07 iyul 2023 21:50
559

Diasporumuz son 21 ildə

Azərbaycanda diaspor quruculuğu və dünya azərbaycanlılarının təşkilatlanması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider bütün dünyada yaşayan soydaşlarımıza öz milli mənsubiyyətlərini, mənəvi dəyərlərini qoruyub saxlamaq üçün azərbaycançılıq ideologiyası ətrafında birləşməyi təlqin edir, bu ideologiyanın milli həmrəyliyin aparıcı amilinə çevrilməsi  məqsədilə mühüm işlər görürdü.

2001-ci il may ayının 23-də Ümummilli Lider Heydər Əliyev  dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlıların birləşməsi, bir-biri ilə əlaqələrinin yaradılmasına xidmət edən Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi barədə müvafiq Sərəncam imzalamışdır. Həmin ilin noyabr ayında 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonağın iştirakı ilə Dünya Azərbaycanlılarının I Qurultayı baş tutmuşdur.

 Bu Qurultay milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Qurultayın keçirilməsindən az müddət sonra - 2002-ci il iyul ayının 5-də  Ulu Öndərin Azərbaycan diasporunun siyasi və ideoloji birliyinin təmin olunması, həmvətənlərimizin bir-biri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə imzaladığı "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində atılan əhəmiyyətli addım idi.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan diaspor quruculuğu son 21 ildə daha da inkişaf etdirilmiş, xarici ölkələrdə yaşayan azərbaycanlıların vahid amal ətrafında birləşməsi dövlət siyasətinin əsas istiqamətini təşkil etmişdir. Bu müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə hesablanmış mühüm işlər görülmüşdür. Diaspor quruculuğu sahəsində dövlət siyasətinin həyata keçirilməsi, ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlıların təşkilatlanması, həmçinin dostluq münasibətində olan digər xalqların nümayəndələri ilə əlaqələrin genişləndirilməsi üçün ölkə başçımızın 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.

 Diasporla İş üzrə Dövlət Komitəsi ötən illər ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirib, Dünya Azərbaycanlılarının Xartiyasını hazırlayıb. Dünya Azərbaycanlılarının II Qurultayı, Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin Forumu, Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı, Dünya Azərbaycanlılarının III Qurultayı, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantıları və digər dövlət və beynəlxalq əhəmiyyətli tədbirlərdə müxtəlif ölkələrin dövlət, hökumət nümayəndələri, parlament üzvləri iştirak ediblər.

Azərbaycan hökumətinin dəstəyi ilə keçirilmiş bu tədbirlər ölkəmizin beynəlxalq aləmdə təbliğinə mühüm töhfələr verib, dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlığın inkişafında önəmli rol oynayıb. Bu illər ərzində keçirilmiş tədbirlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədinə xidmət edib. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması prioritet məsələ olub. Bundan başqa, Azərbaycanın diaspor təşkilatları tərəfindən yeni kütləvi informasiya vasitələri təsis edilib, eyni zamanda, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən KİV-də Azərbaycanla bağlı məqalə və materialların işıqlandırılması istiqamətində tədbirlər həyata keçirilib.

2018-ci ildə Fuad Muradovun quruma rəhbər təyin olunmasından sonra onun fəaliyyətində xüsusi canlanma başlayıb. Komitənin inkişafında və daha səmərəli fəaliyyət göstərməsində böyük xidmətləri olan Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu Fond ötən illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib. Eyni zamanda, bu gün Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycan və Türkiyə diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Həmçinin Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədi ilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb. Məqsəd vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafına, qüvvələrin ümumi məqsəd naminə birləşdirilməsinə, xüsusən böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olmasına şərait yaratmaqdır. Bu plan həm COVID 19 pandemiyası, həm də Vətən müharibəsi dönəmində sistemli şəkildə həyata keçirilib.

Təşkilatlanma prosesində gənclərin fəallığının artırılması, milli kimliyin qorunub saxlanılması və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Diaspor Gəncləri Şəbəkəsi formalaşdırılıb. Həmçinin 2020-ci ildə Nazirlər Kabineti tərəfindən «Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası» təsdiq olunub. Komitə ilə əlaqənin asanlaşdırılması məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilib və qurum «Elektron hökumət» portalına inteqrasiya olunub.

Dövlət Komitəsi tərəfindən 24/7 fəaliyyət göstərən qərargah yaradılıb, Azərbaycanlıların Koordinasiya şuraları və Azərbaycan evləri gücləndirilmiş rejimdə fəaliyyət göstəriblər. Hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası, 12 ölkədə fəaliyyət göstərən 18 Azərbaycan Evi fəaliyyət göstərir. Pandemiya dövründə təkcə Dövlət Komitəsinin qaynar xəttinə 18 minə yaxın zəng, Azərbaycan evlərinə, Koordinasiya Şuralarına ümumilikdə 51 ölkədən 9 minə yaxın müraciət daxil olub, 33 ölkə üzrə 6857 nəfər soydaşımıza maddi yardım edilib, sərhədlərin qapanması ilə əlaqədar azərbaycanların təxliyəsinə dəstək göstərilib. Eləcə də Ukraynada baş verən hadisələrlə əlaqədar təxliyə olunan soydaşlarımız Azərbaycan evlərinə üz tutmuşlar.

Azərbaycan Respublikasının Bi­rinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirir. Hazırda Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən “Qarabağ məktəbləri”ndə yüzlərlə azərbaycanlı uşaq təhsil alır. 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış “Azərbaycan dili” dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib. Azərbaycan diaspor təşkilatları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni edir və bundan sonra da bu istiqamətdə səylərini əsirgəməyəcək. Təkcə “Xocalıya ədalət!” beynəlxalq kampani­yası çərçivəsində, həmçinin 2020-ci ilin Tovuz hadisələri və Vətən müharibəsi zamanı Avropanın 30 ölkəsində on minlərlə soydaşımızın iştirak etdiyi 300-dən artıq aksiya keçirilib. Ümumilikdə, Azərbaycan həqiqətləri, xüsusilə də Xocalı soyqı­rımının 30-cu ildönümü ilə bağlı dün­yanın 40-a yaxın ölkəsində 150-dən artıq müxtəlif formatlı təbliğat və anım tədbirləri təşkil olunmuş, 100-ə yaxın məqalə çap edilmiş, 24 ölkədə 29 aksiya keçirilmişdir.

44 günlük Vətən müharibəsi dövründə diasporumuzun apardığı uğurlu fəaliyyət milli birliyimizin növbəti təntənəsinə çevrildi. Belə ki, xaricdə yaşayan soydaşlarımız milli maraqlar ətrafında sıx birləşərək erməni lobbisinə qarşı mühüm bir mübarizə ortaya qoydu. Həmin dövrdə dünyanın aparıcı dövlətlərində sivil mübarizə metodlarından istifadə etməklə Azərbaycan haqq səsini ucaldan soydaşlarımız erməni yalanlarının qarşısının alınmasında böyük rol oynadı. Müharibədən sonrakı dövrdə də istər maddi, istərsə də mənəvi dəstəyini əsirgəməyən xaricdə yaşayan azərbaycanlılar bir daha milli birliyimizin simvolu kimi çıxış etdilər. Müharibə dövründə nümayiş etdirilən milli birlik, həmrəylik diasporumuzun yeni fəaliyyət dövrü üçün proqram xarakteri daşıdı.

2022-ci ilin aprel ayında Ermənistan üzərində tarixi Qələbəmizdən sonra mədəniyyət paytaxtımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının V – Zəfər Qurultayı xalqımızın birlik və həmrəyliyinin daha bir nümunəsi oldu. Bu, Zəfərdən sonra keçirilən Dünya Azərbaycanlılarının ilk qurultayı idi. Dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı araya gətirən Qurultay həm də böyük rəmzi məna daşıyırdı. Dünya Azərbaycanlılarının V Qurultayında Prezident İlham Əliyev bəyan etdi ki, Zəfər Qurultayı dünyada yaşayan hər bir azərbaycanlı üçün qürurverici hadisədir. Dövlətimizin başçısı  qurultaydakı nitqi ilə Zəfərimizi 50 milyonluq Azərbaycan xalqının yenilməzlik rəmzi adlandırdı.

Göründüyü kimi, uzun illər davam edən məqsədyönlü, düşünülmüş  siyasətin nəticəsində bu gün azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas qayədir. Əminik ki, Dias­porla İş üzrə Dövlət Komitəsi xaricdə fəaliyyət göstərən diaspor qurumları və qəlbi daim Vətənlə döyünən soydaşla­rımız ilə əl-ələ verib, bundan sonra da böyük şövq və qətiyyətlə Azərbaycan həqiqətlərini bütün dünyaya yayacaqdır. 

Yaqut Ağaşahqızı, “İki sahil”