Qədim mənbələr, xəritələr və sənədlər sübut edir ki, Qərbi Azərbaycan qədim diyarımızdır, şəhərlərin, kəndlərin adları yerli mənşəlidir
Bu gün Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparır. Odur ki, bu istiqamətdə hüquqi müstəvidə bütün lazımi tədbirlər görülür.

Tarixi sənədlər və xəritələr sübut edir ki, Qərbi Azərbaycan qədim diyarımızdır, şəhərlərin, kəndlərin adları yerli mənşəlidir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi dağıdaraq yerlə-yeksan ediblər. Bədnam qonşularımız azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Dünya tarixçiləri də yaxşı bilir ki, indiki Ermənistan ərazisində tarixən Azərbaycan xalqı yaşayıb. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq, tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərib. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında xalqımız öz doğma torpaqlarından məhrum edilib.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurucularının fəaliyyəti və uğurları danılmazdır. AXC cəmi 23 ay yaşamasına baxmayaraq, həqiqətən də dünya miqyasında, müsəlman aləmində ilk respublika idi. 1918-ci ildə yaradılmış AXC özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlayıb. Bu, bağışlanmaz bir addım, xəyanət və cinayət idi. 1920-ci ildə Sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri Sovet hökumətində mühüm vəzifələr tuturdular. Bu, digər tərəfdən, ölkəmizi Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qaldı. Bu da məhz Sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə xalqımıza qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik, vicdansızlıq idi.
1980-ci illərin sonlarında Sovet hakimiyyəti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindəki vəzifələrindən uzaqlaşdırılmasından istifadə edən həm erməni millətçiləri, həm də onların Sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm də Ermənistanda xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi. Bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarılaraq qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı.
İki il yarım bundan əvvəl Prezident, Ali Baş Komdandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi missiyasını şərəflə yerinə yetirərək ədaləti bərpa etdi, düşmənləri torpaqlarımızdan qovdu, ərazi bütövlüyümüz bərpa edildi. Bu gün Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngzuru yenidən qurur, yaradır, dağıntıları aradan qaldırır. Dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır.

Qarabağ və Şərqi Zəngəzurdakı erməni vəhşiliklərini faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. İki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda yenə də ikili standartların təzahürlərini görürük. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, XX əsrdə xalqımız hansı vəhşiliklərə məruz qalıb.
Hazırda işğalçı Ermənistanda revanşist qüvvələr baş qaldırır. Çünki işğalçı ölkədə cəmiyyətin şüuru zəhərlənib, Azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan qalmayıb. Ona görə ermənilər revanş fikri ilə yaşayırlar. Yenə də ümid edirlər ki, kimsə gəlib ermənilərin əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər.
Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir. Əldə edilən hərbi və siyasi uğurlarımız da gələcək üçün böyük zəmin yaradır. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər keçmiş qaçqın və məcburi köçkünlərin doğma torpaqlarımıza qayıdışını reallaşdırdı. Bu Zəfər ölkəmizin təhlükəsizliyini və Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz.
Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməli və öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bunu sülh yolu ilə etmək istəyirik.
Cavid Əkbərov, “İki sahil”