11 iyul 2023 01:38
596

Paradoks: Ermənistan da dünya nizamından danışır

Belə yerdə Mirzə Ələkbər Sabir çox gözəl deyib: Qah-qah! Qəribə gülməlisən xaniman xərab!

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan heç bir əsas olmadan Azərbaycana qarşı ittihamlarını davam etdirir. O, bu günlərdə Xorvatiyanın Dubrovnik şəhərində “Nizamı pozulmuş dünya” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib ki, guya Azərbaycanın Laçın dəhlizini qeyri-qanuni şəkildə bağlaması nəticəsində Qarabağ “mühasirəyə” alınıb və orada humanitar fəlakət yaşanır. Halbuki  Xankəndi və digər ətraf ərazilərdə yaşayan ermənilərin sosial şəbəkələrdə nümayiş etdirdikləri hər cür naz-nemətin düzüldüyü yemək masalarından aydın görünür ki, onların “acından” ölmələrindən əsər-əlamət belə yoxdur. Digər tərəfdən, artıq xeyli vaxtdır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə Qarabağın erməni sakinlərinin Laçın sərhəd-buraxılış məntəqəsindən gediş-gəlişləri tam təmin olunub.  Üstəlik hər gün bu yolla humanitar yüklər daşınır. Bu, bir daha Ermənistanın Laçın yolunun bağlanması barədə iddialarının heç bir əsası olmadığını göstərir.

Ararat Mirzoyan, həmçinin bildirib ki, guya Qarabağ erməniləri real “etnik təmizləmə” və “soyqırımı” təhlükəsi ilə üz-üzədir. O iddia edir ki, “etnik təmizləmə”nin qarşısını almaq üçün daha çox beynəlxalq səylərə ehtiyac var. Ararat Mirzoyanın belə bir fikir səsləndirməsi heç də təsadüfi deyil. Məlum olduğu kimi, artıq neçə aydır ki, Ermənistanda ikiillik mandatla 100 nəfərdən ibarət  Avropa İttifaqının yeni missiyası fəaliyyət göstərir. Məhz onların gəlişi ilə təcavüzkar ölkə üçün sanki yeni nəfəslik açılıb. Bu missiya şərti sərhəddə “fəaliyyətə” başladığı gündən Ermənistan silahlı qüvvələri  tərəfindən mövqelərimizin atəşə tutulması intensivləşib. Amma nə qədər qəribə görünsə də, missiya bu kimi təxribatlara reaksiya vermir, üstəlik hər bir təxribatdan sonra hayların tərəfini saxlayır. Ararat Mirzoyanın sözləri ilə desək, guya bununla öz missiyalarını “yerinə yetirirlər”. Bu isə Hayastanın həmin missiyanı özününküləşdirməsindən, regionda ölkəmizə qarşı yeni hərbi cəbhə formalaşdırmaq niyyətindən xəbər verir. Görünür, “Biz  Ermənistan və Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əlaqələrin və əməkdaşlığın dərinləşdirilməsi üçün yeni perspektivləri araşdırırıq” deyən Mirzoyan Qarabağda da beynəlxalq missiyanın bu “təcrübəsindən” istifadə etmək niyyətindədir. Amma Azərbaycan dəfələrlə  bəyan edib ki, onun suveren ərazisində belə bir missiyaya ehtiyac yoxdur.

Həmin tədbirdə guya Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından əl çəkmədiyini heç bir fakt göstərmədən “sübut etməyə” çalışan Ararat Mirzoyan təcavüzkar ölkəsinin üçtərəfli Bəyanata zidd olaraq, silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaması, hələ də Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndini işğal altında saxlaması faktının üstündən sükutla keçib. O, həmçinin məlum Bəyanata əsasən, Azərbaycanın qərb bölgələrindən Naxçıvana maneəsiz hərəkəti təmin edəcək kommunikasiya xəttinin açılması istiqamətində heç bir iş görməmələrindən, Azərbaycanın bu yöndə təşəbbüslərinə qarşılıq verməmələrindən  söz açmayıb. Bu mənada birmənalı şəkildə demək olar ki, Ermənistan dünyanın nizamını, həmçinin beynəlxalq hüquq və qaydaları kobud şəkildə pozan ölkələr sırasındadır.

Ararat Mirzoyan daha bir istəyini də dilə gətirib. Belə ki, o, sözügedən konfransda reinteqrasiya məsələsi ilə bağlı beynəlxalq mexanizmin yaradılmasından bir daha söz açıb. Halbuki rəsmi Bakı Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcəyini, bu məsələnin ölkəmizin daxili işi olduğunu dəfələrlə bəyan edib.

Şübhəsiz, belə tədbirlərdə bir qayda olaraq yazıq sifəti alıb “Adımı sənə qoyum, səni yana-yana qoyum” prinsipinə uyğun çıxışlar edən Ararat Mirzoyanın bu sayıqlamaları azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə siyasəti həyata keçirən, soyqırımı aktları törədən, 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarına əməl etməyən Ermənistanın beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönləndirməyə hesablanan növbəti yalanından başqa bir şey deyil. Sülh danı­şıqlarının intensivləşdiyi və nə­ticənin uzaqda olmadığı indiki mərhələdə Ararat Mirzoyan hər vasitə ilə prosesi dayandırmağa cəhdlər göstərir. Təmsil olunduğu  hakimiyyətin nə qədər riyakar, böhtançı və həyasız olduğunu bir daha ortaya qoyan Mirzoyan və onun kimi düşünənlər elə zənn edirlər ki, bu kimi sayıqlamalarla Azərbaycanı haqq yolundan döndərə biləcəklər. Şübhəsiz, bu, onların sadəcə, xam xəyallarıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”