10 iyul 2023 22:31
366

Paşinyan radikalların hədəfində

Ermənistan müxalifəti eyni məsələləri bu gün baş veribmiş kimi yenidən gündəmə gətirməklə növbəti dəfə məsuliyyətdən yaxa qurtarmağa çalışır

Ermənistanda siyasi mənzərə kəskinləşir. Müxalif qüvvələr isə xalqın düşdüyü vəziyyətə görə günahı təbii olaraq baş nazir Nikol Paşinyanda görürlər. Belə ki, 2018-ci ildə "məxməri inqilab" kimi tanınan geniş etirazlardan sonra keçmiş jurnalist və fəal Nikol Paşinyanın hakimiyyətə gəlişi siyasi və iqtisadi islahatlara ümid yaratsa da, işğalçı ölkəni idarə etmək bir o qədər də asan olmadı. Müxalifət partiyaları Paşinyan hökumətinin onlarla əlaqə qurmaması nəticəsində ölkədə problemlərin, o cümlədən işsizlik və yoxsulluq səviyyəsinin daha da yüksəldiyini, idarəçilikdə şəffaflığın olmadığını bildirirlər. Müxalifət Nikol Paşinyanı Qarabağ münaqişəsinin həllində və bunun fonunda düzgün xarici siyasət yürütməməkdə, beynəlxalq müstəvidə maraqlı tərəflərlə səmərəli danışıqlar aparmamaqda, ölkə üçün əlverişli şərtləri təmin etməməkdə günahlandırır.

Müxalifət iddia edir ki, Paşinyanın 2020-ci ildə altıhəftəlik müharibəyə son qoyaraq üçtərəfli Bəyanat imzalamaq qərarı ölkənin milli təhlükəsizliyinə və ərazi bütövlüyünə xələl gətirən kapitulyasiya idi. Paşinyanın strateji uzaqgörənliyinin olmamasının Ermənistanın "ərazi itkiləri" ilə üzləşməsinə səbəb olduğunu, onilliklər ərzində nəzarətində olan ərazilərin Azərbaycana "verildiyini" iddia edən müxalifət baş naziri xəyanətkar adlandırır. Həmçinin üçtərəfli Bəyanatın Qarabağdakı etnik erməni əhalisinin hüquqlarını və təhlükəsizlik problemlərini təmin etmədiyini bildirir. Müxalifətə qoşulan radikallar da Paşinyan administrasiyasını korrupsiyaya qarşı mübarizədə, idarəetmədə, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması üçün heç bir iş görmədiyinə və hakimiyyətdən sui-istifadə hallarına görə tənqid edirlər. Müxalifətə, eyni zamanda radikallara görə, Paşinyan hökuməti regional çağırışların öhdəsindən gələ bilmir və Ermənistanın mənafeyini qorumur. Onlar hesab edirlər ki, daha güclü diplomatik səylər və strateji addımlarla Ermənistanın maraqlarının müdafiəsini təmin etmək olar. Lakin qeyd etmək lazımdır ki, Ermənistanın üzləşdiyi vəziyyət, siyasi iğtişaşlar, iqtisadi gerilik və regional amillər yalnız Paşinyan hakimiyyətinə deyil, ondan əvvəlki rəhbərlərə də birbaşa aiddir, sadəcə Paşinyan onların siyasətini "uğurla" davam etdirir.

İkinci Qarabağ müharibəsində düşmənin kapitulyasiyası, Ağdam, Kəlbəcər və Laçın rayonlarını hərbi əməliyyatlarsız geri qaytarması Ermənistanın daxilində siyasi və sosial əks-səda doğurdu və bu, müzakirələr mövzusu olaraq davam edir. Buna görə müxalifət Paşinyanın qərar qəbul etmək və danışıqlar aparmaq bacarığının Ermənistanın milli maraqlarını qorumaq üçün yetərli olmadığını bəyan edir. Radikallar iddia edirlər ki, Paşinyanın qarşıdurma yaratması və bölücü ritorikası mövcud fikir ayrılıqlarını daha da gücləndirib və vacib islahatların aparılmasına mane olur. Keçmiş prezidentlər Paşinyanı hakimiyyətdə əsas kadrları dəyişdirməklə demokratik prinsiplərə məhəl qoymamaqda ittiham edir, bunun ölkə daxilində sabitliyin pozulmasına, demokratik dəyərlərin aşınmasına səbəb olduğunu qeyd edirlər. 2008-2018-ci illərdə Ermənistanın üçüncü prezidenti olmuş Serjik Sarkisyan Paşinyanı səhv idarəçilikdə tənqid edir, onun hökumətini korrupsiya ilə mübarizə, vergi islahatları və biznesin inkişafı kimi struktur problemləri effektiv şəkildə həll etməməkdə günahlandırır, baş nazirin siyasi təcrübəsizliyini, institusional normalara məhəl qoymamasını vurğulayırlar. O iddia edir ki, Nikol yalançıdır. Bu günlərdə Paşinyanın müharibənin hallarının öyrənilməsi üzrə İstintaq Komissiyasının iclasında səsləndirdiyi bəyanatlar isə S.Sarkisyanı özündən çıxarıb. "Panorama.am" saytı xəbər verir ki, sabiq prezident N.Paşinyanı hədəf alan fikirlər səsləndirib. “Psixoloqlar deyirlər ki, yalançılar sonda öz yalanlarına inanmağa başladıqları nöqtəyə çatırlar. Ancaq bir ümidverici hal var – bunun yalanın son mərhələsi olduğunu da söyləyirlər. Ümid edirəm ki, bu son mərhələdəyik", - deyə sabiq Ermənistan prezidenti N.Paşinyanı hədəf alaraq onu durmadan yalan danışmaqda ittiham edib.

Bildirək ki, Paşinyan müharibə hallarının öyrənilməsi üzrə İstintaq Komissiyasının iclasında S.Sarkisyan hakimiyyətinə qarşı kəskin fikirlər səsləndirmiş, onu bir sıra cinayət əməllərinə yol verməkdə ittiham etmişdi. Həmçinin Ermənistanın üzləşdiyi problemlərdə və ölkənin hazırkı vəziyyətə düşməsində də məhz Sarkisyan və Koçaryanın məsuliyyət daşıdıqlarını vurğulamışdır. Çünki Koçaryanın prezident olduğu dövrdə Ermənistan sistemli problemlər və köklü korrupsiya ilə üzləşib və əvvəlki administrasiyanın bu məsələləri həll etməməsi ölkəyə qalıcı təsir göstərib. Baş nazir ona miras qalmış problemlərin birbaşa Koçaryan administrasiyasının siyasətinin və idarəçiliyinin nəticəsi olduğunu bildirir. Paşinyan əvvəlki, o cümlədən Sarkisyan administrasiyasını korrupsiya hallarını formalaşdırmaqda günahlandırır və iddia edir ki, onun hökumətinin korrupsiya ilə mübarizə səyləri əvvəlki administrasiyaların yaratdığı dərin köklü problemlərin həlli üçün zəruri addımlardır.

Sevinc Azadi, “İki sahil”