Qarabağdakı ermənilər baş verənlərdə Azərbaycanın deyil, separatçı rejimin günahkar olduğunu etiraf edirlər
Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra Qarabağdakı erməni icmasının reinteqrasiyası qaçılmaz prosesə çevrilib. Azərbaycan hakimiyyətinin beynəlxalq hüququn tələbləri çərçivəsində qətiyyətlə həyata keçirdiyi siyasət nəticəsində Ermənistanın baş naziri Nikol Paşinyan da daxil olmaqla Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasında vasitəçilik edən aktorlar tərəfindən Qarabağın Azərbaycanın suveren ərazisi kimi tanınması ilə həmin prosesin yeni mərhələsinə start verilib.
Məlumdur ki, Azərbaycan rəhbərliyi tərəfindən bu istiqamətdə artıq bir neçə dəfə müvafiq addımlar atılıb. Hətta bu il martın 1-də Xocalı şəhərində Qarabağın erməni icmasının nümayəndələri ilə ilk təmas da baş tutub. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Qarabağdakı ermənilərə reinteqrasiya, həmçinin infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə martın 13-də və aprel ayının birinci həftəsində Bakı şəhərində növbəti görüşün keçirilməsi də təklif edilmişdi. Lakin separatçıların təzyiqləri və mane olmaları səbəbindən bu tarixi şans lazımi səviyyədə dəyərləndirilmədi. Hər bir halda, dəvət Azərbaycan dövlətinin humanizm prinsiplərinə verdiyi dəyərin təzahürü idi və bu addım bir daha göstərdi ki, Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşları kimi qəbul etməyə, onların problemlərinin həlli istiqamətində müzakirələr aparmağa və konkret addımlar atmağa hazırdır.
Bir neçə gün əvvəl baş separatçı Araik Arutyunyanın Rusiya sülhməramlılarının vasitəçiliyi ilə görüşə hazır olmaları barədəki açıqlaması həm Ermənistandakı, həm də Qarabağdakı revanşist qüvvələrin necə çıxılmaz vəziyyətə düşdüyünü göstərir. Ancaq quldurbaşının vasitəçilər vasitəsilə görüş təklif etməsi qəbuledilməzdir. Çünki Azərbaycanın öz ərazisində bir dəstə cinayətkarın hansısa şərt irəli sürməsinə imkan vermək, onların nazı ilə çox oynamaq fikri yoxdur. Odur ki, indi yekun qərarı qondarma qurumun “rəhbərliyi” deyil, Qarabağın erməni ictimaiyyətinin nümayəndələri verməlidirlər və deyəsən, verirlər də. Faktdır ki, həmin ermənilər arasında Azərbaycan vətəndaşlığını qəbul etmək, ağır sosial-iqtisadi problemlərdən azad olaraq normal həyat səviyyəsinə qayıtmaq istəyənlərin sayı gündən-günə artmaqdadır. Sakinlərin bir qismi isə qərarını Azərbaycan ərazisini birdəfəlik tərk etmək istiqamətində verib. Hər iki halda Qarabağdakı ermənilər seçimlərini edirlər və buradakı separatçı rejimin bütün təzyiqləri onlara getdikcə daha az təsir göstərir. Görünür, quldurbaşı Araik Arutyunyan özü də yolun sonunun yaxınlaşdığını başa düşür. Belə olmasaydı, Xankəndidəki villasını satışa çıxarmazdı...
Tanınmış azərbaycanlı bloger Kamran Razmovarın apardığı araşdırma və guya Rusiya Federasiyasının Krasnodar vilayətində yaşayan erməni əsilli şəxs qismində mənzil almaq adı ilə son günlər Qarabağa etdiyi zənglər bir sıra həqiqətlərin ortaya çıxmasına səbəb olub. Məlum olub ki, Qarabağda, xüsusilə Xankəndi şəhərində yaşayan ermənilər yaşadıqları mənzilləri kütləvi şəkildə satışa çıxarıblar. Telefon danışıqları zamanı Xankəndidəki “Evlərin və daşınmaz əmlakın alqı-satqısı” agentliyinin əməkdaşı azərbaycanlı blogerə çoxsaylı mənzillərin, şəxsi həyət evlərinin və villaların şəkillərini göstərərək təcili satıldığını bildirir. Sənədləşmənin necə olacağı ilə bağlı suala isə ilkin mərhələdə qonşuların iştirakı və şahidliyi ilə alqı-satqının aparılacağını, bunun videoqeydə alınacağını, yaxın iki il ərzində isə Xankəndidə açılacaq Azərbaycanın “ASAN xidmət” mərkəzi vasitəsilə mənzilə sahibliyi təsdiq edən sənədin veriləcəyini, hətta “müştəri”ni inandırmaq üçün Rusiya sülhməramlılarının da alqı-satqıda şahidlik edəcəyini deyir. Göstərilən evlərin içərisində biri xüsusilə diqqət çəkir. Belə ki, agentliyin əməkdaşı daha bahalı şəxsi mülk almaq istədiyini deyən K.Razmovara şəkillərini göstərdiyi 1 milyon ABŞ dollarına satışa qoyulmuş villanın sahibinin çox tanınmış və mühüm şəxs olduğunu bildirir. Kamranın bir neçə dəfə soruşmasına baxmayaraq, villa sahibinin adını deməsə də, o, nəhayə,t Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanın şəklini göstərib əlavə edir ki, onun arvadı evin satılması üçün elan yerləşdirilməsini istəyib.
Daha bir maraq doğuran telefon əlaqəsi isə Xankəndidə yaşayan Lusine Avaqimyanla baş tutub. Üçotaqlı mənzilini 150 milyon Ermənistan dramına (təxminən 40 min ABŞ dolları) satışa çıxarmış erməni qadın söhbət zamanı deyir ki, Qarabağda vəziyyət çox pisdir. Özü də “Araik və onun xuntasının günahı ucbatından”. Satmaq istədiyi mənzilin əvvəllər azərbaycanlılara məxsus olduğunu etiraf edən L.Avaqimyan bildirir ki, Birinci Qarabağ müharibəsindən sonra “dövlət” həmin mənzili müharibə iştirakçısı olmuş atasına “hədiyyə edib”. Yəni, azərbaycanlılar öz ev-eşiklərindən zorla qovulduqdan sonra onların mənzillərini, necə deyərlər, öz dədə malları kimi paylayıblar. Potensial “erməni müştəri” ilə danışdığına inanan erməni qadın dəfələrlə Qarabağda vəziyyətin gərginləşməsinin günahkarının Azərbaycan deyil, “yerli hakimiyyət”, “Araikin bandası” olduğunu vurğulayır, mənzili satıb İrəvana getmək istədiyini deyir və əlavə edir ki, qonşularının da demək olar ki, hamısı onunla eyni fikirdədir.
Göründüyü kimi, Qarabağdakı separatçı rejimin mövcudluğuna istənilən vasitə ilə son qoyulması həm də orada yaşayan ermənilərin xeyrinə atılmış addım olacaq. Azərbaycan öz humanist mövqeyini sona qədər davam etdirsə də, səbrimiz hüdudsuz deyil və Ermənistan ordusuna məxsus qeyri-qanuni silahlı dəstələrin ərazilərimizdən çıxarılması, Xankəndidəki qondarma qurumun ləğv edilməsi ilə bağlı tələblərimiz təcili, qeyd-şərtsiz yerinə yetirilməlidir. Əks halda... Əks halda nə olacağını Araik də yaxşı bilir, onun himayədarları da...
Mahir Rəsuloğlu, “İki sahil”