13 iyul 2023 22:40
396

“Tı kto takoy? Davay, dosvidaniya”

Rusiyaya qarşı mövqeyini dəyişən Hayastan, dəyişməz erməni xisləti...

Ermənistan əzəli müttəfiqi Rusiyadan üz çevirdiyini, yeni himayədar tapmaq üçün Qərbə yönəldiyini daha gizlətmir. İki ölkə arasındakı münasibətlərin soyuqluğu artıq özünü dövlət və hökumət nümayəndələrinin, siyasi ekspertlərin qarşılıqlı ittihamları səviyyəsində də göstərməkdədir. Görünür, ermənilər Cənubi Qafqazdakı mövcudluqlarına, tarixi Azərbaycan torpaqlarında qurduqları dövlətə görə Rusiyaya borclu olduqlarını unudublar. Daha doğrusu, xatırlamaq istəmirlər. Çünki dəyişməz erməni xislətinə görə dostluq da, müttəfiqlik də öz işlərinə yararlı olduğu müddət üçündür. Elə ki “xeyirin kəsildiyinə”, ya da daha “sərfəli” himayədarın tapılmaq ehtimalına əminlik yarandı, vəssalam. Məşhur bir meyxanada deyildiyi kimi, “Tı kto takoy? Davay, dosvidaniya”...

İyulun 13-də Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) sədri Armen Qriqoryan “Amerikanın səsi” radiosunun erməni bürosuna müsahibəsində növbəti dəfə Rusiya əleyhinə fikirlər səsləndirib, “müttəfiqlərini” öhdəliklərini yerinə yetirməməkdə günahlandırıb. Baş nazir Nikol Paşinyanın əsas ideoloqlarından olan və daha çox qərbmeyilli siyasətçi kimi tanınan Qriqoryan bildirib ki, Rusiyanın Ermənistanı iki ölkə arasında imzalanmış müqavilələrdə nəzərdə tutulan silah-sursatla təmin etməməsi qarşılıqlı münasibətlərin gündəmində qalmaqda davam edir. Onun sözlərinə görə, bu məsələ TŞ katiblərinin Minskdə keçirilən son görüşündə müzakirə olunmayıb: “Bütün problemlər tərəfdaşlarımızla açıq şəkildə müzakirə edilməlidir. Çünki bu məsələlər bizim üçün strateji əhəmiyyət kəsb edir.”

Rusiyaya münasibətdəki dəyişiklik ermənilərin öz aralarında ciddi müzakirələrə və fikir ayrılığının yaranmasına yol açır. Qriqoryanın müsahibəsini şərh edən Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazisindəki separatçı qurumun qondarma “parlamentinin” sədri Artur Tovmasyan öz “Facebook” səhifəsində yazıb ki, Ermənistan sürətlə Rusiya Federasiyasına dost olmayan dövlətlərdən birinə çevrilir. Onun fikrincə, son illər Ermənistanın ordu quruculuğu modelini və hərbi təhsili NATO standartlarına uyğunlaşdırmağa cəhd etməsi, ABŞ

şirkətlərinin ölkənin nüvə layihələrində iştirakı, yenə də Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinin Ermənistanda birgə xüsusi layihələr (məsələn, İnformasiya təhlükəsizliyi mərkəzinin açılması və Milli kəşfiyyat xidmətinin yaradılması) Rusiyanın maraqlarına birbaşa təhdiddir.

Cəmi bir neçə il əvvələ qədər bunu təsəvvür etmək belə mümkün deyildisə də, indi Armen Qriqoryanın Rusiya ilə ittiham dilində danışması təəccüb doğurmur və bu, ilk hal deyil. Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyanın da bu ölkə ilə münasibətlərində ciddi redaktələr edildiyi aydın görünür. Halbuki

2021-ci il noyabrın 23-də onlayn mətbuat konfransı keçirərək jurnalistlərin və ictimaiyyət nümayəndələrinin suallarını cavablandıran Paşinyan Rusiyaya hörmətlə yanaşdığını, bu ölkənin Ermənistanın strateji tərəfdaşı olduğunu bildirmiş, əlavə etmişdi ki, bu tərəfdaşlıq əvəzsizdir. Həmin vaxt Rusiyanın ölkəsinin təhlükəsizliyinin təmin edilməsindəki rolunu, həmçinin rus sülhməramlılarının Qarabağdakı fəaliyyətini də yüksək qiymətləndirdiyini deyən erməni baş nazir bundan cəmi bir il iki ay sonra isə artıq bu “strateji tərəfdaşlıq”dan narazılığını gizlətmirdi. Belə ki, bu ilin yanvarın 10-da keçirdiyi mətbuat konfransında o, aşkar şəkildə Rusiya əleyhinə fikirlər səsləndirərək, Ermənistanın 2023-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimlərinə ev sahibliyi etməyəcəyini, həmçinin ölkəsinin Rusiya və Belarus tərəfindən 1999-cu ildə imzalanmış müqavilə ilə yaradılmış “İttifaq dövləti”nə üzv olmayacağını bəyan etmişdi.

2023-cü ilin əvvəli, eyni zamanda, Ermənistanda rusofobiya meyillərinin artması, Rusiya əleyhinə “İylənmiş Rusiya, Ermənistandan rədd ol!”, “Rusiya işğalçıdır!”, “Bizim xilasımız Amerika və birləşmiş Qərbdir!”

kimi şüarların səsləndirildiyi aksiyaların keçirilməsi ilə də yadda qaldı. Bu aksiyaların Ermənistan hakimiyyəti tərəfindən təşkil olunduğu şübhəsiz idi.

Göründüyü kimi, Ermənistanın baş naziri daha vaxtilə “böyük qardaş”, “strateji tərəfdaş” adlandırdığı Rusiya ilə dost və müttəfiq olmaq istəmir və yenə də “ikili” oyun oynamağa çalışır. Bəs erməni ekspertlərin “batmaqda olan Titanik” adlandırdıqları, “Ermənistanın xilası üçün nə qədər mümkündürsə tez bir vaxtda bu gəmini tərk etmək lazım olduğunu” dedikləri Rusiyanın bütün bunlara cavabı necə olacaq? Rusiya da Paşinyana barmaq silkələyib “Tı kto takoy? Davay, dosvidaniya” oxumayacaq ki?..

Mahir Rəsuloğlu, “İki sahil”