07 iyul 2023 23:40
686

Azərbaycanın növbəti beynəlxalq uğuru

2023-cü il iyulun 6-da  Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 12 may 2023-cü il tarixində Məhkəməyə təqdim etdiyi və 23 aprel 2023-cü il tarixində Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının “qanunsuz” olduğuna dair vəsatətini yekdilliklə rədd edib

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan tarixi Qələbə qazandı. 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu, Qarabağ Azərbaycana qaytarıldı. Tarixi ədalət bərpa olundu, respublikamızın ərazi bütövlüyü təmin edildi. Ali Baş Komandan İlham Əliyevin hərtərəfli düşünülmüş daxili və xarici siyasəti, hərbi-siyasi strategi­yası, ordumuzun şücaəti və yüksək peşəkarlığı, xalqımızın milli həmrəyliyi və birliyi sayəsində silahlı qüvvələri darmadağın olan işğalçı ölkə diz çökdü və kapitulyasi­ya aktına imza atdı.

Postmüharibə dövründə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirir, üçtərəfli bəyanatların icrası istiqamətində ciddi addımlar atır, regionda davamlı sülhün və sabitliyin təmin olunmasına səy göstərir. Torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən, öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarmayan, ölkəmizin sülh prosesi təkliflərinə uzun müddət laqeyd yanaşan Ermənistan isə birgə bəyanatların müddəalarını pozaraq bir sıra əsassız iddiaları ilə sülhün təmin olunmasına əngəllər törədir. Təcavüzkar ölkənin Azərbaycanın öz sərhədlərinə nəzarət etmək məqsədi ilə Laçın-Xankəndi yolunda yaratdığı sərhəd-keçid məntəqəsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti deyilənlərin əyani sübutudur.

Əvvəla, onu deyək ki, Laçında bu məntəqənin yaradılması Azərbaycanın tam suveren hüququdur. İkincisi, məntəqənin yaradılması qanuni olduğu qədər zəruri idi. Sərhəd-keçid məntəqəsi yaradılandan bəri etnik erməniəsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəliklərinin tələb etdiyi kimi, heç bir ayrı-seçkilik olmadan məntəqədən keçirlər.

Gizli deyil ki, separatçılar uzun müddət Laçın-Xankəndi yolundan hərbi məqsədlər üçün istifadə edir, bu yol vasitəsilə Xankəndiyə canlı qüvvə, silah-sursat, mina daşıyırdılar. Azərbaycan baş verənlərlə bağlı dəfələrlə həm Ermənistana, həm də beynəlxalq təşkilatlarla öz narahatlığını ifadə etmiş, bu cür halların yolverilməz olduğunu bildirsə də müsbət nəticə əldə edilməmişdi.

Təbii ki, Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinin götürülməsi ilə bağlı tələbi əsassızdır. Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ilə bağlı rəsmi İrəvanın vəsatətini yekdilliklə rədd etməsi bunu bir daha sübut etdi. Belə ki, 2023-cü il iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 12 may 2023-cü il tarixində Məhkəməyə təqdim etdiyi və 23 aprel 2023-cü il tarixində Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının “qanunsuz” olduğuna dair vəsatətini yekdilliklə rədd edib.

 2023-cü il mayın 25-də Azərbaycan tərəfi Məhkəməyə Ermənistan tərəfindən bu müddət ərzində Laçın yolunun qanunsuz istifadə edilməsini sübut edən dəlilləri təqdim etmiş, xüsusilə bu müddət ərzində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə öz hərbçilərinin göndərilməsi, yeni istehsal edilmiş minaların gətirilməsi və bu ərazilərdə basdırılması, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və Ermənistana daşınması, üçüncü dövlətlərin vətəndaşlarının Azərbaycana qanunsuz gəlməsinə şərait yaradılması məqsədilə sui-istifadə hallarına dair çoxsaylı sübutlar təqdim etmişdir.

 2023-cü il iyunun 15-də Ermənistan Məhkəməyə bir daha müraciət edərək Azərbaycan tərəfindən Laçın yolunun tam bağlanması barədə məlumat verərək, Məhkəmədən məsələyə təcili olaraq müdaxilə edilməsini bir daha israrla tələb edib. Eyni zamanda Azərbaycan tərəfi Məhkəməyə Ermənistan silahlı qüvvələri tərəfindən sərhəd-buraxılış məntəqəsinin normal iş ahəngini və fəaliyyətini pozmaq üçün törətdiyi hərbi təxribat, bunun arxasında duran siyasi motivasiya və məqsəd, Ermənistanın Laçın yolunun yerli erməni sakinləri tərəfindən normal istifadəsinin qarşısının alınması üçün törətdiyi digər müxtəlif əngəllər barədə təfsilatı məlumat verib.

Birmənalı demək olar ki, Beynəlxalq Ədalət Məhkəməsi bu qərarı ilə Azərbaycanın Ermənistanla şərti dövlət sərhədlərində nəzarət buraxılış məntəqəsini qurmağa beynəlxalq hüquq əsasında suveren hüquqa malik olduğunu rəsmi tanıyıb. Eləcə də Azərbaycanın Laçın yolundan öz silahlı qüvvələrini çıxarmağa dair beynəlxalq hüquq əsasında hər hansı bir öhdəliyə malik olmadığını təsdiqləyib. Həmçinin Ermənistan tərəfindən cari ilin aprel ayından Azərbaycan tərəfindən öz suveren hüququna əsaslanaraq quraşdırılmış sırhəd buraxılış məntəqəsinin fəaliyyətinin Məhkəmənin 2023-cü il 22 fevral tarixli qərarını pozduğuna dair iddiasını əsassız hesab edib. Məhkəmə Azərbaycan tərəfinin məntəqə vasitəsilə Laçın yoluna tam nəzarəti həyata keçirməyə haqlı olduğu ilə razılaşıb.

Əslində bununla da Ermənistanıın 1988-ci ildə başlatdığı “Miatsyum” layihəsi beynəlxalq səviyyədə iflasa uğradı. Digər yandan, Beynəlxalq Məhkəmə Azərbaycanın suverenliyini və beynəlxalq hüququn aliliyini bir daha təsdiq etdi. Təbii ki, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Qərarını və digər  beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməkdədir.  Qətiyyətlə demək lazımdır ki, Azərbaycan Ermənistanın beynəlxalq hüququn davamlı şəkildə və tarixi ağır pozuntularına görə məsuliyyətə cəlb edilməsi istiqamətində  bundan sonra da bütün zəruri tədbirləri davam etdirəcək.

Zahid Rza, “İki sahil”