11 iyul 2023 18:59
306

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı fəaliyyəti qeyri-legitim və qüsurludur - Cəlil Xəlilov

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Qarabağdakı fəaliyyəti qeyri-legitim və qüsurludur.

“İki sahil” xəbər verir ki,  bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, təşkilatın nümayəndələrinin qaçaqmalçılıqla məşğul olması ciddi qanun pozuntusudur: “Komitənin Qarabağda qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olması kobud qanun pozuntusudur və bu, hər şeydən əvvəl həmin beynəlxalq təşkilatın nüfuzuna xələl gətirir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin qaçaqmalçılıqla məşğul olması hüquqi baxımdan ciddi məsuliyyət yaradır və ölkəmizi konkret addımlar atmaq məcburiyyətində qoyur.

BQXK-nin fəaliyyəti ilə bağlı narahatlıq doğuran digər məqam, bu təşkilatın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana mənfi münasibət bəsləyən şəxslərin olmasıdır. Bu şəxslərin bir neçəsi qərəzli və qeyri-obyektiv münasibətinə görə ölkədən qovulub. Bu, bir daha onu göstərir ki, Komitənin Qarabağdakı fəaliyyətində Azərbaycanda narazılıq doğuran ciddi məqamlar var və bumlar təşkilat tərəfindən hökmən nəzərə alınmalıdır”.

Təşkilatın sədr müavininin sözlərinə görə, BQXK-nin qaçaqmalçılıq fəaliyyəti Azərbaycanın gömrük qanunvericiliyinə də ziddir: “Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən bəzi məhsullar ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirildiyi üçün rəsmiləşmir, gömrük nəzarətindən keçmir. Həmin məhsullara üçün Azərbaycana gömrük rüsumu ödənilmir. Bu isə ölkə qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir.

Komitənin bu günədək qaçaqmalçılıq fəaliyyəti ilə bağlı daha ciddi və irimiqyaslı araşdırmanın aparılmasını zəruri edir. İstisna deyil ki, bu araşdırma Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti ilə bağlı başqa qanun pozuntularını üzə çıxaracaq, yeni faktların ictimaiyyiləşməsinə səbəb olacaq”.