Prezident İlham Əliyev: Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir
Bu gün dünyanın güc mərkəzləri arasındakı rəqabət güclənib, böyük dövlətlər münaqişələri beynəlxalq qanunlarla deyil, dağıdıcı müharibələr vasitəsilə həll etməyə çalışırlar. Belə bir vaxtda ordumuzun döyüş qabiliyyətinin və peşəkarlığının daha da yüksəldilməsi, silah arsenalının müasir silah və texnika ilə yenilənməsi və şəxsi heyətin yeni silahlardan məharətlə istifadə bacarığına yiyələnməsi Azərbaycan üçün prioritet istiqamətlərdən birinə çevrilib. Cənubi Qafqazın müxtəlif ölkələrin maraqlarının toqquşduğu region olduğunu da nəzərə alsaq, Azərbaycanın öz müstəqilliyini, ərazi bütövlüyünü qoruması və daha da inkişafı naminə güclənməsi son dərəcə zəruridir. Bundan başqa, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə sayəsində ərazi bütövlüyümüzü təmin etsək də, Ermənistanla aparılan danışıqlar hələ ki, sülh müqaviləsinin imzalanması ilə yekunlaşmayıb. Başqa sözlə, düşmənin və onun havadarlarının ölkəmizə qarşı məkrli siyasəti davam etməkdədir. Ermənistan ordusunun bölmələrinin Azərbaycan ərazisindən tam çıxarılmaması, Qarabağın Rusiya sülhməramlı kontingentinin nəzarət zonasında olan hissəsində erməni separatçılarının mövcudluğu, onların mütəmadi olaraq fəallaşması Vətənin keşiyində hər an ayıq-sayıq dayanmış Silahlı Qüvvələrimizin lazımi məqamlarda cavab tədbirləri görmək gücündə olmasını zəruri edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında qeyd edib ki, biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq: “Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir. Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır.”
Təsadüfi deyil ki, bu gün ölkəmizin təhlükəsizliyi üçün əsas faktorlardan olan ordu quruculuğu sahəsində ən müasir innovativ texnologiyaların tətbiq edilməsi ilə zəruri islahatlar, təkmilləşdirmə prosesi həyata keçirilir. Təbii ki, bu zaman Vətən müharibəsinin nəticələrinin təhlilləri də nəzərə alınır. Eyni zamanda, NATO-nun ən güclü ordularından birinə malik olan Türkiyənin təcrübə və problemə yanaşmalarından, müdafiə sənayesinin imkanlarından geniş istifadə olunur. Məlum olduğu kimi, 2021-ci il iyunun 15-də imzalanmış müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsinin yol xəritəsi kimi dəyərləndirilir. Məhz Şuşa Bəyannaməsində nəzərdə tutulduğu kimi, Azərbaycan və Türkiyə ordularının əməkdaşlığının uğurlu inkişafının nəticəsi olaraq artıq bir sıra istiqamətlərdə konkret nəticələr əldə etmək mümkün olmuşdur. Buna ən yaxşı nümunələrdən biri kimi Vətən müharibəsində yerüstü əməliyyatlarda effektiv nəticələr göstərən Xüsusi Təyinatlı Qüvvələrimizin yeni –Türkiyə ordusunda olduğu kimi komando birliklərinin yaradılmasını göstərmək olar. Bu gün artıq Azərbaycan Silahlı Qüvvələrinin tərkibində düşmənin qorxulu röyasına çevrilmiş belə elit bölmələrin sayı kifayət qədərdir.
Ordumuzun modernləşdirilməsi kompleks tədbirlərlə həyata keçirilir və bu zaman təkcə Quru Qoşunları deyil, Hərbi Dəniz, Hava Hücumundan Müdafiə və Hərbi Hava qüvvələrimizin inkişafı da diqqətdə saxlanılır. Xüsusilə Azərbaycanın hava məkanının təhlükəsizliyinin etibarlı müdafiəsinin vacibliyini nəzərə alaraq Türkiyə ilə birlikdə icrasına başlanılmış daha bir kritik layihə – ortaq “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi ölkəmiz üçün son dərəcə hərbi və siyasi əhəmiyyətə malikdir. Bugünlərdə layihənin detallarını açıqlayan Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün bildirib ki, “HAKİM”in reallaşması ilə hər iki ölkənin hərbi hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edəcək.

“HAKİM” Azərbaycan Hərbi Hava Qüvvələri Komandanlığının real vaxt rejimində taktiki və operativ komanda və idarəetmə fəaliyyətini həyata keçirə biləcəyi beynəlxalq standartlara malik komanda və idarəetmə sistemidir. Bu sistem vasitəsilə həm öz hava məkanımızı nəzarətdə saxlamaq və idarə etmək, həm də qonşu dövlətlərin hava fəaliyyətini izləmək üçün xəbərdarlıq, nəqliyyat və silah radarları ilə aşkar edilən hava obyektlərinin identifikasiyası həyata keçirilir. Türkiyənin ASELSAN mühəndisləri tərəfindən hazırlanmış “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi yeni nəsil proqram təminatı və infrastruktur texnologiyaları ilə təmin olunub. Bu sistem özündə günün əməliyyat ehtiyaclarına uyğun qərar qəbul etmə alqoritmlərini ehtiva edir, müxtəlif ölkələrin silah, radar, planlaşdırma, elektron müharibə və kəşfiyyat sistemləri ilə inteqrasiyada işləmək qabiliyyətinə malikdir. Həmçinin bu, inkişaf etdirilə bilən strukturu ilə operativ və taktiki sahədə istifadə edilən, real vaxt rejimində idarə olunan komanda və idarəetmə sistemidir.
Ekspertlərin fikrincə, “HAKİM” ölkəmizin hava məkanını ikiqat nəzarətdə saxlama imkanını təmin edir. Bu sistem Azərbaycan və Türkiyə HHQ-yə öz hərəkətlərini əlaqələndirməyə və vahid şəkildə hərəkət etməyə imkan verəcək. Eyni zamanda, istənilən təhdid barədə vaxtında xəbərdar olmağa, aşkar olunan təhlükələrin dərhal zərərsizləşdirilməsinə şərait yaradacaq. Bu isə Azərbaycana dost olmayan dövlətlərin siyasi və hərbi rəhbərliyini ölkəmizə qarşı təhdid xarakterli fikirlər söylədiyi zaman bir daha düşünməyə vadar edən amildir.
Silahlı Qüvvələrimizin inkişafı naminə aparılan struktur islahatları, dost və müttəfiq ölkələrlə əməkdaşlıq, görülən çoxsaylı işlər və həyata keçirilən böyük layihələr Azərbaycan Ordusunun təkcə regionun deyil, dünyanın ən qabaqcıl orduları səviyyəsinə yüksələcəyinə əminlik yaradır. Müzəffər Ali Baş Komandanın diqqəti və qətiyyəti, dövlətimizin əzmi sayəsində Silahlı Qüvvələrimiz “havada, suda, quruda, hər zaman və hər yerdə” ən güclü olacaq. Yerdə ən güclü, göylərdə “HAKİM”!
Mahir Rəsuloğlu, “İki sahil”