Və yaxud Fransanın gizlətməyə çalışdığı gerçək tarixi
Bu gün Fransanın həm bilinən, həm də bilinməyən, israrla gizlədilən gerçək tarixi var. Lakin bütün cəhdlərə baxmayaraq dünyanın üç qitəsində, xüsusilə “Qara Qitə"nin 20-dən çox ölkəsində müstəmləkə hakimiyyəti quran Fransanın sözün gerçək mənasında “Afrika qəssabı” rolunu oynadığı bütün dünyaya gün kimi aydındır. Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Əlcəzair xalqı Fransanın hakimiyyəti altındakı 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və bu müddət ərzində 5,5 milyon əlcəzairli etnik təmizlənməyə məruz qalmışdır. Dövrün “La Croix” jurnalının müxbiri Jacques Duquesne yazırdı: “İşgəncələr, insanların yoxa çıxması əsas problem idi. Kişilər, bəzən də qadınlar həbs olunur, daha sonra onlardan heç bir xəbər olmurdu. Cəsədlər daş bağlanaraq dənizə atılırdı. Dənizə atılan belə cəsədlərin sayı 5 minə yaxın idi. Fransız əsgərlərin təzyiq və sındırma üsullarına namusa təcavüz və kəndləri tamamilə məhv etmək kimi əməlləri də daxil idi. Digər işgəncə üsulları isə insanı yox etmək məqsədi daşıyırdı. Qurbanın ya xortumla ağzının içinə su vurulur, ya dırnaqları çıxarılır, ya başı su dolu çəlləyə salınır, ya da ayaqları çətinliklə yerə dəyəcək şəkildə saatlarla biləklərindən asılı vəziyyətdə saxlanılırdı. Bu hələ işgəncə üsullarından bəziləridir. Bütün bunları yazmaq asan deyil. Mən bildiklərimin yalnız çox az qismini söylədim”.

Bu, Fransanın gerçək tarixidir, lakin bu qanlı tarix təkcə Əlcəzairlə bitmir. Yuxarıda deyildiyi kimi, Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalini ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi insani yaşamaq haqqı verməmişdir. 1859-cu ildə Fransa ordusu Cibutinin Ubuk şəhərini ələ keçirir. Üç il davam edən işğalın sonunda – 1862-ci ildə Tecura sultanı Əhməd Əbu Bəkir Ubuk şəhərini 52 min frans müqavilində Fransaya təhvil verməyə məcbur edildi. Bu, başlanğıc idi və sonra illərdə bütün qəbilə başçıları fransız müstəmləkəsini qəbul etməyə məcbur edildi. Daha sonra müsəlma əhalinin zorla xristianlaşdırılması həyata keçirildi, imtina edilənlər sorğusuz-sualsız məhv edilirdi.
Fransa müstəmləkə qurduğu Afrikada yerli əhalinin dinini dəyişdirmək siyasəti həyata keçirirdi. Müsəlmanlar buna etiraz etdiyi üçün məhv edilirdi. 1917-ci ildə Fransanın bu siyasətinə qarşı böyük qiyam başlandı, lakin nəticə əldə edə bilmədilər. Fransa ordusu dəhşətli üsullarla qiyamı yatırdılar. Çadda baş verənlər də Fransanın qaranlıq tarixinin gerçək üzüdür. 1911-ci ildə Çadı işğal edən Fransa yerli əhalini dinini dəyişdirməyə məcbur edirdi. Məcsidləri, mədrəsələri dağıdır, etiraz edənlər yerindəcə güllələnir, namaz qılanlar məhv edilir, İslama aid hər şey məhv edilirdi. İslam alimləri Fransa zülmündən xilas olmağın yollarını müzakirə etmək üçün Əbəsə şəhərində tədbir təşkil edirlər. 400 elm adamının iştirak etdiyi tədbir qətliam yuvasına çevrilir. Fransa ordusu salona daxil olaraq, 400 iştirakçının hamısını güllələyir.
Fransanın Afrikadakı müstəmləkə siyasətinin əsas istiqamətlərindən biri də insan alveri idi. 1939-cu ildə Qabon torpaqlarını portuqaliyalılardan satın alan Fransa Atlantik okeanın sahillərində qul bazarı yaratdılar: yerli əhalinin boğazına zəncir vurulur və bazarda satışa çıxarılırdı. Eyni qətliamlar Kamor adalarında da davam etdirildi. Müsəlman əhalinin dini məcburi dəyişdirilir, İslama aid bütün izlər məhv edilirdi.
1881-ci ildə Fransa Tunisi işğal etmişdir. Fransızlar burada müqavimət göstərənlərə qarşı amansız terror həyata keçirmişlər. Onlar öz missionerlərini Tunis mənşəli xalqın nümayəndəsi adından təqdim edir və dəstəkləyirdilər. Burgiba adlı birisi uzun illər Tunisdə Fransanın ssenarisini həyata keçirmişdir. Fransızların təşkil etdikləri hərbi mərkəzlər zülm, işgəncə, soyqırımı düşərgələri idi. Bu gün Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır. 1872-1954-cü illərdə Vyetnamda qətlə yetirilən 500 mindən çox insanın qatili də Fransadır. Məlumdur ki, Fransız müstəmləkəçilər öz hakimiyyətlərini qorumaq məqsədilə "parçala və hökm sür" siyasətini həyata keçirirdilər. Bununla yanaşı, ədalət mühakiməsi sistemi tam olaraq fransızların maraqlarına xidmət edir, onların iştirakı ilə baş verən istənilən cinayətlər, o cümlədən yerli sakinlərin öldürülməsi barədə işlər üzrə qərarlar hər zaman fransızların xeyrinə verilirdi. Bununla yanaşı, on minlərlə vyetnamlı "qan vergisi" ödəyicisi olaraq Fransanın dünyanın müxtəlif yerlərində apardığı müharibələrə məcburi olaraq əsgər qismində cəlb olunurdu, buna etiraz edənlərin ailələrinə qarşı isə vəhşiliklər törədilirdi. Vyetnam xalqının "maarifləndirilməsi" prosesində fransızlar həbsxanalardan və qilyatinadan geniş istifadə edirdilər. Bu gün muzey kimi istifadə edilən Hanoy həbsxanasında nümayiş etdirilən fiqurlar müstəmləkə dövründə fransızlar tərəfindən vyetnamlılara qarşı tətbiq edilən işgəncələri nümayış etdirir.
Vyetnamın təbii ehtiyatlarının fransız müstəmləkəçiləri tərəfindən talan olunması ölkə iqtisadiyyatının ağır duruma düşməsinə, əhali arasında aclığın və xəstəliklərin geniş yayılmasına gətirib çıxarmışdı. Ən yaxşı əkinçilik əraziləri müstəmləkəçilərin və onların tərəfdaşlarının əlində cəmləşmişdi və kəndlilərin əksəriyyəti aclığa məruz qalmışdı. İkinci Dünya müharibəsi zamanı taxıl anbarlarının düyü ilə dolu olmasına baxmayaraq, təxminən 2 milyon vyetnamlı aclıqdan ölüb. Bütün bunlara dözə bilməyən Vyetnam xalqı 1945-ci ildə fransız müstəmləkəçilərinə qarşı mübarizəyə qalxdı. Bu müharibə dövründə öncədən nümayiş etdirilən fransız amansızlığı daha da şiddətli hal almışdı. Buna baxmayaraq, Vyetnam xalqı 1954-cü ildə Dien Bien Fudakı qələbə ilə fransız müstəmləkəçiliyinə son qoydu.
Ruanda soyqırımı: Mətbuatdan və yaxın tarixin sənədlərindən tez-tez qabağımıza çıxan bu soyqırımın da baş memarı məhz Fransadır. Huti və tutsilər arasında davam edən münaqişə ölkədə vətəndaş müharibəsinə səbəb olmuşdu. Fransanın dəstəklədiyi huti hakimiyyəti 1994-cü ilin 6 aprelindən 19 iyuluna qədər tutsiləri məhv etdi: bir milyona yaxın insan öldü, ölənlərin 70 faizi tutsilər idi, ölkə əhalisinin 20 faizi cəmi üç ay ərzində məhv edilmişdi. Bu qətliamın arxasında Fransanın olduğuna dair kifayət qədər sənədlər var. Qətliamın başlanmasından bir neçə gün öncə Brundi dövlət başçısı huti və tutsi qəbilələri arasındakı etnik müharibənin arxasında Fransa olduğunu açıqlanmışdı. Bu qarşıdurmaya son qoymaq üçün vasitəçilik edən Brundi dövlət başçısının olduğu təyyarə 1994-cü ilin 6 aprelində vuruldu və elə həmin gün qətliam başlandı.
Budur Fransanın tarixi. Özünü "insan haqlarının və demokratiyanın vətəni" sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, böyük fransız inqilabının prinsiplərinə dəfələrlə xəyanət etmiş, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törətmişdir. Digər millətlərin başına ağlasığmaz zülmlər gətirmiş, böyük haqsızlıqlar etmiş, milyonlarla insanları qətlə yetirmiş və bir çoxlarına zülm etmiş Fransanın bu gün təcavüzkar Ermənistanın tərəfini tutması, əlləri uşaq və qadınların qanına bulaşmış Ermənistan siyasətçilərinin istənilən bəyanatlarını Fransa rəsmiləri tərəfindən sözbəsöz təkrarlamaları yuxarıda qeyd olunan tarixi hadisələr nəzərə alınmaqla təəccüb doğurmur.
Sevinc Azadi, “İki sahil”