10 iyul 2023 23:35
470

Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənir

Azərbaycan və Albaniya prezidentlərinin mətbuata birgə bəyanatlarında səsləndirdikləri fikirlər ölkəmizin böyük imkanlarının  təqdimatı oldu

Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğu ev sahibliyi etdiyi, eyni zamanda, qatıldığı tədbirlərdən, qarşılıqlı səfərlərdən, əməkdaşlıq əlaqələrinin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanmasından və onların say tərkibindən aydın görünür. Bu fikri daim xüsusi qeyd edirik ki, tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurlarının miqyası daha da genişlənib.  Zəfərimizin yaratdığı reallıqlar dünya siyasətinin yenidən formalaşdırılmasını bir zərurətə çevirdi. Bu günlərdə Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında dövlət başçısı İlham Əliyev bir daha diqqəti bu məsələlərə yönəldərək. bəzi dünya güclərinə, xüsusilə konkret olaraq Fransaya vəziyyəti düzgün istiqamətləndirməyin yollarını təqdim etdi.    Azərbaycanın  dünyanın yeni xarici siyasətinin müzakirəsi üçün ideal məkan kimi qəbul olunması,  dövrün əsas çağırışlarının ölkəmizdə  müzakirə edilərək təcrübəsinin yüksək  dəyərləndirilməsi, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipləri əsasında  əməkdaşlıq əlaqələri qurması  dünya birliyinin fəal üzvü kimi artan nüfuzunun göstəricisidir.

Beynəlxalq səviyyədə Azərbaycanla bağlı səsləndirilən fikirlər ölkəmizin  həyata keçirdiyi siyasətin nümunə olduğu və öyrənilməsinin vacibliyi barədə aydın təsəvvür yaradır. Bildirilir ki, Azərbaycan   çox nadir bir ölkə olaraq  özündə ənənə və müasirliyi birləşdirir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan  müstəqil siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Bu gün ölkəmiz,  eyni zamanda, Avrasiya regionunun nəqliyyat və logistika qovşağı rolunu oynaması üçün  mühüm addımlar atır. Azərbaycanın Şərq və Qərb, eyni zamanda, Şimal və Cənub tərəfdaşlarını birləşdirmək məqsədi bütünlükdə  regionda və  dünyada əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Tarixi Zəfərimizdən sonra günümüzün əsas müzakirə mövzularından olan Zəngəzur dəhlizinin açılması da ölkəmizin regionda və dünyada artan nüfuzuna öz müsbət təsirini göstərəcək. Zəngəzur dəhlizi  hazırkı dövrün əsas çağırışları sırasında xüsusi yer tutan türk dövlətlərinin həmrəylik körpüsü kimi dəyərləndirilir. Prezident  İlham Əliyevin vurğuladığı kimi, Ermənistan istəsə də istəməsə də Zəngəzur dəhlizi açılacaq. Torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndər Heydər Əliyevin arzularını gerçəkləşdirən Prezident İlham Əliyev  Zəngəzur dəhlizini reallaşdırmaqla da  ata vəsiyyətini yerinə yetirmiş olacaq.

  Hazırda  Türkiyə və Azərbaycan bölgədə davamlı sülhün, təhlükəsizliyin və   əməkdaşlığın normallaşmasını təmin edəcək Zəngəzur dəhlizinin bərpası ilə bağlı səylərini birləşdirir, qətiyyətlərini artırırlar. Bütün dünya ictimaiyyəti də dərk edir ki, Şərqi Zəngəzur ərazisindən keçəcək avtomobil və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari əməkdaşlıq baxımından əlverişli fürsətlər yaradacaq. «Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik. Bölgənin tranzit, logistik mərkəz kimi mövqeyi möhkəmlənəcək» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, Zəngəzur dəhlizi ayırıcı deyil, birləşdirici layihədir və bütün türk dünyasını əhatə edəcək.

Buna əmin olmaq üçün tarixi Zəfərimizdən sonra ümumilikdə türk dünyasının birliyi istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Qarşılıqlı səfərlər davamlı xarakter daşıyır. Daim dünya Azərbaycan-Türkiyə qardaşlığının timsalında türk dünyasının birliyini görür, bu birliyin gələcəyi barədə fikirlər səsləndirilir. Türk dünyası böyük ailədir. Bu ailənin  birliyini, həmrəyliyini qorumaq üçün Ümummilli Lider Heydər Əliyev və hazırda Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev düşünülmüş və məqsədyönlü siyasət həyata keçiriblər. Dövlət başçısı İlham Əliyev   iyulun 10-da  Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə telefon zəngi zamanı da bir çox məqamlara diqqət yönəltmişdir.  Şavkat Mirziyoyevi Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edən  cənab İlham Əliyev bildirmişdir ki,  bu qələbəni onun rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən siyasətə xalqın verdiyi dəstək kimi qiymətləndirir.  Dövlətlərimizin başçısı Özbəkistanın qarşıdakı illərdə də Şavkat Mirziyoyevin liderliyi ilə hərtərəfli inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə etmişdir. Tərəflər dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin,  təmasların əhəmiyyətini qeyd edərək,  əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmaların və qəbul olunan qərarların yüksək səviyyədə icra olunmasından məmnunluqlarını dilə gətirmişlər.

Onu da qeyd edək ki, cənab Rəcəb Tayyib Ərdoğanın president seçkilərində qələbəsini təmin etdikdən sonra Prezident səlahiyyətlərinin icrası münasibətilə keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xüsusi hörmət və diqqət beynəlxalq səviyyədə geniş müzakirə olundu və qardaşlığın növbəti nümunəsi kimi qeyd edildi. Sonra Türkiyə Prezidentinin  Şimalı Kipr Türk Respublikasının ardınca Azərbaycana səfəri dünyanın diqqətində oldu. Atılan hər bir addım  türk dünyası arasında qardaşlığın, dostluğun, müttəfiqliyin sözdə deyil, əməldə öz təsdiqini tapdığını göstərir.

Təbii ki, bunları qeyd etməklə hazırkı dövrün əsas çağırışlarına diqqəti yönəldir, böyük ailə olan türk dünyasının  birliyi istiqamətində atılan addımların  hədəflərə zamanında nail olacağımıza əsas verdiyini təsdiqləyirik. Onu da qeyd edək ki, Azərbaycanla Türkiyə arasında tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcək, iki qardaş ölkəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin coğrafiyasının genişləndirilməsi baxımından da önəmlidir.
Bakı-Tbilisi-Qars dəmir yolunun davamı kimi beynəlxalq əhəmiyyətli nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə kömək edəcək bu dəhliz dövlətlərarası turizmin inkişafına, ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, qatarların sərbəst hərəkətinə də kömək edəcək. Zəngəzur dəhlizini Türkiyə ilə Azərbaycanın möhkəmlənən müttəfiqliyinin ən yüksək zirvəsi adlandıranlar da qənaətlərində yanılmırlar. Şərqi Zəngəzurun və Qarabağın iqtisadi inkişafı da bu dəhlizin istifadəyə verilməsi ilə bağlıdır. İstanbulla Mərkəzi Asiya ölkələrini birləşdirəcək, ən müasir infrastruktur kimi fəaliyyət göstərəcək bu dəhliz türk dünyasının vahid dəyərlərdən qaynaqlanan milli iradəsini ifadə etmək baxımından da dəyərlidir.

Azərbaycanın enerji, nəqliyyat imkanları beynəlxalq səviyyədə geniş təhlil edilir. Bu günlərdə ölkəmizdə səfərdə olan Albaniya Prezidenti Bayram Beqayla dövlət başçısı İlham Əliyevin keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, həmçinin mətbuata birgə bəyanatlarda da bu məsələlər əsas müzakirə mövzusu oldu.

Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.  Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına səfər etmişdi.  Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəri idi.  Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək, ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin ətrafında fikir mübadiləsi aparmaq idi.

Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü ildə  Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb.  İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır.

Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Prezident İlham Əliyev Albaniya Prezidenti ilə birgə mətbuata bəyanatında bildirdi ki, bu vaxta qədər əməkdaşlığımızın əsas meyarı enerji sektoruna aid olub. Həmin əməkdaşlıq nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusən də Cənub Qaz Dəhlizinin hissəsi olan TAP üçün əhəmiyyətlidir: “Həmin boru kəməri Albaniyanın ərazisindən keçir. Hazırda o, enerji təhlükəsizliyinin mənbəyidir, Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar, təbii ki, ölkələrimiz arasında sıx əməkdaşlıq üçün mühüm meyarlardır. Çünki bir çox Avropa ölkələri üçün enerji təhlükəsizliyi, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilir. Həmin ölkələrin sayı artır. Avropa İttifaqı bazarına Azərbaycanın təbii qaz ixracı artır. Həcmlər artır və onun coğrafiyası genişlənir.”

Bu məqam da xüsusi qeyd edildi ki,  ilin sonunadək  Avropa İttifaqına üzv olan daha çox sayda ölkələrin Azərbaycandan təbii qazı alacağını gözləyirik. Həmçinin əvvəlki təmaslarda müzakirə olunan mövzulardan biri Albaniyanın qazlaşdırılması layihəsi idi və sınaq layihəsi seçilmişdi. Bu gün  nümayəndə heyətlərinin üzvləri tərəfindən məlumat verildiyi kimi, işlər cədvələ uyğun gedir və ilin sonunadək  artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq.

Dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycan sərmayədarları Albaniyada istər turizm, istər kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi nəzərdən keçirməyə hazırdırlar. Gələn aylarda  bu haqda daha çox məlumat olacaq və münasibətlərimizdə yeni səhifə açılacaq. Albaniya Prezidenti ölkəsinin malik olduğu iqtisadi imkanlardan geniş bəhs etdi və əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsinin vacibliyini bildirdi.

Qısa təhlil əsasında Azərbaycanın  istər türk dünyasında, istərsə də beynəlxalq alımdə artan nüfuzunu gördük. Hazırda sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycanın  söz sahibliyi daha da artır. İkitərəfli və çoxtərəfli çərçivədə əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olan Azərbaycan üçün ədalət və beynəlxalq hüquq əsasdır. Bu yanaşma ölkəmizə davamlı uğurlar qazandırır.

Yeganə Əliyeva, “İki sahil”