14 iyul 2023 02:36
438

Müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq

Bu il iyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirildi. Dövlətimizin başçısı əsas hədəfimiz olan ölkənin dayanıqlı inkişafının təmini, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatlarla əlaqəli altı ayda görülmüş işlərlə bağlı çıxış etdi.

Cənab Prezident İlham Əliyev büdcə məsələsindən bəhs edərkən diqqəti iki istiqamətə yönəldiyini diqqətə çatdırdı. Bunlardan biri, Qarabağın, Şərqi Zəngəzurun bərpası məsələsidir. Ölkəmizin Başçısı həmin sahədə işlərin sürətlə irəlilədiyini, Qayıdış proqramının ardıcıl və planlı şəkildə aparıldığını, ümumilikdə, Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının nəzərdə tutulduğunu, bu ilin sonuna qədər isə Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsinin təmin ediləcəyini diqqətə çatdırdı. 

Ölkəmiz üçün digər əsas məsələ hərbi qüdrətimizin artırılmasıdır. Cənab Prezident İlham Əliyev çıxışında dünyada qaydaların tamamilə pozulduğunu, beynəlxalq hüquqa əməl edilmədiyini, bütün böyük ölkələr nəzərdə tutulmasa da, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürən bəzi dövlətlərin hüququnu pozaraq sonra da onu əsaslandırdıqları və bu kimi amillərə görə “ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq” fikrini səsləndirdi. Bunun əyani sübutu kimi İkinci Qarabağ müharibəsini yada salaraq Azərbaycan Silahlı Qüvvələrinin daha böyük hərbi potensiala malik olduğunu, döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağını diqqətə çatdırdı. “Çünki bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər”.

Ölkəmizin Başçısı sonrakı illərdə də Silahlı Qüvvələrin modernləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində planlı işlər görüləcəyini bildirdi.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı ərazi partiya təşkilatının sədri