İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü ölkəmizin beynəlxalq nüfuzuna bir daha işıq saldı. Günümüzün reallığı budur ki, region və dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir, ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını atdıqları addımları ilə təsdiqləyirlər. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi artan nüfuzunda əhəmiyyətli rol oynayır. Məlumdur ki, Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu. Belə ki, 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının liderlər səviyyəsində onlayn sammiti 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə nəticələndi. Bundan əlavə, Qoşulmama Hərəkatının bəzi zəngin ölkələr tərəfindən yürüdülən “peyvənd millətçiliyi”nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət edir.
Ümumiyyətlə, Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır. Azərbaycan Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə töhfələr verib, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm addımlar atıb. Hərəkat üzvlərinin Azərbaycanın sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı isə Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Azərbaycan isə öz növbəsində QH ölkələrinin bu etimadını yüksək qiymətləndirir və təşkilata sədrliyi uğurla davam edir.Qoşulmama Hərəkatına üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi təşkilatın sənədlərində dəstəklənib. Cənab İlham Əliyev Azərbaycanın sədrliyi dövründə görülən işlərin xronologiyasına diqqəti yönəldərək bu mühüm məqamı qeyd etdi ki, sədrliyimiz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində tarixi Qələbəmiz oldu. 2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
44 günlük Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatı üzvlərinin güclü siyasi həmrəyliyi və dəstəyi hiss edilib. Belə ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, Təhlükəsizlik Şurasının üzvü olan ölkələr Azərbaycana dəstək vermək məqsədilə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirmişdilər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.
Tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Cənab İlham Əliyev tədbirdəki çıxışında bildirdi ki, ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir: “Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir.” Dövlət başçısı çıxışında bərpa-quruculuq işlərinə mane olan mina problemindən də bəhs etdi. Bildirdi ki, Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı. Cənab İlham Əliyevin tədbirdəki çıxışı dünyanı narahat edən məsələlərin müzakirəsi və çıxış yollarının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi. Dövlət başçısı vurğuladı ki, yeni reallıqlar dünya düzəninin yenidən formalaşdırılmasını bir tələbə çevirir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Bu çıxış cənab İlham Əliyevə bəslənən rəğbət, ölkəmizin düzgün mövqeyi, bir sıra ölkə əhəmiyyətli məsələlərə dair fikirlərin ifadəsi baxımından kifayət qədər vacib və əhəmiyyətli oldu. Azərbaycan bir daha təsdiqlədi ki, Qoşulmama Hərəkatının Sədri olaraq ali məqsədlərə xidmət etməklə ədaləti və beynəlxalq hüququ müdafiə edir.
Reallıq budur ki, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri