Bu günlərdə Xankəndidəki separatçılar Laçın sərhəd buraxılış məntəqəsində yaranmış vəziyyətlə əlaqədar Rusiya sülhməramlılarının qərargahı qarşısında aksiya keçiriblər. Məlumata görə, aksiyada 30 nəfərə yaxın separatçı iştirak edib. Həmin “tədbirdə” qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi”, qanunsuz “hərbi birləşmənin keçmiş komandiri” Samvel Babayanın yaxın dostları, Rusiya əleyhinə fikirləri ilə tanınan və Qarabağda başqa dövlətin agenti kimi qəbul edilən Artur Osipyan, David Vanyan da iştirak ediblər. Aksiya iştirakçıları Rusiya hərbçilərinin öz vəzifələrini icra edə bilmədiklərini vurğulamaqla yanaşı, komandanlıqdan Qarabağı tərk etməsini “tələb” ediblər.

Bundan sonra isə Xankəndidəki qanunsuz rejimin bir neçə nümayəndəsi, o cümlədən Araik Arutyunyanın yanında separatçı “anti-böhran şurası”nın sədri Tiqran Petrosyan Rusiya sülhməramlılarının komandanı, general-polkovnik Aleksandr Lentsovla görüşüb. Onlar həyasızcasına iddia ediblər ki, guya Qarabağdakı ermənilərin təhlükəsizliyinə zəmanət verən Rusiya Prezidenti Vladimir Putin olub və bu, məlum Bəyanatla təsdiqlənib, lakin komandir yaranmış vəziyyətdə Rusiya tərəfinin günahkar olduğunu təkzib edib. Nəticədə separatçı “elçilər” görüşü narazı şəkildə tərk ediblər.
Üstəlik, separatçı-terrorçu rejimin quldurbaşı Araik Arutyunyanı Rusiya Prezidenti Vladimir Putinə məktub da göndərib. Həmin məktubda ultimatum formada bildirilir ki, əgər Rusiya yaxın günlərdə Laçın yolundakı nəzarət-buraxılış məntəqəsini ləğv edib, "humanitar problemləri" yoluna qoya bilməsə, onlar özləri "alternativ addımlar" atacaqlar. Yəni, “problemi” guya Rusiyanın iştirakı olmadan fərqli yollarla həll etməyə çalışacaqlar. Burada deyiblər də, qudurasan, qurbağa, gedir ilan vurmağa.
Şübhəsiz, son günlər baş verən bu olaylar arasında müəyyən əlaqələr vardır. Axı kimə məlum deyil ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının separatçılara hər addımbaşı yardım etmələri ilə bağlı kifayət qədər faktlar mövcuddur. Belə ki, Rusiya sülhməramlı kontingenti Qarabağda sülhü qorumaq missiyası ilə yox, Ermənistandan separatçılara silah-sursat, mina daşımaqla, müvəqqəti nəzarətində olan ərazilərdə hərbi təxribatlara rəvac verməklə məşğuldur. Elə bu kimi səbəblərdən Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır.
O ki qaldı separatçıların tələblərinə… Onlar da yaxşı dərk edirlər ki, Rusiya sülhməramlılarının Laçın nəzarət-keçid məntəqəsinə müdaxilə cəhdi Azərbaycan və Rusiya arasında hərbi qarşıdurma təhlükəsi yarada bilər. Əslində, separatçı-terrorçu dəstənin əsas hədəfi məhz bundan ibarətdir. Şübhəsiz, haylar bu kimi addımlarla guya Rusiya sülhməramlılarının onlara yardımçı olmadıqlarını, Azərbaycanın tərəfini saxladıqlarını dünyaya bəyan etmək istəyirlər.
Bəzi erməni mənbələri bildiriblər ki, vəziyyəti gərginləşdirən, daha doğrusu, bir ovuc separatçını Rusiya sülhməramlılarının üstünə göndərən, Kremlə məktub ünvanlayan, dolayısı ilə onlara hər cür yardım göstərən Rusiyanı şantaj etməyə çalışan qondarma rejimin qondarma “prezidenti” Araik Arutyunyandır. Onu isə bu formada təlimatlandıran qərbyönümlülüyü ilə seçilən, Qərbin agenti kimi tanınan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Mikael Hambardzyumyanın sözləri ilə desək, “Çaqqal” ləqəbli Ermənistanın baş naziri Nikol Paşinyandır. Hətta o, çıxışlarının birində həmkarlarına Laçın-Xankəndi yolunun bağlanmasına görə “günah oxlarını” yalnız ruslara tuşlamağı tapşırmışdı. Buradan belə nəticəyə gəlmək olar ki, Nikol Paşinyan öz “silahdaşı” Araiklə birgə həm də Qarabağda anti-Rusiya əhval-ruhiyyəsi yaratmaq üçün addımlar atır. Şübhəsiz, bütün bu addımlar Ukraynada “savaş bataqlığı”na düşən Rusiyanın dünya miqyasında gözdən salınmasına, Qərbin yeni geopolitik şərtləri daxilində xarici ölkələrin sülhməramlılarının bölgəyə gətirilməsinə hesablanıb. Bununla da onlar Rusiyanı sadəcə “qorxutmağa” çalışırlar. Yəqin Moskva da bu gedişlərin nəyə hesablandığını yaxşı bilir. Şübhəsiz, Rusiya vaxtında Azərbaycanın sülhməramlıların fəaliyyəti ilə bağlı xəbərdarlıqlarına əməl etsəydi vəziyyət belə həddə gəlməzdi. Yəni, onlar Rusiyanın "üzünə ağ olmağa" cəhdlər etməzdilər. Amma separatçılar unudurlar ki, hazırkı durumda çıxış yolu qondarma “özünümüdafiə ordusunun” buraxılmasından, “dövlət idarəetmə sisteminin” ləğv edilməsindən keçir. Onların qapılar döyməsinin, məktublar ünvanlanmasının, xarici ölkələrin sülhməramlılarına ümid bəsləmələrinin heç bir faydası olmayacaq. Görünən budur ki, Azərbaycan addım-addım özünün Xankəndi və ətraf ərazilərində konstitusion hüquqlarını bərpa edir. Nə Ermənistan, nə də digər ölkələr buna mane ola bilir. Çünki rəsmi Bakı bu kimi addımları kimlərinsə çağırışlari ilə deyil, yalnız beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın milli maraqları naminə atır.
Qvami Məhəbbətoğlu, “İki sahil”