Prosesi əsassız bəhanələrlə uzadan Ermənistan niyə sonunu düşünmür?
Qalib Azərbaycan postmüharibə mərhələsində heç bir ilkin şərtlər irəli sürmədən sülh sazişinin imzalanmasına, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya olunmasına böyük səy göstərir. Respublikamız qarşı tərəfə beynəlxalq hüquq normaları və prinsiplərinə əsaslanan beş bənddən ibarət sülh paketi təqdim edib.
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir daha Azərbaycanın bu məsələdə dəyişməz mövqeyini bəyan edib: “Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər.”Belə imkanların olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük”.
Dövlətimizin başçısı, eyni zamanda bildirib ki, ancaq hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir. Prezident Ermənitanın mövqeyində müsbət irəliləyiş olduğunu bildirib: “Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik.”
Dövlətimizin başçısının da bəyan etdiyi kimi, Azərbaycan dəfələrlə Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. Eyni zamanda, ölkəmiz dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin yaradılması istiqamətində səylər göstərir. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar olması istiqamətində bütün danışıqlarda iştirak etməklə yanaşı, həmçinin əməli addımlar atan Azərbaycandan fərqli olaraq Ermənistanın “fəaliyyəti” isə işğalçı dövlətin sülhdən yayındığını açıq-aydın göstərir, adekvat yanaşma sərgiləmir. Son aylar ərzində Ermənistanla Azərbaycan arasında birbaşa dialoq da daxil olmaqla təmaslarda dinamikanın artmasına baxmayaraq, Ermənistan, görünür, danışıqların imitasiyasına dair keçmiş təcrübəsinə sadiq qalır və öhdəliklərini vicdanla yerinə yetirmək əvəzinə, tez-tez təxribatlara əl atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir.
Azərbaycanın sülh çağırışına adekvat cavab verməyən Ermənistan hələ də müəyyən “qaranlıq məsələlərə” ümid edir. Düşmən dövlət sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bütün ünvanların “qapısını döymək”lə yanaşı, Azərbaycanı “günahkar” çıxarmağa niyyətlənib. Təbii ki, İrəvan bu işdə regionda marağı olan bəzi ölkələrin dəstəyindən yararlanmağa çalışır. Amma hər zaman olduğu kimi, onların bu cəhdləri də fiasko ilə nəticələnəcək. Artıq Ermənistan anlamalıdır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da yubadır.
Şübhəsiz, 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Baş nazir Nikol Paşinyan vasitəçilərin iştirakı ilə keçirilən tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, praktiki müstəvidə sülhə nail olunması və proseslərin irəliləməsi üçün addım atmağa tələsmir. Ermənistanın indiyədək məlum üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınması bunun təsdiqidir.
Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli mövqe sərgiləyir. Bir tərəfdən sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs edən Ermənistan digər tərəfdən üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Amma bu kimi “mövqe” Ermənistan üçün yaxşı gələcək vəd etmir.
Ölkəsini rüsvay etməkdə davam edən Nikol Paşinyana artıq müttəfiqlərindən də kömək gəlmir. Baş nazirin mövcud vəziyyətdə atdığı addımlar isə onsuz da ölkədə hökm sürən qeyri-müəyyənliyi daha da artırır. Ermənistan parlamentində qarşıdurmalar və dava-dalaşlar səngimir, tərəflər siyasi böhranda bir-birilərini günahlandırırlar.Ölkədə vəziyyəti çıxılmaz hala gətirən təkcə müxalifət-iqtidar qarşıdurması deyil. Artıq hakim partiya daxilində, o cümlədən hökumətdə təmsil olunan yüksək vəzifəli şəxslərin də istefaları ənənəvi hal alıb. Digər tərəfdən onsuz da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı da səsləndirdiyi vədlərdən boyun qaçırmaqla özünü dalana dirəyib.
Bütün bunların fonunda Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə, eləcə də vətəndaşlarının təhlükəsizliyinə qarşı hər hansı təhdidləri dəf etməkdə qətiyyətlidir. Ona görə də, Ermənistan vəziyyəti daha da gərginləşdirməkdən çəkinməlidir. 30 il işğal altında qalan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edən Azərbaycan dövləti bundan sonra sərhədlərin müəyyənləşməsinə, kommunikasiyaların açılmasına və sülh müqaviləsi üçün əlverişli şəraitin yaranmasına da nail olacaq. Məqsəd bütün bunları siyasi yolla həll etməkdir. Amma Ermənistan ikinci Qarabağ müharibəsinin nəticələrindən dərs çıxarmayıbsa, başqa variantlar da işə düşə bilər.
Ölkəmizin sülhlə bağlı mövqeyi nə qədər humanist olsa da , “qırmızı xətti”miz bəllidir - imzalanacaq sənəddə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, sülh müqaviləsinin hər hansı bir müddəası kimi əks olunmamalıdır. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Digər tərəfdən, Ermənistanın qondarma separatçı qurumla bağlı sülh müqaviləsində hər hansı bir qeydin edilməsi istiqamətində cəhdləri də fiaskoya məhkumdur. Azərbaycanın bununla bağlı mövqeyi qəti və dəyişməzdir. Sülh müqaviləsi iki ölkə arasında bağlanacaq və Azərbaycanın daxili işi olan Qarabağ məsələsi ilə bağlı orada hər hansı bir qeydin olması mümkün deyil.
Göründüyü kimi, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir. Qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istəmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və beynəlxalq hüquqa söykənən sülhə razılaşmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırkı mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda işğalçı ölkə yeni iqtisadi konfiqurasiyadan kənarda qalacaq. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr ümumən regiona yeni inkişaf tempi qazandırıb. Amma Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə davam edəcəksə, bu rəsmi İrəvan üçün xoşagəlməz nəticələrə gətirib çıxaracağı qaçılmazdır.
Yaqut Ağaşahqızı, “İki sahil”