08 iyul 2023 01:38
717

Dələduz sədr harada qırıla, qırıla deyir...

Görəsən Əli Kərimlinin növbəti xəyanəti sırada neçəncidir?

Qartımış radikal və dağıdıcı müxalifətin sonu yaxınlaşır. Ölkəmizdə bir çox siyasi partiyalar İkinci Qarabağ müharibəsindəki möhtəşəm Qələbədən sonra daha mövcud olmalarına hacət görmədikləri üçün özlərini buraxmağa başladılar. 2020-ci ilin noyabrında  Ermənistan və havadarları tərəfindən Azərbaycanın zorla cəlb edildiyi çətin problemin həllindən sonra siyasi partiyaların bu qərarları tamamilə düzgün oldu. Ancaq təəssüf ki, istefa mədəniyyətinə malik olmayan bəzi radikal qurumlar başda  Əli Kərimlinin AXCP-si olmaqla mənasız inadkarlıqlarını davam etdirməkdədirlər. Sadəcə inadkarlıq olsa dərd yarı olardı. Bu, Vətənə xəyanət etməyin inadkarlığıdır. Ona görə də əvvəldən qəbul edilməyib və indi də edilmir.

Siyasətin əlifbasından azacıq xəbəri olanlar bilirlər ki, uzun illər uğur qazana bilməyən, bütün seçkilərdə məğlub olan və heç bir inkişaf strategiyası işləməyi bacarmayan, ən başlıcası xalqın dəstəyini almayan siyasi partiyalar siyasi səhnədən könüllü olaraq gedirlər. Faktdır ki, xalqımız kimin kim olduğunu yaxşı bildiyi üçün istər prezident, istər Milli Məclis, istərsə də bələdiyyə seçkilərində Əli Kərimli kimi siyasət dəllalarının dərsini verərək “xub, sən get fikirləş” deyərək seçki bülletenində adlarını qaralayıb.  Ar-abırdan uzaq olan bu adamlar isə əvəzində “səni sevəcəyəm, sən sevməsən də” deyib durublar. Amma adı daim dövlətimizə və xalqımıza xəyanətdə hallanan Əli Kərimli adı olub, özü olmayan AXCP sədrliyindən ikiəlli yapışaraq sırtıqcasına ondan qopmaq istəmir.

Bəs, Kərimlinin məqsədi və niyyəti nədir? Suala cavab tapmaq üçün baş sındırmaq lazım gəlmir. Çünki AXCP-ni məkrli planları ilə  ikiyə bölən Əli Kərimlinin məqsədi radikal müxalifət adlanan əllamə qurumun başında durmaq və qulluq etdiyi xarici bədxahlarımızın cibinə girməkdir. Deyək ki, insafən bu işi çox yaxşı bacarır. Siyasi Donjuanlıq sanki lap bunun boyuna biçilib. Ona görə də varlı-karlı iş adamlarından heç də kəm yaşamayan dələduz sədr böyük var-dövlət sahibidir. Okeanın o tayından-bu tayından göndərilən qrantları partiya üzvlərindən gizlədib çırpışdırmaqla əməlli-başlı varlanaraq “xozeyin” həyatı sürür. Buna baxmayaraq həyasızlıqla başqalarını pulgirlikdə günahlandırır. Yəni, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Nə isə, mətləbə qayıdaq və  Əli Kərimlinin xəyanətlərindən yalnız biri haqqında danışaq.

Xatırladaq ki, Müzəffər Ordumuz  İkinci Qarabağ müharibəsində qələbə çalandan sonra Azərbaycan xalqı bayram etdiyi halda Əli Kərimli dostu Cəmil Həsənli və başqaları ilə yasa batdılar. Deyilənə görə, “qardaşağası” Cəmil Həsənli bir neçə əsəb dərmanı içib özünə gələn kimi “Hər şey qurtardı, biz batdıq, daha hakimiyyəti götürə bilmərik” deyib. Əli Kərimli isə həmişəkindən fərqli olaraq ermənipərəst fəaliyyətini daha da artırıb. Torpaqlarını otuz illik işğaldan azad etmiş Azərbaycanın Qələbəsini gözdən salmağa, dolayısı ilə təcavüzkara haqq qazandırmağa başlayıb. Bunun adı nədir? Xalq   düşməni daha necə olur ki? Kərimli çoxdan bunun fərqində deyil.

Bu gün Əli Kərimli “Millət necə tarac olur-olsun, nə işim var,

Düşmənlərə möhtac olur-olsun, nə işim var” misralarını təkrar edə-edə xəyanətlərini davam etdirməkdədir. Harada qırıla, qırıla...

Vəli İlyasov, “İki sahil”