12 iyul 2023 19:57
174

Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur

44 günlük Vətən müharibəsi Azərbaycanın güclü və hərbi potensiala malik ölkə olduğunu bütün dünyaya göstərdi. Qüdrətli ordumuzun şücaəti, vətənpərvərliyi, torpaqlarımızın azadlığı uğrunda hər cür fədakarlığa hazır olması bunun bariz sübutudur.

Azərbaycan müharibədən sonrakı mərhələdə qarşıda duran milli maraqların öhdəsindən uğurla gələrək azad olunmuş ərazilərimizi yenidən canlandırmaq strategiyasını əsas tutaraq Böyük Qayıdış planını uğurla gerçəkləşdirir. Böyük Qayıdış proqramının addım-addım yerinə yetirilməsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri həyata keçirilir.

İlkin mərhələdə qısa müddət ərzində böyük işlər görülmüşdür. Zəngilan rayon Ağalı kəndi ərazisində Ağıllı kənd tikintisinin icra edilməsi ilə 700 fərdi yaşayış evi, 360 şagird yerlik məktəb, 60 yerlik bağça binası, Zəfər Meydanı tikilmişdir.

Şuşa şəhəri, Tərtər rayonu, Suqovuşan qəsəbəsi, Qubadlı və Zəngilan ərazisində elektrik enerjisi təchizatı bərpa olunmuş, həmin ərazilər elektrik enerjisi ilə təmin edilmişdir. Şuşa şəhərində qazanxana və istilik məntəqəsi tikilmiş, isti su təchizatı sistemləri qurulmuşdur. Suqovuşan ərazisində 144 şagird yerlik əsaslı təmir edilmiş və istifadəyə verilmişdir. Tərtər-Çaylı-Suqovuşan-Talış və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının tikintisi başa çatmışdır.

Beləliklə, Böyük Qayıdış proqramının icrası uğurla davam edir. Azərbaycan dövləti bu yolda əmin addımlarla irəliləyir. İşğaldan azad edilən ərazilərə geri dönüşün sürətlə həyata keçirilməsi üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün lazımi işlər görülür. Böyük Qayıdış, doğma torpağına qovuşacağı günü gözləyən hər bir azərbaycanlının həsrətinə son qoyacaq.

Lalə Babayeva,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü