qarşıda duran iki mühüm məsələnin həlli istiqamətində böyük işlər həyata keçirilmiş və keçirilməkdədir. Qarabağın və Zəngəzurun bərpası və hərbi potensialımızın artırılması, silahlı Qüvvələrin gücləndirilməsi ölkənin dayanıqlı inkişafında mühüm rol oynayır.

Həyata keçirilən bu və ya digər islahatlar yeni şəraitdə ölkəmiz üçün böyük inkişaf perspektivləri vəd edir. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə daha çox özünü göstərəcək.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəal üzvü