12 iyul 2023 00:55
495

Mina elə bir qorxulu sursatdır ki...

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə fəal şəkildə minatəmizləmə əməliyyatları davam edir. İlkin mərhələdə işğaldan azad olunmuş ərazilərə gedən yolların təmizlənməsi, koridorların açılması və sonrakı mərhələdə isə hökumətimizin qarşıya qoyduğu prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərimizin, kəndlərimizin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları yerinə yetirilir.

Ermənilər işğal dövründə sıx və ikiqat minalar, tələ məftillərindən istifadə etməkləzəbt elədikləri Azərbaycan ərazilərində saysız-hesabsız minalar basdırıblar. Düşmən hətta keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirmişdir ki, bu da mina qurbanlarının sayının gündən-günə artmasına səbəb olur.  Azərbaycanın üzləşdiyi mina təhlükəsi yalnız kütləvi qırğın silahlarının yaratdığı dəhşətlə müqayisə oluna bilər. Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada apardığımız bərpa və yenidənqurma işlərini ləngidir və həmçinin insanların həyat və sağlamlığına ciddi təhdid yaradır.

“Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.” Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündəki çıxışında bu reallığı diqqətə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır.

Göründüyü kimi, mənfur qonşu Azərbaycana qarşı hələ də mina müharibəsini davam etdirir. 2022-ci ilin avqust ayından başlayaraq Azərbaycan tərəfi Kəlbəcər və Laçın istiqamətində 3 minə yaxın mina aşkarlamışdır ki, bunların işarələnməsi birmənalı olaraq həmin sursatların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu sübut edir. Ümumilikdə, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra 77 min 890 hektar ərazi minadan təmizlənib, 87 min mina və partlamayan hərbi sursat aşkarlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi bu istiqamətdə öz fəaliyyətini davam etdirir. Həmçinin dövlətimiz minatəmizləmə sahəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Ölkəmiz humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi təsis olunması təşəbbüsü ilə də çıxış edib. Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası istiqamətində də müəyyən işlər aparılır. Minatəmizləmə fəaliyyətini dayanıqlı və davamlı inkişafla birbaşa əlaqə kontekstində görür. Məhz buna görə də Azərbaycanda humanitar minatəmizləmə 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edilir.

Minatəmizləmə Agentliyi Türkiyə Respublikası, Böyük Britaniya mütəxəssisləri, ABŞ-ın Aerokosmik Mühəndislik Korporasiyası, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq edir. Həmçinin Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ölkəmizdə məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihəni icra etməyə başlayıblar. Ölkəmizin mina təhlükəsi ilə bağlı belə geniş təbliğatına baxmayaraq, ərazilərimizin minalardan təmizlənməsi üçün xərclənən vəsaitin çox böyük hissəsi Azərbaycana aiddir. Minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır. 

Minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Dövlət başçımız öz həyatını təhlükə altına ataraq gecə-gündüz çalışan minatəmizləyənlərimizin fəaliyyətini yüksək qiymətləndirir, onları diqqətdən kənarda saxlamır. Belə ki, bugünlərdə Milli Məclis “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikası orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edib.

Bütün bunlar  bir daha onu göstərir ki, Ermənistan özünün terrorçuluq niyyətindən əl çəkməsə də, düşmənin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz ərazilərini minalardan tamamilə təmizləyir, işğaldan azad edilmiş torpaqları təhlükəsiz, yararlı hala gətirir, soydaşlarımız doğma dədə-baba yurdlarına qayıdırlar. Sözsüz ki, ərazilərin minalardan təmizlənməsinə, Qarabağın sürətlə yenidən qurulmasına, bərpasına tezliklə tam nail olunacaqdır.

Nigar Orucova, “İki sahil”