Hər birimizə məlumdur ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulub. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazanmış, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilib.
Məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə “soyuq müharibə” başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Digər tərəfdən, 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 12 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu.
Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir.Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur.2018-ci ilin 5 aprel tarixində Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilmişdir. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki,qısa müddət ərzində üzv olmasına baxmayaraq,üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib.
Qoşulmama Hərəkatına sədrliyimiz dövründə 44 günlük Vətən müharibəsinin gedişatında və daha sonra BMT Təhlükəsizlik Şurasında Fransa və Ermənistanın birgə təşəbbüsü ilə Azərbaycana qarşı bir çox qətnamələrin qəbul edilməsi planlaşdırılırdı: “Azərbaycan bu proseslərin qarşısını aldı, Qoşulmama Hərəkatına üzv olan dövlətlər ölkəmizin haqq səsini dəstəklədilər, Fransanın bu qətnaməni qəbul etdirməsinə qarşı çıxdılar. Bu baxımdan da Azərbaycan həmişə bizə dəstək olan dövlətlərə təşəkkür edir. Prezident İlham Əliyev öz çıxışında Qoşulmama Hərəkatına üzv olan dövlətlərə və onları təmsil edən nazirlərə təşəkkürünü çatdırdı və Azərbaycanın həmişə haqqın yanında olduğunu bildirdi. Dövlət başçısı Azərbaycan Hərəkata üzv olan dövlətlərin maraqlarını qorumaqla yanaşı, bu dövlətlərin ədalətli addım ataraq ölkəmizin haqq savaşını dəstəkləməsini bir daha vurğuladı.”
Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırdı. Məhz genişmiqyaslı uğurlu beynəlxalq fəaliyyəti sayəsində ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkat tərəfindən dəstəkləndi. Nəticə olaraq Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsi geri götürüldü. Həmçinin sonrakı illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb. Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirir.
Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürməsi, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən olması, “peyvənd millətçiliyinə” qarşı çıxması, üzv dövlətlər üçün aktual mövzularının həlli istiqamətində apardığı siyasət sözsüz ki, Azərbaycan dövlətinin nüfuzunun daha da yüksəlməsində mühüm rol oynamaqdadır.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı