13 iyul 2023 22:29
726

Qarabağ və Şərqi Zəngəzur: Bərpa-quruculuq işləri sürətlənir

Qırx dörd günlük Vətən müharibəsindəki şanlı Zəfərimizdən keçən müddət ərzində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş irimiqyaslı layihələr icra olunur. Yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, yaşayış binalarının təməlləri qoyulur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər yeni səfəri zamanı yeni hədəflər müəyyənləşdirilir, böyük layihələrin sürətli icrasına start verilir.

Böyük Qayıdışın təmin edilməsi üçün ərazilərin minalardan təmizlənməsi ilə paralel, ilkin mərhələdə baza və sosial infrastrukturun qurulması prioritet məsələdir və bu istiqamətdə işlər sürətlə davam edir. Belə ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə cəmi uzunluğu 513,1 km 10 avtomobil yolunun layihəsinin icrasına başlanılmışdır ki, bunlardan da 4-ü artıq tamamlanıb. Həmçinin uzunluğu 157,5 km olan 2 dəmir yolu layihəsi də həyata keçirilir. Bundan başqa, Tərtər rayonunun Suqovuşan qəsəbə tam orta məktəbində bərpa işləri yekunlaşmış, Talış kənd tam orta məktəbi və uşaq bağçası isə artıq istifadəyə verilib. Ağdam şəhərində 2, Füzuli şəhərində isə 1 uşaq bağçası üzrə layihələndirmə işləri aparılır.

Ölkə başçısının tapşırığına uyğun olaraq yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 85 nəfər köçürülüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.

Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, azad edilmiş bölgələrdə işlər planlı şəkildə həyata keçirilir və orada ən yüksək standartlar tətbiq edilir: “Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik”. Ölkəmizin başçısı, həmçinin əlavə edib ki, iki məktəb istisna olmaqla, bütün qalan infrastruktur, inşaat işləri Azərbaycan büdcəsi hesabına həyata keçirilir və Azərbaycan dövlət şirkətləri tərəfindən reallaşdırılır.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu gün ölkə qarşısındakı əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun bərpasıdır. Ölkəmizin artan maliyyə imkanları ilk növbədə azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin daha da genişləndirilməsinə ciddi təkan verib. Belə ki, ölkə başçısı dövlət və icmal büdcələrində proqnozdan daha çox gəlirlərin əldə edildiyini nəzərə alaraq, artan gəlirlərin bir hissəsinin işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin görülməsinə yönəldilməsi ilə bağlı tapşırıq verib. 

Ekspertlərin bildirdiyinə görə, 2023-cü ilin dövlət büdcəsinə dəyişiklik edilərək Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin artımı üçün 2 milyard 260 milyon manat əlavə vəsait ayrılıb. 2023-cü ilin yenilənmiş dövlət büdcəsinə əsasən, artımdan sonra bu xərc 5 milyard 260 milyon manat təşkil edib. 

Erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir.

Əminliklə demək olar ki, dövlət başçısının rəhbərliyi, güclü iradəsi, qətiyyəti və xalqımızın birliyi, həmçinin ölkəmizin iqtisadi qüdrəti sayəsində Azərbaycan bütün dağıdılmış şəhərlərimizi, kəndlərimizi yenidən quracaq, Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcək.

Zahid Rza, “İki sahil”