11 iyul 2023 22:15
376

Zəfərimizin müəllifləri: Müzəffər Sərkərdə, yenilməz Ordu

Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycanın hərbi gücü bütün dünyada etiraf olunur. Dünya ictimaiyyəti şanlı Azərbaycan Ordusunun, regionun ən güclü ordusunun gücünə, qüdrətinə şahidlik edir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir. Hərbi qüdrətinin gündən-günə artması Azərbaycan dövlətini və ordusunu bölgədə sabitliyin qarantına çevirib.

XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsinin nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır. Dövlət müstəqilliyimizin bərpasından, daha dəqiq desək, 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra Azərbaycan Respublikasının nizami ordusu yaradılıb. Amma Ümummilli Liderimiz hələ SSRİ dövründə respublikamıza rəhbərlik edərkən peşəkar hərbi kadrların yetişdirilməsini diqqətdə saxlayır, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılırdı. Heydər Əliyev 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Ulu Öndərimiz sovet dövründə gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də müvəffəq olmuşdu. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu var. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində yüksək peşəkarlıq, nümunəvi qəhrəmanlıq, rəşadət və cəsarət göstəriblər.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldikdən sonra sistemli ordu quruculuğuna start verməsi, nizami ordunun yaradılması Ermənistanın təcavüzkar siyasətinin davam etdiyi şəraitdə Azərbaycan Silahlı Qüvvələrinin öz vəzifəsini şərəflə yerinə yetirməsinə imkan verdi. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilin yanvarında oldu. Silahlı Qüvvələrimizin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Sonrakı dönəmdə Heydər Əliyev ordu quruculuğuna xüsusi diqqət yetirib, Onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirildi. Xüsusi vurğulamaq gərəkdir ki, Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.

Ümummilli Liderin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Konkret desək, Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında artıq Azərbaycan müasir tələblərə cavab verən, son texnologiyalarla, müasir silahlara sahib güclü ordusu ilə tanınan bir ölkədir. Ordumuzun gücləndirilməsi, hərbçilərimizin yaşayış səviyyəsinin artırılması son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklərin salınması siyasəti bir neçə ildir ki, davamlı şəkildə aparılır. Azərbaycan Ordusu nəinki regionun, həmçinin Yaxın və Orta Şərqin, bütün postsovet məkanının ən qüdrətli silahlı qüvvələrindən biridir.

Prezidentimiz dəfələrlə qeyd etmişdi ki, işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, “dəmir yumruq” onların başını əzəcək. Cənab İlham Əliyevin sözünün imzası qədər dəyərli - keçərli olduğu növbəti dəfə sübuta yetirildi. Ordumuz işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibənin sonunda 10 noyabr 2020-ci il tarixində Azərbaycan üçün qələbənin siyasi-hüquqi təsdiqi, Ermənistan üçün isə kapitulyasiya aktı olan üçtərəfli Bəyanat imzalandı.

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim müharibəmiz - İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik”.

Bütövlükdə, Silahlı Qüvvələrimizin Aprel döyüşlərində, Günnüt əməliyyatında və nəhayət, 44 günlük Vətən müharibəsində düşməni sarsıdıcı məğlubiyyətə uğratması həyata keçirilən uğurlu ordu quruculuğu siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Bu tarixi nailiyyətlər, eyni zamanda, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi qalib Azərbaycanın sarsılmaz qüdrətinin ifadəsidir.

Qüdrətli ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması və bu sahədə istehsal yönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da möhkəmləndirib. Dövlətimizin başçısının diqqəti nəticəsində yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açıb. Azərbaycanın yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, bir çox hərbi təyinatlı məhsul istehsalını mənimsəməsi strateji əhəmiyyətə malikdir. Azərbaycan prosesi İkinci Qarabağ müharibəsinin təcrübəsini nəzərə almaqla yeni yanaşma əsasında davam etdirir. Həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, həm də yeni silahlı birləşmələr yaradılır. Komando Briqadasının yaradılması isə xüsusi qeyd edilməlidir.

Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərməsi nəzərə alınaraq Komando Qüvvələrinin yaradılması haqqında Ali Baş Komandan göstəriş vermişdi. İlk komando hərbi hissəsi 2021-ci il dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsində, ikinci komando hərbi hissə isə 2022-ci il iyunun 26-da Kəlbəcərdə hərbçilərin istifadəsinə verildi. Burada xüsusilə diqqət yetirilməli məqam ondan ibarətdir ki, açılan hərbi hissələr Ermənistan ərazisinə yaxın məsafədə yerləşir. Bunun da əsas məqsədi odur ki, gələcəkdə Azərbaycana qarşı hər hansı bir təhdid olarsa, Komando Qüvvələri tez bir zamanda düşmən təxribatının qarşısını almaq üçün hərəkətə keçəcək.

Məlum olduğu kimi, Silahlı Qüvvələr Günü ərəfəsində, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissəsinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Dövlət Bayrağını təqdim etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tədbirdə çıxış edərək mühüm məqamlara toxundu, Ermənistana və onun havadarlarına çox ciddi mesajlar ünvanladı. Prezident İlham Əliyev çıxışında müharibədən sonra onun  göstərişilə Müdafiə Nazirliyində Komando Qüvvələrinin yaradıldığını və komandoların sayının gündən-günə artdığını qeyd etdi.  Dövlət başçımız bildirdi ki, artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur.

“Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcək” deyən Müzəffər Ali Baş Komandan vurğuladı ki, yeni döyüş birləşmələrinin, ilk növbədə Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdəndir.

Bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf edir və hər ötən gün gücünə güc qatır. Hər kəs də təsdiq edir ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə olan ordudan qat-qat güclüdür. Ordumuzun yeni silahlarla təchiz olunması və xüsusi biliklərə yiyələnməsini düşmən də müşahidə edir. Qürurverici haldır ki, Ermənistanın Vətən müharibəsindən sonra ara-sıra törətdiyi növbəti təxribatlarının qarşısı qətiyyətlə alınır. Silahlı Qüvvələrimizin rəşadəti və hərbçilərimizin gücü bir daha sübut edir ki, Prezidentin dediyi kimi: “Dəmir yumruq yerindədir”. Əminik ki, “Dəmir yumruq” dövlətimizə və xalqımıza qarşı təxribat törətmək istəyənləri hər zaman əzəcək!

Göründüyü kimi, Azərbaycanda hərbi sahəyə göstərilən diqqət sayəsində ordumuzun artan qüdrəti müstəqilliyimizin əbədiliyinə və regional təhlükəsizliyə təminat verəcəkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”