SOCAR etibarlı tərəfdaşları ilə birlikdə ölkəmizin böyük enerji potensialının reallaşdırılması yönümündə fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək

“Bizim enerji siyasətimiz bir məqsədi - Azərbaycan xalqının maraqlarını təmin etmək və regional əməkdaşlığı dərinləşdirmək məqsədini güdür. Bu istiqamətdə çox vacib addımlar atılmışdır. Bu gün bizim çoxşaxəli enerji-nəqliyyat infrastrukturumuz vardır. Yeddi neft-qaz kəmərimiz vardır. Bu gün Azərbaycan nefti və qazı müxtəlif istiqamətlər üzrə Avropa və dünya bazarlarına çatdırılır. Azərbaycan ənənəvi olaraq neft ölkəsi kimi tanınırdı. Bu gün isə Azərbaycan daha çox qaz ixrac edən ölkə kimi dünya üçün əhəmiyyətlidir. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik.” Dövlət başçısı İlham Əliyev 2011- ci ildə “Abşeron” blokunda yeni böyük qaz yatağının kəşfi münasibətilə mətbuata açıqlamasında bu əminliyi də ifadə etmişdi ki, ölkəmizin çox böyük imkanları, potensialı və çox gözəl gələcəyi vardır.
Cənab İlham Əliyev «Abşeron» yatağının tarixi ilə bağlı bunları açıqlamışdır. “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən hələ 60-cı illərdə kəşf edilmişdir. Amma suyun dərinliyini nəzərə alaraq o vaxt imkanımız yox idi ki, bu yataqda işlər aparılsın. Azərbaycanın neft strategiyasının icrası, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə aparılan siyasət nəticəsində Azərbaycanın imkanları artmışdır. Hazırda bizdə elə qazma qurğuları var ki, Xəzər dənizinin istənilən yerində qazma və kəşfiyyat işlərini apara bilərlər. “Abşeron” yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanmışdır. O vaxt görülən işlər nəticə verməmişdir və 2005-ci ildə kontrakta xitam verilmişdir. Azərbaycan geoloqları, Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri inanırdılar ki, “Abşeron” yatağında məhsuldar laylar vardır. Bu inam, eyni zamanda, xarici tərəfdaşlar tərəfindən də ifadə edilmişdir. Bu qarşılıqlı maraq əsasında 2009-cu ildə “Total” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında “Abşeron” yatağı üzrə ikinci kontrakt imzalanmışdır. Bəlkə də dünya praktikasında bu çox nadir hallarda rast gəlinən bir məsələdir ki, bir yataq üzrə ikinci dəfə də kontrakt imzalansın. Kəşfiyyat işləri hazırda deməyə əsas verir ki, nəticə də oldu. «Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək» söyləyən dövlət başçısı bu inamı da ifadə etmişdir ki, uzun müddəti, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək.
Prezident İlham Əliyevin bu inamı ifadə etdiyi vaxtdan 12 il ötür. Azərbaycanın bu illər ərzində enerji sektorunda qazandığı uğurların miqyası ölçüyəgəlinməzdir. «Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri böyükdür.
Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsinə və uğurlu sonluqla başa çatdırılmasına geniş yol açır. Əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirdi, çoxtərəfli əlaqələrin qurulması üçün imkanlar yarandı. Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Bu isə öz növbəsində 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Müqavilənin vaxtının 2050-ci ilə qədər uzadılması özündə ölkəmizin bu gününə və gələcəyinə olan inamı əks etdirir. Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirdikdə də bu məqam özünü qabarıq şəkildə büruzə verir ki, münasibətlər strateji tərəfdaşlıqdan etibarlı tərəfdaşa doğru inkişaf edir.
Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, bu beynəlxalq təşkilatın üzvü olan ölkələrlə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi göz qabağındadır. Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz, həmçinin elektrik enerjisi ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır. Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Bugünümüzün reallıqlarından da göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.
Ötən ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Ölkəmizlə qurum arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. Sözügedən Memorandum gələcək üçün bir növ yol xəritəsidir. O da məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan dövlətlərin üçdəbiri arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Bu, ölkəmizin dünyanın enerji təhlükəsizliyində rolunun, həmçinin dünyanın enerji xəritəsini dəyişmək imkanlarının göstəricisidir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı olan və nəzərdə tutulduğu vaxtda icrası başa çatan Cənub Qaz Dəhlizi layihəsində hazırda yeddi ölkə iştirak edir - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Göründüyü kimi, bu nadir layihə çərçivəsində geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Növbəti mərhələdə üç Balkan ölkəsinin – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun tərəfdaşlar kimi bu layihəyə qoşulacağına əminlik ifadə edilir. Ölkə Prezidentinin vurğuladığı kimi, Azərbaycan ixrac imkanlarını genişləndirmək istəyir. Avropada Azərbaycan qazına tələbat var. Avropa bazarı ölkəmiz üçün ən əlverişli bazardır.
Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinə dəstəyini gücləndirir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Ölkəmizlə Avropa İttifaqı arasında enerji dialoqunun başlanması da bunun təsdiqidir. Azərbaycanın dünyanın enerji bazarında yerinin, mövqeyinin möhkəmlənməsini tərəfdaş ölkələrin rəsmiləri də böyük məmnuniyyətlə etiraf edirlər. Ölkəmizin dünya enerji bazarında hasilatçı, tranzit ölkə kimi tanınması, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolunun artması göstərir ki, Xəzər dənizindən hasil olunan enerji ehtiyatları gələcəkdə də Avropa istehlakçıları üçün yeganə mənbə olacaq. Çünki Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi sahəsində çox önəmli, əvəzolunmaz layihədir.
İyulun 10-da Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılması da Azərbaycanın enerji sektorunda qazandığı uğurların davamlılığından xəbər verir.
Bu mərhələ sualtı hasilat quyusunu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İlkin Hasilat Sxemi mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barrel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur. JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və “TotalEnergies” hər biri 50 faiz paya malikdir.
Qeyd edək ki, Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan Abşeron İHS layihəsinin qəbul platformasının idarəetməsi Neft Daşlarında yerləşən Mərkəzi İdarəetmə Otağından həyata keçirilir. SOCAR etibarlı tərəfdaşları ilə birlikdə ölkəmizin böyük enerji potensialının reallaşdırılması və Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.
“Abşeron” qaz yatağı “Şahdəniz”dən sonra Azərbaycanın ikinci ən böyük qaz yatağı hesab olunur. Ökəmiz üçün çox önəmli olan bu hadisə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artıracaq.
Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir. Bu göstəriciyə “Abşeron” yatağının ehtiyatı da daxildir. Hazırda illik qaz ixracımız 21 milyard kubmetr təşkil edir. Yaxın 5 ildə Azərbaycan indiki 21 milyard kubmetr qaz ixracını 30-31 milyard kubmetrə qədər artırmağı planlaşdırır. Avropaya qaz ixracının isə 11 milyarddan 20 milyard kubmetrədək artırılacağı gözlənilir.
Göründüyü kimi, Azərbaycanın enerji sahəsində uğurları biri-birini əvəzləyir. Ölkəmizin zəngin təbii resursları dünya bazarlarına çıxışı bir tələbə çevirir. Bunun üçün yeni bazarların axtarışı, ixracın genişləndirilməsi əsasdır. Azərbaycan neft, qaz, elektrik enerjisi ixracatçısı kimi dünyanın diqqətindədir.
Yeganə Əliyeva, "İki sahil"