10 iyul 2023 22:16
585

Əsassız və qanunsuz tələb əlahəzrət fakt və həqiqət qarşısında aciz qaldı

Bundan sonra işğalçı ölkənin beynəlxalq arenaya çıxmağa üzü olacaqmı?

Məlumdur ki ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı tarixi həqiqətlərin təbliğində əhəmiyyətli rol oynayır. Bütün hallarda əsas prinsip ədalətin və beynəlxalq hüququn müdafiəsidir. Azərbaycanın xarici siyasət uğurları ğöz önündədir. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizin əldə olunmasında  ölkəmizin beynəlxalq nüfuzu, ədalətə və beynəlxalq hüquqa söykənən fəaliyyəti, münaqişənin həlli ilə bağlı möhkəm hüquqi bazanın yaradılması mühüm rol oynadı. Azərbaycan ən yüksək tribunalardan bu bəyanatı səsləndirir ki, dünya hüquq problemini yaşayır. 

Beynəlxalq Ədalət Məhkəməsinin son qərarı: Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbi əsassızdır.

 

Dünyanın ikili standartlara əsaslanan siyasətini hər zaman özünə  münasibətdə aydın şəkildə görən Azərbaycan heç zaman bu yanaşmadan ruhdan düşməyərək həqiqətlərini real faktlara, tarixə söykənərək beynəlxalq ictimaiyyətə çatdırmaqda davam edir. Elə qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərindəki körpüdə nəzarət-buraxılış məntəqəsini qurması da ortaya qoyduğu siyasi iradənin nəticəsidir. Xüsusilə son iki-üç ildə müşahidə etdiyimiz Ermənistan diplomatiyasının hər vasitə ilə Azərbaycanı ləkələmək, beynəlxalq nüfuzumuza zərbə vurmaq kimi niyyətləri puç olur. Belə ki, Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı Ermənistanın vəsatətini rədd edib. Birmənalı şəkildə deyə bilərik ki, İrəvanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciətlərinə baxılmaması və onların yekdilliklə rədd edilməsi Azərbaycan diplomatiyasının uğurudur. Bakı ali femidaya təqdim etdiyi fakt və sübutlarla əsl həqiqəti ortaya çıxardı və ədalətli qərarın verilməsinə nail oldu. Beynəlxalq Ədalət Məhkəməsinin son qərarı: “Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbi əsassızdır”. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ayrıca bəyanat yaydı.

Həqiqətdir ki, İrəvanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciətləri Azərbaycanın Ermənistanla şərti sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulmasına qarşı həyata keçirilən genişmiqyaslı kampaniyanın tərkib hissəsi idi. Ermənistan iddiasını İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiya ilə əlaqələndirməyə çalışırdı. Ancaq Beynəlxalq Ədalət Məhkəməsi bu iddianı tamamilə haqlı olaraq rədd etdi. Azərbaycan XİN bildirir ki, bununla məhkəmə ilk növbədə Azərbaycanın Ermənistanla şərti dövlət sərhədlərində nəzarət buraxılış məntəqəsini qurmağa beynəlxalq hüquq əsasında suveren hüquqa malik olduğunu rəsmən tanıyıb.  Bu qərar bir daha Azərbaycanın Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsi yaratmaqda tamamilə haqlı olduğunu göstərdi. Əsas məqamlardan biri də budur ki, məhkəmə Azərbaycanın Laçın yolundan öz silahlı qüvvələrini çıxarmağa dair beynəlxalq hüquq əsasında hər hansı bir öhdəliyə malik olmadığını təsdiqləyib. Məhkəmənin gəldiyi bu qənaətin, şübhəsiz ki, mühüm beynəlxalq nəticələri olacaq. Azərbaycanın Laçın yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərin mühafizəsi üzrə suveren hüququdur. Sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılandan etibarən erməniəsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəlikləri çərçivəsində giriş-çıxışda sərhəd nəzarətinin ayrı-seçkilik olmadan həyata keçirildiyi sərhəd-buraxılış məntəqəsindən keçməkdədirlər. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı imkan verəcək ki, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərində yaşayan ermənilərin reinteqrasiyasını da uğurla həyata keçirsin. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması isə beynəlxalq hüquq normalarına əsaslanır. Ona görə də Beynəlxalq Ədalət Məhkəməsi başqa cür qərar qəbul edə bilməzdi. Məhkəmənin bu qərarı dövlətimizin atdığı addımın əhəmiyyətini bir daha təsdiqləyir. İndi ermənilərin bundan nəticə çıxarması artıq zəruridir. Əks halda bundan uduzan yenə ermənilər olacaq.

Beynəlxalq məhkəmələr bəzən “böyük güclərin” təsiri altında ədalətsiz qərarlar qəbul edə bilirlər. Məhz böyük güclərin çeşidli təzyiqləri altında ədalətsiz qərarların verildiyini nəzərə alsaq, BƏM-in Laçın yolu ilə bağlı qərarını Azərbaycanın böyük uğuru kimi dəyərləndirmək olar. Fransa hər vəchlə çalışırdı ki, Ermənistanın yersiz və qanunsuz iddiası öz təsdiqini alsın. Amma bu, baş tutmadı. Necə ki, onun Azərbaycanın əleyhinə iki dəfə – BMT-də və fransızdilli ölkələrin zirvə toplantısında hazırladığı sənəd ləğv olunmuşdu.

Yalanlara, təhriflərə, bir çox hallarda isə şər-böhtana söykənən ermənilərin diplomatik fəaliyyəti birinci dəfə deyil iflasa uğrayır. : “İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı müvəqqəti tədbirləri göstərən məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarında dəyişikliklə bağlı tələbini də rədd etmişdi. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistan hökumətinin Azərbaycana qarşı Məhkəmə Reqlamentinin 39-cu Qaydasına uyğun olaraq Qarabağda hücum əməliyyatlarının dayandırılması üçün Azərbaycana qarşı öhdəlik yaradan tədbirlər görməyi xahişini, 19 avqust 2022-ci ildə Ermənistanın Azərbaycana qarşı müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair vəsatətini, bu il iyunun 21-də isə həmin məhkəmə terrorçuluq, dövlət sərhədini qanunsuz keçmək və digər cinayətlərdə təqsirləndirilən iki erməni hərbi qulluqçusu ilə bağlı Ermənistanın Azərbaycana qarşı müvəqqəti təmin tədbiri tətbiq edilməsinə dair tələbini rədd edib. Dövlətimizin xeyrinə qəbul olunan hər bir qərar zamanında təqdim olunan sübutlar və əlbəttə ki, bütün bunların hüquqi əsaslandırılması ilə həyata keçirilən sistemli bir fəaliyyətdir.

Nigar Orucova, “İki sahil”