13 iyul 2023 00:28
444

Hayastan ekoloji fəlakət mənbəyinə çevrilib

İşğalçı dövlət ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir

Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidə - Arazdəyən kəndində iri metallurgiya zavodunun inşası ilə bağlı layihə beynəlxalq konvensiyalara tamamilə ziddir. Bu, işğalçı ölkə tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Konvensiyasının (Espo Konvensiyası) müddəalarının növbəti dəfə kobud surətdə pozulması deməkdir.

Məlum olduğu kimi, iyunun 8-də Bakıda ekoloji yönümlü QHT-lər yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat qəbul ediblər. Tədbirdə azərbaycanlı ekoloqlar ABŞ dövlətinə və Ermənistan ekoloqlarına da çağırış ünvanlayıblar. Həmçinin iyulun 7-də Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın baş naziri Nikol Paşinyana beynəlxalq ekoloji norma və standartların kobud şəkildə pozulması, dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi böhranla bağlı dərin narahatlığı ifadə edən məktub ünvanlayıb.

İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı QHT-lərin Ermənistanın bölgədə yaratdığı ekoloji təhdidlərlə bağlı N.Paşinyana müraciəti, o cümlədən işğalçı ölkənin dağ-mədən sənayesi müəssisələrinin ağır fəsadları barədə ətraflı danışıb.

“Pasiyent Təşkilatları İttifaqı və Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Ermənistanda dağ-mədən sənayesində aparılan işlər bütövlükdə regionu ciddi risk altında saxlayaraq ekologiyanın çirklənməsinə, ən əsası isə insanların sağlamlığına ciddi şəkildə mənfi təsir edir: “Bizi narahat edən əsas təhlükə ondan ibarətdir ki, ağır metallar birbaşa Araz çayına, ya da Araz çayı ilə birləşən digər çaylara axıdılır. Bununla da Ermənistan həm öz vətəndaşlarını təhlükədə saxlayır, həm də qonşu dövlətlərin, yəni Azərbaycan və Gürcüstan vətəndaşlarının sağlamlığına ciddi ziyan vurur. Ümumilikdə isə regionu ekoloji fəlakətə sürükləyir.”

A.Hüseynov qeyd etdi ki, QHT-lər Ermənistan dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıblar: “Ermənistan hakimiyyəti özlərinin və ən əsası qonşu ölkələrin vətəndaşlarına ziyan vurulmasının qarşısını almalı, atılan addımlara görə məsuliyyət daşımalıdır. Məktubda beynəlxalq standartlara uyğun işlərin aparılması üçün monitorinq qruplarının təşkili və bu qrupların tərkib hissəsində Azərbaycan nümayəndələrinin olmasının vacibliyi açıq şəkildə qeyd edilib. Bizim üçün prioritet məsələ Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması, təhlükə saçan Ermənistanın dağ-mədən sənayesində aparılan işlərin dayandırılması və beynəlxalq hüquq normalarına əməl edilməsidir.”

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Ermənistanın dağ-mədən sənayesi təkcə Azərbaycana yox, bütövlükdə Cənubi Qafqazın ekoloji mühitinə ciddi təhdid yaradıb: “Bir müddət öncə Ermənistanın sərhədyanı bölgədə, Arazdəyəndə ABŞ şirkəti ilə birgə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməsinə dair xəbər yayıldı. Azərbaycanın vətəndaş cəmiyyəti institutları buna dərhal haqlı etiraz səsini ucaltdı. Çünki Ermənistan bu zavodu inşa etməklə beynəlxalq konvensiyaları kobud şəkildə pozur. Məlum olduğu kimi, BMT Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit faktoru kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir.”

E.Cəfərli qeyd etdi ki, bundan başqa, Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə belə bir zavodun tikintisi 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasına da tamamilə ziddir: “Həm Azərbaycan, həm də Ermənistan bu Konvensiyanı imzalayan dövlətlərdir. Espo Konvensiyasına uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Ermənistanın törətdiyi ekosid faktları ilə bağlı araşdırmalar davam etdirilir. Məlum olub ki, Ermənistanın ətraf mühitə mənfi təsir edən müəssisəsi təkcə Arazdəyəndə inşa edilən zavod deyil. Bütövlükdə Ermənistanın dağ-mədən sənayesi ölkəmizin ekoloji mühitinə, su resurslarına qarşı təhdid yaradır. Qacaran şəhərindəki Zəngəzur mis-molibden kombinatı, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Əkərək mis-molibden kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayını zəhərləyir.”

QHT sədri söylədi ki, Göyçə vilayətində təxminən 10.000 unsiya qızıl hasil edən Daşdəm qızıl mədəni yerli su təchizatını aramsız şəkildə çirkləndirir: “Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad çayını da zəhərləyir. Bu çay Araza tökülür. Lori vilayətindəki Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun istehsal edir. Mədənin çirkab suları yaxınlıqdakı Tona çayını çirkləndirir. Həmin çay Kür çayına tökülür. Qafan manqan zavodu Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir.”

Ekoloq qeyd etdi ki, göründüyü kimi, Ermənistanın dağ-mədən sənayesinin tullantıları birbaşa və dolayısı ilə Azərbaycanın əsas içməli su qaynağı olan çaylarını çirkləndirir: “Bu tullantılar çayların flora və faunasını məhv edir. Bu azmış kimi, çay kənarında yaşayan əhalinin sağlamlığına ciddi təhdid yaradır. Bununla bağlı Azərbaycan vətəndaş cəmiyyəti fəalları, QHT-lər dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etmişik. Müraciətdə Ermənistanın beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozduğu, bu ölkənin dağ-mədən sənayesində aparılan işlərin ciddi regional və qlobal ekoloji böhrana yol açdığı bildirilir. Rəsmi İrəvan Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını beynəlxalq ekspertlərin, ölkəmizin vətəndaş cəmiyyətləri təşkilatlarının üzünə açmalıdır.”

“Şəfəq” Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev mövzunu "İki sahil"ə şərh edərək vurğuladı ki, ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq biz hər zaman Ermənistan tərəfindən sərhəd ərazilərimizdə ekoloji fəlakətə yol açan işlərin görülməsini qətiyyətlə pisləyir və müxtəlif etirazlar formasında belə işlərin görülməsinin qarşısını almağa çalışırıq: “Çünki bu proseslər təkcə Ermənistanın və Azərbaycanın ekoloji sisteminə təhdid deyil, eyni zamanda, Cənubi Qafqaz regionunun ekoloji vəziyyətinin pisləşməsinə səbəb olur. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır. Bu problemlərin qarşısının birdəfəlik alınması üçün zəruri tədbirlərin görülməsinin artıq vaxtı çatıb. Biz, eyni zamanda, Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının da öz ölkələrində genişlənən ekoloji problemlərlə bağlı artan həyəcanını diqqətlə izləyirik. Ona görə də hazırda Azərbaycan QHT-ləri olaraq beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozmaqla, Ermənistanın dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı narahatlığı ifadə edən məktubu bu ölkənin baş naziri Nikol Paşinyana ünvanlamışıq.”

V.Babayev vurğuladı ki, bizim Paşinyana ünvanladığımız açıq məktub beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılması tələbidir: “Qeyd edim ki, BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü, 6-cı, 12-ci, 13-cü, 15-ci Məqsədlərinin tamamilə əleyhinə çıxır. Ermənistanda aparılan dağ-mədən sənayesi işlərində heç bir ekoloji norma və prinsiplər gözlənilmədən istehsalat işləri aparılır. İşğalçı dövlət bu işlərin görülməsinə bir sıra xarici şirkətləri də cəlb edərək, onları törətdikləri cinayətlərə şərik edir. Təəssüf edirik ki, xarici şirkətlər də transsərhəd kontekstində zavodların fəaliyyətində heç bir beynəlxalq hüquq normalarını gözləmir.”

QHT sədri bildirdi ki, Naxçıvanla həmsərhəd Arazdəyən kəndində ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə zidd inşa olunan yeni metallurgiya zavodunun tikintisi də ətraf mühitin, ekosistemin pozulmasına, biomüxtəlifliyin məhvinə, havanın zəhərli tullantılarla çirklənməsinə, mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxaracaq: “Bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yaradacaq.”

Ekoloq vurğuladı ki, qeyd olunan faktlar Cənubi Qafqaz regionu üçün təhlükə saçan fəlakətlərin bir qismidir: “Çünki Ermənistan torpaqlarımızın işğalı dövründə tarixi abidələrimizi, təbiət ərazilərimizi məhv etməklə məşğul olmuşdur. Bunun əyani sübutunu biz daim görmüşük, eyni zamanda, belə terrorçu hərəkətləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə müvafiq addımlar atmışıq. Hər zaman olduğu kimi, Ermənistan hakimiyyəti transsərhəd kontekstində regionun ətraf mühitinə mənfi təsir göstərə biləcək dağ-mədən sənayesinin təşkilində qonşu kəndlərdə yaşayan gürcü, azərbaycanlı və o cümlədən ermənilərin də bugünədək rəylərini, fikirlərini nəzərə almayıb və onları ətraf mühitin qiymətləndirilməsi prosesinə cəlb etməyib. Biz Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regionumuza və ölkəmizə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, bölgə əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırırıq.”

Cavid Əkbərov, “İki sahil”