Son illər ölkəmizdə iqtisadi fəallığın hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərib. Makroiqtisadi sabitliyin qorunması diqqət mərkəzində saxlanılıb. Həmçinin yüksək iqtisadi inkişaf amilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasını şərtləndirib.
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə geniş nitq söyləyərək cari ilin əvvəlindən ölkədə qazanılan uğurlar, əldə edilən müsbət nəticələr, Azərbaycanın dünyada nüfuzunun daha da artması və digər məsələlər barədə danışıb. Qeyd edilib ki, ölkəmiz uğurla inkişaf edir və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Müstəqil xarici siyasət yürüdən, tərəfdaşları ilə səmimi anlaşma siyasətinə üstünlük verən, dünyada, regional problemlər və qlobal məsələlərlə bağlı öz mövqeyini ədalət prinsipləri əsasında bildirən, beynəlxalq hüququn pozulmasına, milli münaqişələrə, irqi ayrı-seçkiliyə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan dünyanın siyasi, iqtisadi, humanitar platforması adını əməli fəaliyyəti ilə doğruldur. Müşavirədə 6 ay ərzində əldə edilən uğurlar xüsusi olaraq qeyd edilib. Dövlət başçımızın qeyd etdiyi kimi, bütövlükdə altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib, qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Qeyri-neft sənayesi 6,5 faiz qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.
Cənab İlham Əliyevin müşavirədəki çıxışında bu məqam xüsusi diqqətdə oldu: “Reallıq budur ki, iqtisadi və maliyyə imkanlarımızın genişliyi hər bir sahədə davamlı uğurlara nail olmaq üçün zəruri tədbirlərin görülməsinə stimul verir. Müşavirədə qeyd edildi ki, maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi və digər amillər ilin ortasında büdcəyə yenidən baxmağa və dürüstləşmə aparmağa imkan verdi. “Onsuz da bizim builki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. Ancaq ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, biz təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək və bunu etdik” söyləyən dövlət başçısı hazırda büdcəmizin 36 milyard manatdan çox olduğunu xüsusi vurğulayaraq onu da əlavə etdi ki, bu, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra etməyə, həm azad edilmiş torpaqlarda geniş quruculuq işlərini aparmağa və həm də hərbi gücümüzü artırmağa imkanlar yaradır. Bütövlükdə büdcəyə 3 milyard manatdan çox vəsait əlavə edilib ki, bunun 1,8 milyard manatı Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə yönəlib. Bu mühüm addım dövlətimizin siyasətində hər iki istiqamətin prioritetliyini təsdiqləyir.”
Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələdə işğaldan azad olunan ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması üçün dövlət tərəfindən qısa müddətdə bütün imkanlardan istifadə edilir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub.
Azərbaycan Ordusu torpaqlarımızı böyük məsuliyyətlə, dövlətə, dövlətçiliyə böyük sədaqətlə müdafiə edir. Ordumuz dövlətçiliyimizin, dövlətimizin qarantıdır. Bu amil ölkə başçısının çıxışında da qürurla xatırladıldı: “Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək”

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə