08 iyul 2023 02:10
697

Özlərini yandıranlar və təhqir edənlər

İslama qarşı yönəlmiş addımlar, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş həqarət, təxribat və cinayətdir

Hazırda dünyada diqqəti çəkən məsələlərdən biri islamofobiyaya meyillərin geniş vüsət almasıdır. Hətta iş o yerə çatıb ki, Avropanın bəzi ölkələrində yaşayan müsəlmanlar demək olar ki,  mütəmadi olaraq təzyiqlərlə üzləşirlər. Neokolonializmi hələ də davam etdirən, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransada belə addımların atılması ənənəyə çevrilib.

Son illər bəzi Qərb ölkələrində “Qurani-Kərim”ə qarşı da amansız mübarizə güclənib. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılmasını və təhqir olunmasını buna misal göstərmək olar.  Qeyd edək ki, sonuncu dəfə Qurban bayramının ilk günündə yaşayış səviyyəsinə görə dünyanın öncüllərindən biri sayılan İsveçin paytaxtı Stokholmda “Qurani-Kərim” yandırılıb. (Yanvarın 21-də də Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası  zamanı “Qurani-Kərim” yandırılmışdı). Şübhəsiz, belə bir müqəddəs tarixdə  bir milyarddan çox müsəlmanın hisslərinə məhəl qoyulmamasına düşmənçilikdən, növbəti təxribatdan savayı başqa ad vermək mümkün deyil.

Nə qədər qəribə olsa da bu kimi hərəkətlərə ifadə, fikir azadlığı donu geyindirməklə bu vandallıq aktına bəraət qazandırmağa çalışanlar da vardır. Yeri gəlmişkən, qeyd edək ki, dünyanın bir sıra aparıcı dövlətlərinin, o cümlədən Türkiyənin, Rusiyanın, Mərakeşin, Küveytin liderləri bu vandallığa, həmçinin don geyindirənlərə münasibət bildiriblər. Məsələn, Türkiyə  Prezidenti Rəcəb Tay­yib Ərdoğan bildirib ki, söz azadlığı pərdəsi altında buna yol verən və bu alçaqlığa göz yumanlar  öz məqsədlərinə çata bilməyəcəklər: “Terror təşkilatları və islamofobiya ilə qətiyyətlə mübarizə apararaq, reaksiyamızı ən sərt şəkildə göstərəcəyik”. O, həmçinin qeyd edib ki, “Qurani-Kərim”ə edilən hücumu İsveçdə baş vermiş sadə bir hadisə kimi qiymətləndirə bilmərik.

Bu məsələ iyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə də bir daha gündəmə gətirilib.  Azərbaycan Prezidenti İlham Əliyev həmin tədbirdəki çıxışında bildirib ki, Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır, bu, pislənilməlidir. Dövlətimizin başçşısı, həmçinin geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, eyni zamanda İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığını da  ifadə edib.

 Tədbirdə çıxış edən Sudanın xarici işlər naziri Əli Əl-Sadiq Əli, Suriyanın xarici işlər naziri Feysəl Mekdad, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi, Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi və digərləri də dövlət başçımızı dəstəkləyiblər. Onlar bütün dünya ictimaiyyətini bu mənəviyyatsız addıma qarşı vahid, ciddi qınaq mövqeyindən çıxış etməyə, təxribatçıların öz mənfur niyyətlərinə çatmalarının qarşısını birgə səylərlə almağa çağırıblar. Yeri gəlmişkən, Mərakeş hökuməti Quranın yandırılmasına etiraz olaraq öz səfirini Stokholmdan geri çağırmaq qərarına gəlib. Digər ölkələrin də buna  oxşar addımlar atacağı istisna edilmir.

Şübhəsiz, Avropada Qurana qarşı atılan bu addımlar yalnız İslama və müsəlmanlara qarşı düşmənçiliyin, nifrətin təzahürü deyil. Belə ki, Məhəmməd peyğəmbərin (s.ə.s.) təbliğ etdiyi İslam sonuncu din olub digər peyğəmbərlərin ilahi missiyalarını da özündə birləşdirir. Üstəlik, “Qurani-Kərim”də  İslam dinindən başqa, digər dinlərə mənsub olan müqəddəslərin (İsa Peyğəmbər, Həzrəti Məryəm və s.) adları da sayğı ilə çəkilir. Bu isə o deməkdir ki, bu gün islamafobiyanı özünün təbliğat mexanizminə çevirən bəzi dövlətlərin, həmçinin bəzi siyasətçilərin İslam dinindən xəbərləri yoxdur. Bu mənada belə addımlar atanlar həm də özlərini yandırmış, təhqir etmiş olurlar.

Zənnimizcə, dünya katoliklərinin dini rəhbəri – Roma Papası Fransiskin Stokholmda səmavi kitabın - Quranın yandı­rılmasından hiddətlənməsini, belə hərəkətlərə nifrət etdiyini bildirməsi də elə bu məntiqin nəticəsidir. Buradan belə qənaətə gəlmək olar ki, İslama qarşı yönəlmiş addımlar bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş həqarət, təxribat və cinayətdir. Bu kimi cinayətləri dəstəkləyən ölkələr imiclərinə,  siyasətçilər  isə  öz nüfuzlarına xələl gətirirlər.

Qvami Məhəbbətoğlu, “İki sahil”