Tarixdə müstəmləkəçi dövlətlərin sayı çox olsa da Fransa qədər zorakılıqlara, soyqırımlara yol verən ikinci dövlət olmayıb. Milli devizi guya “Azadlıq, bərabərlik, qardaşlıq” olan Fransa hələ də müstəmləkələrini əlindən buraxmaq istəmir. Fransa bugünümüzədək davam edən müstəmləkəçilik dövründə işğal etdiyi əraziləri amansızcasına istismar edib. Bu ölkənin iqtisadiyyatının güclü olmasının əsas səbəblərindən biri məhz müstəmləkə ərazilərin istismar edilməsidir. Fransa bu gün də müstəmləkə ərazilərinin istismarını davam etdirir, oradakı milli azlıqların hüquqlarını tapdalayır. Eyni zamanda, başqa ölkələrin daxili işlərinə qarışır, Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni separatizmini qızışdırır, onların reinteqrasiyasına mane olur.
Fransanın müstəmləkəçilik siyasəti yürütməsi, buna rəğmən ölkəmizin daxili işlərinə qarışmağa çalışması dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-də Bakıda keçirilən nazirlər görüşündə əsas müzakirə mövzularından biri olub. Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Dövlətimizin başçısı bildirib ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır: “Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir”.
Cənab İlham Əliyev qeyd edib ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılmasının onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”.
Aydındır ki, Fransa müstəmləkəçi dövlət olmaqla yanaşı, həm də islamofob və türkofob dövlətdir. Daxildəki irqi ayrı-seçkilik isə onun müstəmləkəçi siyasətinin davamıdır.
Təbii ki, demokratik düşüncəli dünya xalqları, o cümlədən Azərbaycan dövləti və xalqı Fransanın yeritdiyi müstəmləkəçilik siyasətinə sərt münasibət bildiriblər. Belə ki,
Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində iyulun 6-da Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın yekunlarına dair bəyanat qəbul edilib. Bəyanatda ümumən müxtəlif dekolonizasiya hərəkatlarının bu Fransanın müstəmləkəsi altında olan xalqların gələcəyini, hətta uzunmüddətli perspektivdə sağ qalmalarını təhdid edən müstəmləkəçilik siyasətinin zərərli olduğu vurğulanıb. Sənəddəki konkret məqamlara gəlincə, ilk növbədə Qayanada sosial vəziyyətin xüsusilə pisləşdiyinin, əhalinin 50 faizindən çoxunun yoxsulluğun astanasında olduğu diqqətə çatdırıb. Bildirib ki, burada işsizlik 30 faizdir, təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin şəxsi mülkiyyətindədir.
Sənəddəki digər məqam Martinika və Qvadelupanın iki böyük fəlakətlə üz-üzə olduğunun diqqətə çatdırılmasıdır. Bunlar gizli məskunlaşma strategiyalarının bir hissəsi olan əvəzetmə yolu ilə soyqırımı və təbii ekosistemlərə, əhalinin sağlamlığına ciddi şəkildə təsir edən xərçəng xəstəliyinin rekord göstəriciləridir. Bəyanatda, həmçinin Yeni Kaledoniyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) 2021-ci ildəki 3-cü referenduma etiraz etdiyi diqqətə çatdırılıb və müstəmləkə altına salınmış Yeni Kaledoniya xalqının müstəqillik hüququ bir daha təsdiqlənib.
Sənəddəki daha bir məqam isə Polineziya ilə bağlıdır. Orada hazırda tamamilə dekolonizasiya perspektivinin aktual əhəmiyyət daşıdığı önə çəkilib. Habelə cənab Oskar Temarunun rəhbərlik etdiyi “Tavini huiraatira no te Ao Maohi” partiyasının Qoşulmama Hərəkatında müşahidəçi statusu almaq istəyi ifadəsini tapıb.
Afrika Mundus sferasının qeyri-hökumət diplomatik şəbəkəsi tərəfindən dəstəklənən, Bakıda olan antimüstəmləkəçi hərəkatlar həm Afrika əsilli insanlara, həm də yerli xalqlara təsir edən müstəmləkə cinayətlərinə görə kompensasiya tələb edirlər. Bu hərəkatlar dünya ölkələrini, eləcə də beynəlxalq təşkilatları, o cümlədən BMT-ni özlərinin fundamental hüquqlarına hörmətin təmin edilməsinə yönəlmiş addımları dəstəkləməyə çağırırlar ki, bu da sənədin məğzindəki başlıca amillərdəndir.
Ən vacib məqamlardan biri ondan ibarətdir ki dəyirmi masaya qatılmış antimüstəmləkəçi hərəkatlar xalqlar arasında qlobal əməkdaşlığa, onların bərabərliyinə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq münasibətlərə yeni yanaşma formalaşdırmaq məqsədilə, xalqlarının tam azad edilməsinədək, müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirməyi və gücləndirməyi öhdələrinə götürdülər. Ən əsası isə tərəflər Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəldilər və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirdilər.
Əlamətdar haldır ki, irəli sürülən bütün təşəbbüslər beynəlxalq hüquqa əsaslanmaqla, bəşəri dəyərlərin qorunmasını hədəf seçib. Bu, dünya xalqlarının xoşbəxt və firavan gələcəyinin təminatına son dərəcə etibarlı töhfədir.
Nigar Orucova, “İki sahil”